
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Qazaxıstanda müəllimlər üçün STEM təlimləri təşkil edib.
“Azərbaycan müəllimi”nin əldə etdiyi məlumata görə, TİKA-nın dəstəyi və Türkiyə Təhsil Nazirliyinin əməkdaşlığı ilə Kökşetau şəhərində keçirilən proqramda 120 yerli müəllim iştirak edib. Altı gün davam edən təlimləri Türkiyədən gələn iki ekspert aparıb. Onlar müəllimlərə elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) istiqamətləri, eləcə də Əl-Xarəzmi təhsil modeli (HEM) üzrə biliklər təqdim ediblər.
Proqram çərçivəsində müəllimlər fənlərarası öyrənmə ssenariləri hazırlamaq və real problemlərə həll yolları təqdim edən STEM-Əl Xarəzmi layihələri üzərində işləmək imkanı əldə ediblər. Təlimin məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarını artırmaq, sinifdə müasir tədris metodlarının tətbiqini təşviq etmək və şagirdlərin XXI əsr bacarıqlarına yiyələnməsinə töhfə vermək olub. Təlimi uğurla başa vuran iştirakçılara rəsmi mərasimdə sertifikatlar təqdim olunub.
Sertifikat təqdimetmə mərasimində Akmola vilayətinin Təhsil İdarəsinin rəhbəri Aynagul Baltaşeva, Türkiyənin Astanadakı səfirliyinin təhsil müşaviri Ömər İnan, TİKA-nın Astana koordinatoru Fuat Erdoğmuş, həmçinin digər təhsil rəsmiləri və müəllimlər iştirak ediblər. Mərasimdə müəllimlər təlim çərçivəsində hazırladıqları layihələri təqdim ediblər.
TİKA-nın Astana koordinatoru Fuat Erdoğmuş STEM təlimlərinin yalnız akademik bilik deyil, həm də problem həll etmə, tənqidi təfəkkür, yaradıcılıq və komandada işləmək kimi XXI əsr bacarıqlarını inkişaf etdirdiyini bildirib: “STEM əsaslı öyrənmə yalnız imtahanlara deyil, real həyata hazırlaşmaq üçün güclü yanaşmadır. Qazaxıstanlı müəllimlər bu metodları siniflərə gətirdikdə bu, ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək və şagirdlərin gələcəyə daha yaxşı hazırlaşmasına kömək edəcək”, – deyə o qeyd edib.
O həmçinin TİKA-nın Qazaxıstanda təhsil layihələrinə dəstəyinin davam edəcəyini vurğulayıb: “Biz bu yaxınlarda Astanada arxivşünaslıq və peşəkar turizm sahəsində türk dili təlimlərini də başa çatdırdıq. Qazaxıstanın dövlət qurumları ilə təcrübəmizi və biliklərimizi bölüşməyə davam edəcəyik”, – deyə əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər