
Bakı məktəbləri üçün “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Platforma ilkin mərhələdə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Məlumat üçün qeyd edək ki, sözügedən platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər yaradılıb. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edirlər.
“Mart ayının sonunadək MLK-nın rəqəmsal platformaya keçidi tam başa çatacaq”
“Azərbaycan müəlimi” özünü “Rəqəmsal məktəb” platformasına keçidə hazır hesab edən məktəblərdən birində - Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksində prosesin gedişi ilə maraqlanıb. 4 minə yaxın şagirdi olan təhsil müəssisəsinin direktoru Esmira Quliyeva qəzetimizə açıqlamasında bildirib ki, artıq şagird və müəllimlərin 80 faizindən çoxu platformada qeydiyyatdan keçib: “Mart ayının sonunadək MLK-nın rəqəmsal platformaya keçidi tam başa çatacaq”.

Məktəb-Lisey Kompleks üçün elektronlaşma müasir dövrün çağırışıdır və qaçılmaz bir prosesdir. Direktorun sözlərinə görə, onlar üçün bu proses pandemiya dövründən başlayıb: ““Microsoft Teams” proqramından istifadə edərək “Virtual məktəb” platformasına daxil olduq və hələ də bu platformada fəaliyyətimizi davam etdiririk. Həmin vaxtdan etibarən qiymətləndirməni rəqəmsallaşdırmışıq. Artıq 2 ildir bütün məktəbdaxili qiymətləndirmələr, kiçik və böyük summativ qiymətləndirmələr “Teams” platforması vasitəsilə elektron qaydada həyata keçirilir. Maarifləndirici söhbətlərdən tutmuş növbədənkənar Pedaqoji şuralarımıza qədər tədbirlərimizin çoxunu elektron platformada həyata keçiririk”.
Elektronlaşmanın verdiyi bütün imkanlardan yararlandıqlarını deyən direktorun sözlərinə görə, ötən tədris ilindən məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub, növbəti tədris ilindən isə STEAM layihəsinin tətbiqinə başlayacaqlar: “II-VIII siniflərdə “Rəqəmsal bacarıqlar” layihəsinin verdiyi bir sıra üstünlüklər var ki, bu imkanlar STEAM-ın tətbiqi ilə daha da artacaq.
Riyaziyyatın, alman və ingilis dillərinin yuxarı siniflərdə tədrisində 3 elektron platforma tətbiq olunur. Qrant müsabiqəsi çərçivəsində şagirdlər milyonlarla istifadəçisi olan “Duolingo” və “Rosetta Stone” proqramlarından istifadə edirlər”.
“Elektronlaşma istiqamətində əldə etdiyimiz vərdişlər platformada işimizi daha da asanlaşdıracaq”
Məktəb-Lisey Kompleksin VIII sinif şagirdi Banu Hüseynli artıq qeydiyyatdan keçib, özünə kabinet yaradıb: “Biz onsuz da elektron xidmətlərdən geniş istifadə edirik. 2 ildir məktəbimiz elektronlaşıb. Müəllimlərimiz elektron jurnaldan istifadə edir. İmtahanlarımızı elektron qaydada veririk. Bilmədiyimiz sualların cavablarını elektron resurslarda axtarıb tapırıq, müəllimlərimizin verdiyi mövzuları araşdırırıq. “Rəqəmsal platforma” bu imkanları artıracaq. Amma bizim də indiyədək elektronlaşma istiqamətində əldə etdiyimiz vərdişlər platformada işimizi daha da asanlaşdıracaq, fəaliyyətimizi genişləndirəcək”.
Murad Əliyev isə IX sinifdə oxuyur. Onun da rəqəmsal platformada qeydiyyatda hər hansı çətinliyi olmayıb: “Texniki cəhətdən hər şey çox sadədir. Mən öz kabinetimi yaradıb qeydiyyatdan keçdim. Platformaya nəzər yetirdim. “Şagird” kabinetində şagirdlərə təhsil prosesində daha səmərəli iştirak etmək imkanı yaradılıb. Bu kabinetdə hər bir şagird üçün məlumat və resurslar olacaq. Hər günün dərsi, fənlər üzrə dərsliklər, hətta keçdiyimiz mövzulara aid videodərslər, mövzuların izahı, ev tapşırıqları və izahları, mövzuları daha yaxşı mənimsəməyimiz üçün interaktiv testlər və digər qiymətləndirmə vasitələri mövcud olacaq”.
"Övladımın məktəbdəki davranışı barədə bildirişləri izləyə biləcəyəm"
Murad deyib ki, yeni platforma valideynlər üçün də faydalıdır: “Valideynim də qeydiyyatdan keçib. Ümumiyyətlə, anam məktəbimizin yaratdığı elektron imkanlarından istifadə edir. Artıq 2 ildir həyata keçirilən elektronlaşma sayəsində hər kəs öz övladının məktəbdəki nailiyyətlərini izləyə bilər”.
MLK-nın direktoru E.Quliyevanın sözlərinə görə “Rəqəmsal məktəb” platformasında qeydiyyatdan keçən valideynlər şagirdlərdən çoxdur: “Valideyn övladının xatirinə tətbiqi yükləmək və qeydiyyatdan keçmək məcburiyyətindədir. Müşahidələrimiz göstərir ki, qeydiyyatdan keçən valideynlərin sayı artıq platformada olan şagirdlərimizdən çoxdur. Bildiyiniz kimi, elektron jurnalda valideyn tətbiqi var. Valideynlər elektron tətbiqlərdən istifadə edərək öz övladlarının hesabına daxil olaraq onların qiymətləndirmə nəticələrini görə bilir. Hətta övladlarının riyaziyyat və xarici dillər üzrə nəticələrini öyrənə bilməsi üçün valideynlərin məktəbimizin istifadə etdiyi tətbiqlərə girişi də təmin edilib”.
“Sosial balansı qoruyuruq. Valideynlər məktəb müzakirələrinə qatılırlar”, - deyən direktorun sözlərinə görə, elektron xidmətlərin artması valideyn-məktəb münasibətlərində asosiallaşma yaratmır.
Bu da sübutu. Artıq 2 ildir məktəbin elektron imkanlarından geniş istifadə etməsinə baxmayaraq, məktəbin VI sinif şagirdi Yusif Qədirovun anası Sevinc Qədirova ilə dərsdə rastlaşdıq. Anası Yusifin dərsini dinləməyə gəlib: “Mütəmadi məktəbə baş çəkir, imkan tapdıqca dərslərdə iştirak etməyə üstünlük verirəm. Bu gün Yusifin Azərbaycan dili, riyaziyyat, ədəbiyyat, təsviri incəsənət, təbiət dərsləri vardı. Bugünkü dərslərinin hamısında iştirak etdim”.
S.Qədirova deyir ki, məktəbin yaratdığı bütün elektron imkanlardan istifadə edir: “Təbii ki, övladımın qiymətlərini, nailiyyətlərini elektron qaydada görə bilirəm. Məktəbdə daha çox dərs prosesində onun özünü aparmasını, şagird yoldaşları ilə ünsiyyətini izləyirəm”.
Elektron jurnaldan övladının hər gününü izləyən ana elektron platformaların hamısından istifadə edir: “Formativ qiymətləndirmənin nəticələri, hətta ev tapşırıqları barədə elektron şəkildə məlumat alıram”.
Valideynin fikrincə, oğlunun internet resurslarından, sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edir: “Övladıma yanaşmam fərqlidir. Lazım olarsa, elektron resurslardan istifadəsinə şərait yaradır, lazım olanda bəzi platformalarda uşağımın fəaliyyətini məhdudlaşdırıram. Hər addımına nəzarət edir, hətta sosial şəbəkələrdən istifadəsinə belə dərs üçün icazə verirəm. Ev tapşırıqları, müəllimlərinin yönləndirdiyi təqdimatlar, esselər, elektron kitabxanalara girişləri üçün istifadəsinə nəinki məhdudiyyət qoyur, əksinə lazım olan bütün imkanları yaradıram. Təki, müəllimlərinin verdiyi tapşırıqları vaxtında yerinə yetirsin”.
Valideyn olaraq övladı ilə birlikdə öyrəndiyini deyən S.Qədirova vurğulayır ki, məktəbin yaratdığı mövcud imkanlar onu tamamilə qane edir: “Rəqəmsal məktəb”də “Valideyn” kabineti vasitəsilə valideynlər övladlarının təhsil prosesini yaxından izləyə bilir və onlarla bağlı məlumatlara asan çıxış imkanı əldə edirlər. Platforma vasitəsilə sinif rəhbərləri, fənn müəllimləri və məktəb rəhbərliyi ilə birbaşa əlaqə saxlaya biləcəyik. Sadəcə akademik göstəriciləri yox, nizam-intizam məlumatları da mənim üçün maraqlıdır. Bu gün və ümumiyyətlə, məktəbdə məhz bu səbəbdən olur, uşağımın başqaları ilə münasibətini görmək üçün dərslərdə iştirak edirəm. Oğlumun qarşılıqlı münasibətləri, necə ünsiyyət qurması, sinif yoldaşları ilə davranışını birbaşa izləyirəm. Amma “Rəqəmsal məktəb” platformasında şagirdlərin məktəbdəki davranışlarına dair ayrıca bölmə mövcuddur ki, bu bölmə vasitəsilə Yusifin nizam-intizam qaydalarına riayət etməsi, övladımın məktəbdəki davranışı barədə bildirişləri izləyə biləcəyəm”.

“E-jurnal mobil tətbiqinin istifadəyə verilməsi müəllimlərin iş yükünü azaltmaqla yanaşı, tədris fəaliyyətlərini çevik şəkildə həyata keçirməsinə kömək edəcək”
“Rəqəmsal məktəb” platformasında “Müəllim” kabinetində müəllimlərin gündəlik iş yükü də tənzimlənəcək. 35 ildir Məktəb-Lisey Kompleksin müəllimi olan, Əməkdar müəllim Xoşqədəm Orucova “Azərbaycan müəllimi”nə deyib ki, elektron jurnal platformasına birbaşa çıxış vasitəsilə hər müəllimin e-jurnal sisteminə çıxışı olacaq.
Qeyd edək ki, elektron jurnal platformasının funksionallığını optimallaşdırmaq məqsədilə yaxın günlərdə e-jurnal mobil tətbiqi müəllimlərin istifadəsinə veriləcək. Xoşqədəm müəllimin fikrincə, e-jurnal mobil tətbiqinin istifadəyə verilməsi müəllimlərin iş yükünü azaltmaqla yanaşı, onların tədris fəaliyyətlərini çevik şəkildə həyata keçirməsinə kömək edəcək.
65 yaşlı biologiya müəllimi Məktəb-Lisey Kompleksdə çoxdan başlanan rəqəmsallaşma prosesinə öz töhfəsini verənlərdən biridir. 35 illik fəaliyyəti dövründə ən çox sevilən müəllim olmağı bacarıb. Elektron imkanlardan fəal istifadə edən müəllimlərdəndir. Həm də kurikulum təlimçisi olan X.Orucova dərslərini 2005-ci ildən elektron qurur, hər yeniliyi ilk tətbiq edənlərdən olur: “2005-2006-cı illərdən elektronlaşan təhsilin yaratdığı hər imkandan istifadə etməyə çalışıram, ilk tətbiqçilərdən biri mən oluram. Müşahidələrim də göstərib ki, məktəbin elektronlaşması şagirdlərin prosesi daha yaxşı mənimsəməsinə kömək edir”.
Nəinki yenilikləri dərhal tətbiq edir, sonra başqalarının da tətbiqinə kömək edir: “Kompleksimiz irəliləyişə, inkişafa maraqlıdır. Yenilikləri tutmağa, dərhal tətbiq etməyə çalışırıq. Ehtiyacı olan müəllimlərimizə bu istiqamətdə lazım olan dəstəyi göstərirəm”.
X.Orucova elektron qaynaqlardan istifadənin faydasına da toxunub: “Cerebry” və “BilBacar” layihələrində fəal iştirak edirəm. Növbəti tədris ilindən məktəbimizdə STEAM layihəsi də olacaq. Hər yeniliyi ilk tətbiq edənlərdən olmaq istəyirəm. İndi təbiət fənləri tədris edirəm və görürəm ki, bu fənni tədris edən fizikanı kimyanı, biologiyanı da bilməli, bu fənləri düstursuz, tərifsiz öyrətməlidir. Mən də nümunələrlə öyrədirəm və çox gözəl nəticələr əldə edirəm. Məsələn, V sinif şagirdinin elektriki, yaxud səsin necə yarandığını bu qədər asanlıqla başa düşdüyünə özüm də təəccüblənirəm. Mövzu ilə bağlı şagirdlər dərsdə çox maraqlı misallar göstərirlər. Düşünürəm ki, yeni tədris medodları hər şeyi çox asanlıqla başa düşmələrinə kömək edir. Düzdür, müəllimin peşəkarlığından çox şey asılıdır, lakin müasir dərsin verdiyi imkanlar, elektron resurslar da müəllimin işini xeyli asanlaşdırır”.
