Bütün xəbərlər
21 may, 13:39

Ölkəmizin ucqar bölgələrində yerləşən məktəblər bəzən resurs çatışmazlığı, bəzən infrastruktur çətinlikləri ilə qarşılaşsa da, onların öhdəsindən gəlməyi bacarır. Belə məktəblər arasında hətta respublika səviyyəli uğurlar qazananlar da var. Bu cür müəssisələrdən biri Neftçala rayonunun ucqar kəndində yerləşən Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbidir. Bu məktəb hətta builki Respublika fənn olimpiadalarında qalib sayına görə lider olan 10 təhsil müəssisəsinin siyahısına düşüb. 

“Azərbaycan müəllimi” rayon mərkəzindən 36 kilometr uzaqlıqda yerləşən sözügedən məktəbdə olub.

Liderlərin siyahısında

Məktəbin direktoru, "Tərəqqi" medallı Həbulla Rəhimovun sözlərinə görə, gələn il məktəblərinin 110 yaşı tamam olacaq. Həbulla müəllim məktəbin tarixi ilə yanaşı, uğurları haqqında da danışır:

“Məktəbimiz 1916-cı ildən fəaliyyət göstərir. Təhsil ocağının binası 2014-2016-cı illərdə əsaslı təmir olunub və əlavə 10 sinif otağı tikilib. Məktəb üzrə 31 sinif komplekti mövcuddur. Hazırda 742 şagirdimiz var, onların təlim-tərbiyəsi ilə 60 nəfər pedoqoji işçi məşğul olur. 
XI siniflər üzrə buraxılış imtahanının nəticələrinə görə, 2021-2022-ci tədris ilində orta balımız 98 təşkil edibsə, 2022-2023-cü tədris ilində bu göstərici 116-ya, 2023-2024-cü tədris ilində orta 126-ya, cari tədris ilində isə 130-a yüksəlib. Ötən tədris ilində 18 şagirdimiz ali məktəbə qəbul olub.

Şagirdlərimiz müxtəlif tədris illərində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, Məktəblilərarası fənn müsabiqələrində, Respublika fənn olimpiadalarında və “Ən yaxşı təqdimat” müsabiqəsində uğurlar qazanıblar. Belə ki, 2022-2023-cü tədris ilində şagirdimiz Hüseynağa Cavadlı Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında gümüş medal əldə edib.

Elə həmin tədris ilində Məktəblilərarası fənn müsabiqələrində kimya fənni üzrə Nərmin Həsənova gümüş, Nuray Quluzadə bürünc, ötən tədris ilində Hüseynağa Cavadlı riyaziyyat fənni üzrə qızıl, digər şagirdimiz Əhəd Əhədli biologiya fənni üzrə bürünc medal əldə ediblər.

2022-2023-cü tədris ilində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində şagirdimiz Məhəmməd Rəsulzadə III dərəcəli, cari tədris ilində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsində şagirdimiz Nihad Ələkbərli II dərəcəli diploma layiq görülüb. Hər iki şagirdimizin uğur qazanmasında müəllimimiz, məktəbin təşkilatçısı Elnur Abdiyevin rolu var.

2021-2022-ci tədris ilində RFO-da şagirdimiz Nəzrin Quluzadə Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc, 2022-2023-ci tədris ilində Rəqsanə Əzizli həmin fənn, Xədicə Dünyamalıyeva tarix fənni üzrə bürünc medal, 2023-2024-cü tədris ilində Xədicə Dünyamalıyeva tarix üzrə qızıl, Nərmin Həsənova kimya üzrə gümüş, Vaqif Rzayev tarix üzrə bürünc medal qazanıblar. Ötən tədris ilində bu uğurumuzla RFO-da ən yaxşı nəticə göstərən kənd məktəbləri üzrə siyahıya liderlik etmişik. Cari tədris ilində RFO-da 5 şagirdimiz Xədicə Dünyamalıyeva tarix üzrə gümüş medal (3-cü dəfə qalib), Nərmin Həsənova kimya üzrə gümüş medal (2-ci dəfə qalib), Nuray Quluzadə kimya üzrə bürünc medal, İbrahim Babayev kimya üzrə bürünc medal və Zeynəb Sadıqlı coğrafiya fənni üzrə bürünc medal əldə ediblər. Bu nəticə ilə ölkə üzrə qalib sayına görə ən yaxşı təhsil müəssisələrinin onluğunda mövqe tutmuşuq.

Şagirdlərimizin RFO-dakı bu uğurlarında kimya müəllimləri Faiq Əliyev, Gülnarə Quliyeva, coğrafiya müəllimi Teymur Həsənov və tarix müəllimi Fatma Məmmədlinin əvəzsiz xidmətləri olub”.

“Məqsədim kimyanı şagirdlər üçün sadəcə bir fənn deyil, kəşf ediləcək bir dünya kimi təqdim etməkdir”

Söhbətimizə Faiq müəllimlə davam edirik. Bu məktəbin yetirməsi olan Faiq Əliyev 2006-cı ildən burada kimya müəllimi kimi fəaliyyət göstərir. Faiq müəllim də uğurlarından və kimya dərsini şagirdlərə necə sevdirməsindən söz açır:

“2018-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində III yerə layiq görülmüşəm. Həmçinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. 4 şagirdim olimpiadalarda müxtəlif medallar (3 gümüş, 1 bürünc) əldə ediblər. Kimya fənnini şagirdlərə sevdirmək üçün dərsləri, ilk növbədə, onların maraq dairəsini nəzərə almaqla, həyati və əyləncəli formada qurmağa çalışıram. Kimyanın yalnız nəzəri biliklərdən ibarət olmadığını, əksinə, gündəlik həyatın ayrılmaz bir hissəsi olduğunu izah edirəm. Məsələn, yeməklərin hazırlanmasında, təmizləyici vasitələrin istifadəsində, nəfəs alıb-vermə prosesində və ya ətraf mühitdə baş verən dəyişikliklərdə kimyanın rolunu göstərməklə mövzuları daha konkret və anlaşılan edirəm. Bundan əlavə, laboratoriya təcrübələri və praktik işlərə geniş yer verirəm. Şagirdlər təcrübə zamanı müşahidə edir, nəticə çıxarır və fəal iştirak edərək özləri öyrənirlər. Bu cür praktiki yanaşma onların marağını artırır və yaddaşda qalıcı olur. Əyləncəli yarışmalar, qrup layihələri, elmi tapmacalar və interaktiv oyunlar vasitəsilə dərsləri monotonluqdan uzaq, dinamik və maraqlı şəkildə keçirirəm. Məqsədim kimyanı şagirdlər üçün sadəcə bir fənn deyil, kəşf ediləcək bir dünya kimi təqdim etməkdir. Onlarda sual vermək, araşdırmaq və öyrənmək istəyi yaratmağa, gələcəkdə elmlə maraqlana bilən, tənqidi düşünən fərdlər formalaşdırmağa əsas vəzifəm kimi baxıram".

“İstedadsız, bacarıqsız şagird yoxdur”

Gülnarə Quliyeva 2002-ci ildən bu məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, pedoqoji fəaliyyəti dövründə şagirdləri respublikanın müxtəlif ali təhsil ocaqlarına yüksək nəticələrlə qəbul olublar:

“Şagirdim, eyni zamanda, övladım Nuray Quluzadə kimya fənni üzrə 2022-2023-cü tədris ilində Məktəblilərarası fənn müsabiqələrində bürünc, bu tədris ilində isə RFO-da bürünc medala layiq görülüb. Mən özüm də orta təhsilimi bu məktəbdə almışam. Qeyd etmək istərdim ki, istedadsız, bacarıqsız şagird yoxdur. Biz təhsilverənlərin vəzifəsi şagirdlərimizin istedadlarını ortaya çıxarıb onlarla bu istiqamətdə işlər aparmaqdır. Şagirdlərimizin uğur qazanmalarında onların yüksək bacarıqları ilə yanaşı, məktəb rəhbərliyinin və valideynlərin bu işdə yaxından iştirak etməsi və dəstək verməsi vacibdir”.

“Fənni əvvəlcə müəllim özü sevməlidir”

Bu məktəbin məzunlarından olan Teymur Həsənov deyir ki, 2001-ci ildən coğrafiya müəllimi kimi çalışır. 

Teymur müəllim də uğurlarından söhbət açır: 

“Bu tədris ilində RFO-da şagirdim bürünc medal qazanıb. Coğrafiya fənni 6-cı sinifdən tədris olunmağa başlayır. Lakin aşağı siniflərdə şagirdlərə artıq ilk coğrafi biliklər öyrədilir. Bu fənnə maraq və sevginin əsası da elə aşağı siniflərdə aşılanır. Yuxarı siniflərdə isə fənnin dərinlikləri öyrədildikcə maraq da artır. Bu fənni əvvəlcə müəllim özü sevməlidir. Fənnə sevgi müəllimdən şagirdə ötürülür”.

Şagirdin əldə etdiyi müvəffəqiyyət müəllim-şagird münasibətlərinin keyfiyyətindən çox asılıdır

Reportajımızı Fatma müəllim ilə yekunlaşdırırıq. Fatma Məmmədova da bu məktəbi bitirib. Onun sözlərinə görə, 2018-ci ildə pedaqoji fəaliyyətə başlayıb:

“Şagirdim Xədicə Dünyamalıyeva RFO-da 3 dəfə qalib olub. Şagirdin əldə etdiyi müvəffəqiyyəti, davranışı müəllim-şagird münasibətlərinin keyfiyyətindən çox asılıdır. Əgər müəllim-şagird münasibətləri normal şərtlər üzərində qurularsa, müəllim öz peşəkarlığı üzərində daim çalışarsa, şagirdlər daha yüksək təlim nəticələri əldə edərlər. İndiyə qədər fəaliyyət göstərdiyim bütün məktəblərdə şagirdlərə daima öz fənnimi sevdirməyə çalışmışam. Həmçinin şagirdləri RFO-nun imkanları  haqqında məlumatlandırmaqla onlarda bu müsabiqəyə maraq yaratmışam. Gələcəkdə uğurlarımızın daha çox olacağına inanıram”.

Beləliklə, vaxtilə bu məktəbdə təhsil alaraq ziyalı olanlar bu gün  öyrəndikləri biliklərini yeni nəsil üçün səfərbər edirlər. Həmçinin bu uğurlar həm müəllimlərin fədakarlığı, həm də şagirdlərin əzmi ilə bağlıdır. Hələ qabaqda neçə-neçə kənd məktəbin uğurundan söz açacağımıza inanırıq. Yorulmayasız, fədakar müəllimlərimiz!

Şərhlər

Xəbər lenti

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.