Direktorun rəqəmsal kabinetində
“Rəqəmsal məktəb” platformasında məktəb rəhbərləri üçün “Direktor” kabineti yaradılıb.
Direktor Esmira Quliyeva bu platformanın üstünlüklərindən danışaraq deyib ki, məktəb rəhbərləri platformanın təqdim etdiyi məlumatlar əsasında rəqəmsal tədrisin effektivliyini qiymətləndirmək və davamlı olaraq təkmilləşdirmək üçün təhlillər aparmaq imkanı əldə edirlər. Bu funksiyalar məktəb rəhbərlərinə məktəbin idarə edilməsini daha şəffaf, sistemli və effektiv şəkildə həyata keçirmək imkanı yaradır. Təhlillər və hesabatlar vasitəsilə məktəbin ümumi inkişaf strategiyalarının hazırlanması və tətbiqi mümkün olur.
Məktəb rəqəmsal platformaya keçmək üçün texniki cəhətdən hazırdır
Direktor E.Quliyeva bildirib ki, Məktəb-Lisey Kompleksi rəqəmsal platformaya keçid üçün tam hazırdır: “Texniki təchizatda hər hansı problem yoxdur. Məktəbimiz texniki cəhətdən yüksək səviyyədə təmin edilib. “Elektron jurnal” layihəsində iştirak edirik. Layihə müəllimlərimizin işini xeyli asanlaşdırıb. Kağız sərfiyyatına, vaxta maksimum qənaət olunur. Təsəvvür edin ki, məktəbimizdə 4 minə yaxın şagird təhsil alır. II sinifləri çıxmaq şərti ilə onların hər biri elektron qiymətləndirməyə cəlb edilir. Elektron tətbiqlərdən istifadə etməsək, hər şagirdin qiymətləndirilməsi üçün nə qədər kağız korlanır. Xüsusən, qiymətləndirmələr böyük büdcə tələb edir. Beləliklə, elektronlaşma sayəsində vaxta, kağıza və insan resursuna maksimum qənaət edirik. Məsələn, qiymətləndirmələr zamanı hər sıraya 2 nəfər təhkim edilirdisə, indi 1 nəfər admin nəzarəti ilə prosesi həyata keçiririk”.

Direktorun sözlərinə görə, bu platformaya keçid onun istifadəçilərinin elektron hökumət portalınının verdiyi imkanlardan da geniş şəkildə istifadələrinə şərait yaradacaq.
E.Quliyevanın fikrincə, rəqəmsal platformada görülən işlərin nəticəsi də nəzərə çarpacaq: “324 məktəbin datası cəmiyyət üçün tamamilə açıq olacaq. Layihənin tətbiqindən gördük ki, hər məktəbin şəhər üzrə, rayon üzrə reytinqi olacaq və rəqəmsal platformada bütün bunlar öz əksini tapacaq”.
E.Quliyeva əlavə edib ki, 2024-cü ilin oktyabr ayından etibarən Azərbaycan Respublikası Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə layihəsi olan “Cerebry” rəqəmsal platformasından, “BilBacar”, “Rəqəmsal bacarıqlar”, ümumiyyətlə, səriştə əsaslı bacarıqları formalaşdıran layihələrdə məktəb uğurla təmsil olunur: “İstifadə reytinqinə görə ön sıralarda yer tutan MLK dövrün çağırışına cavab verir. Növbəti tədris ilindən rəqəmsallaşma istiqamətində fəaliyyətini daha da genişləndirəcək. Məktəbimiz hər il “Sabahın alimləri” müsabiqəsinin qaliblərindən biri olur. Biz artıq 3 ildir “Rəqəmsallaşan dünyada dəyərlərə malik şəxsiyyət yetişdirək” devizi ilə fəaliyyət göstəririk”.
Foto: Kənan QAFAROV
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər