
Elm insanı ucaldan, cəmiyyətləri irəli aparan ən möhkəm sütunlardan biridir. Məhz bu inamla Azərbaycanın istedadlı yeniyetmələri təkcə ölkə daxilində deyil, beynəlxalq elmi meydanlarda da öz sözlərini deməyə davam edirlər. Son illərdə Elm və Təhsil Nazirliyinin elmi biliklərin inkişafı, fənn olimpiadalarının təşviqi və istedadlı şagirdlərin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Bu tədbirlərin nəticəsi olaraq, gənclərimiz dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilir, Azərbaycan təhsilinin keyfiyyətini və potensialını qlobal miqyasda nümayiş etdirirlər.
11-21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) məktəblilərimiz bu etimadı yenidən doğruldublar. Nəzəri və praktiki turdan ibarət olan olimpiadada azərbaycanlı yeniyetmələr - Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər. Oqtay Lətifli, Məhəmməd Cəfərli, Raiq Babazadə və Aqil Güləliyev “Azərbaycan müəllimi”nə bu yolu necə inamla və əzmlə qət etmələrindən söz açıblar.

“Olimpiadada medal qazanacağıma əmin idim”
Oqtay Lətifli artıq Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzundur. Onbirillik təhsilində hər zaman yüksək nəticələri olub. Bildirir ki, liseydəki gözəl təhsil mühiti, peşəkar müəllimlərinin və öz çalışqanlığı sayəsində məktəbi qızıl medalla bitirib.
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasından danışan Oqtay hələ X sinifdə oxuyarkən Braziliyada keçirilən bu yarışda həvəsləndirici mükafat qazandığını söyləyir: “Bu il isə bürünc medala layiq görüldüm. Onu da qeyd edim ki, XI sinifdə Azərbaycan Astronomiya Olimpiadasının seçim turunda iştirak etdim. Bakı Dövlət Universitetində keçirilən olimpiadada qızıl medal qazandım və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak etmək üçün hazırlıq dərslərinə qatıldım. Dərslərin sonunda komandaya qəbul üçün seçmə imtahanından keçərək olimpiadada iştirak etmək hüququ qazandım. Olimpiadaya qədər intensiv hazırlıqlarımız davam etdi və Şamaxı Astrofizika Rəsədxanasında kampla tamamladıq.
Olimpiada suallarının keçən illə müqayisədə həm çətin, həm də vaxt alan olmasına baxmayaraq gəncimiz təqdim edilən məsələlərin hazırlıqda keçdikləri mövzulardan olduğundan sualların formatı ilə tanış olduğunu deyir: “Sadəcə yüksək hazırlıq və bacarıq tələb olunurdu. Olimpiadada medal qazanacağıma əmin idim. Keçən illərdən yığdığım təcrübə bunu deməyimə imkan verirdi.
Nəzəri, data analiz, gecə müşahidəsi və planetarium turlarının sonunda bürünc medala layiq görüldüm”.
İstedadlı gəncimiz IX sinifdə Respublika fənn olimpiadalarında fizika fənni üzrə bürünc, X-XI siniflərdə gümüş medala layiq görülüb. Azərbaycan Astronomiya Olimpiadasından isə bürünc və 2 dəfə qızıl medal ilə təltif olunub.
Oqtay Respublika fənn olimpiadalarında, Azərbaycan Astronomiya Olimpiadasında, eləcə də Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında medallar qazanmasında sistemli hazırlığın və müəllimlərinin dəstəyini xüsusi qeyd edir. Bildirir ki, bilikli, istedadlı yeniyetmə olaraq formalaşmasında valideynlərinin və müəllimlərinin xüsusi rolu var. “Həyatımda özünəməxsus yeri olan müəllimlərimdən Seyran Səfərovun, Rəşadət Qədməliyevin adlarını xüsusi qeyd etmək istəyirəm. Fizika fənni üzrə olimpiadalarda əldə etdiyim uğurlarımı birbaşa bu iki müəllimlə əlaqələndirirəm. Xıdır Mikayılov, Famil Mustafa, Abdullah Bazarov və Vaqif Əliyev astronomiya üzrə yüksək bilik və bacarıqlara malik olmağımda mənə dəstək olublar”.
Əsasən texniki fənləri sevdiyini söyləyən Oqtay ali təhsilini London Universitet Kollecində (UCL) “Astrofizika” ixtisası üzrə alacaq.

“Olimpiada mənim üçün yalnız bilik yarışması deyil”
Bakı şəhəri Texniki humanitar liseyin XI sinif şagirdi Məhəmməd Cəfərli də bu mötəbər yarışmada bürünc medal qazananlar sırasında yer alıb. Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ikinci dəfədir ki, iştirak etdiyini bildirir. O, adıçəkilən olimpiadadan birinci dəfə aldığı həvəsləndirici mükafatdan sonra bu il daha uğurlu çıxış etməklə təkcə biliklərini deyil, həm də özünü sübut edib: “2 turdan ibarət olan Azərbaycan Astronomiya Olimpiadasında qalib olaraq Bakı Dövlət Universitetində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olundum. Bundan sonra seçmə imtahanında iştirak edərək milli komandaya seçildim. Daha sonra isə Şamaxı Astrofizika Rəsədxanasında keçirilən kampda intensiv hazırlıqlarda iştirak etdim. İştirak etdiyim Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası 4 turdan ibarət idi: Nəzəri, data analiz, gecə müşahidəsi və planetarium .Suallar nə qədər maraqlı olsa da, bir o qədər də çətin idi.
Məhəmməd elmin müxtəlif sahələrinə böyük maraq göstərsə də, fizika, riyaziyyat və astronomiya onun üçün xüsusi yer tutur. Bu maraq onu daha sonra adıçəkilən fənləri daha dərindən öyrənməyə sövq edir. İstedadlı yeniyetməmiz IX sinifdə Respublika fənn olimpiadalarında fizika fənni üzrə bürünc medala, X sinifdə isə gümüş medala laiq görülüb. Məhəmməd deyir ki, qazandığı biliklər, əldə etdiyi nailiyyətlərə görə öncəliklə onun erkən yaşlarında elmə cəlb edən anasına, daha sonra isə bir şagird olaraq lazımi dəstəyi və motivasiyanı verən məktəbdəki müəllimlərinə borcludur: “Mənim üçün fizikanı çox asanlaşdıran və beynəlxalq olimpiada yolumda çox köməyi olan Rəşadət Qədməliyevin və bu olimpiadaya hazırlıqda üzərimdə əziyyəti olan Vaqif Əliyevin adını qeyd etmək istərdim. Olimpiada mənim üçün yalnız bilik yarışması deyil, eyni zamanda xarici dostlar qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaq və özünü inkişaf etdirmək imkanıdır”.
Məhəmməd özünü gələcəkdə astrofizika, mühəndislik və tətbiqi riyaziyyat kimi sahələrdə tədqiqatçı kimi görür.

Davamlı zəhmət və gündəlik çalışma: Nəticə buna dəyər
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə bu il ilk dəfə iştirak etdiyi Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasından həvəsləndirici mükafatla vətənə dönüb.
Olimpiada yoluna fizika müəllimi Seyran Səfərovun dəstəyi ilə qədəm qoyan Raiq VII sinifdə Respublika fənn olimpiadalarında fizika üzrə bürünc, IX sinifdə qızıl, X sinifdə gümüş medala layiq görülüb: “Mən olimpiadalara fizika müəllimim Seyran Səfərov sayəsində qatılmışam. Uğurlarımda digər müəlimim Rəşadət Qədiməliyevə də çox minnətdaram. Bununla yanaşı ailəmin və dostlarımın çox böyük köməyi olub”.
Beynəlxalq olimpiadada debüt edən gənc iştirakçı deyir ki, olimpiadaya hazırlaşmaq davamlı zəhmət və gündəlik çalışma tələb edir. Amma nəticə buna dəyər.
Universitetə qəbul prosesində və gələcək karyerasında orta təhsil illərində əldə etdiyi uğurların əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünən Raiq ali təhsilini dünyanın inkişaf etmiş nüfuzlu universitetlərindən birində almaq istəyir.

Ölkəmiz adına çox qürurverici hadisədir
Beynəlxalq olimpiadanın həvəsləndirici mükafatına layiq görülən digər yeniyetməmiz Aqil Güləliyev də artıq Respublika, fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzundur. Astronomiya və fizika sahəsində uğurları ilə seçilən Aqil deyir ki, bu sahələrə marağı hələ VII sinifdə Respublika fənn müsabiqəsindən başlayıb. Liseydəki tədris mühiti və müəllim dəstəyi isə bu marağı daha da dərinləşdirib. İlk dəfə həmin vaxt Respublika fənn müsabiqələrində fizika fənni üzrə iştirak edərək bürünc medala layiq görülüb: “Olimpiada sahəsindəki uğurlarımda ciddi dəyişikliklər məhz liseyə qəbul olmağıma əsaslanır. Buradakı müəllim və şagird kollektivi, ümumi mühit hər kəsi yeniliklər, uğurlar qazanmağa sövq edir. Məhz liseyə qəbul olduğum il həm də fizika müəllimim Seyran Səfərovla tanışlığım məni yenidən olimpiadalara qoşulmağa təşviq etdi. IX sinifdə Respublika fənn olimpiadalarında fizika fənni üzrə bürünc medala layiq görüldüm. Həmin vaxt həmçinin ilk dəfə Azərbaycan Astronomiya Olimpiadasında iştirak edərək bürünc medala layiq görüldüm. X sinifdə Respublika fənn olimpiadalarında fizika üzrə bu dəfə gümüş, Azərbaycan Astronomiya Olimpiadasında isə qızıl medal qazandım. Həmin il medal qazandıqdan sonra seçmələrə qatıldım və əvvəlki ildən fərqli olaraq komandaya seçilməyə müvəffəq oldum. Bu mənim xarici olimpiadalardakı ilk təcrübəm oldu. Həmin ili Braziliyada keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına 4 həvəsləndirici (biri mən olmaqla) mükafatla başa vurduq”.
Ötən il Braziliyada keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasından həvəsləndirici mükafat qazanan Aqil, bu il medal alacağını düşünsə də, nəticədən məyus olmadığını bildirir: “Builki gözləntilərim daha yuxarı idi. Lakin təəssüf ki yığdığım bal medal almağım üçün kifayət olmadı. Praktiki mərhələdə qazandığım bal həvəsləndirici mükafat almağıma səbəb oldu. Sevindirici hal odur ki digər iki komanda yoldaşım Məhəmməd və Oqtay bürünc medala layiq görüldülər. Əlbəttə ki, ölkəmiz adına çox qürurverici hadisədir”.
O, elmi yarışların yalnız mükafat deyil, həm də böyük təcrübənin, yeni dostluqların qazanılmasında və dünyagörüşünün genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu söyləyir: “Olimpiadanın təşkilatçılığı yüksək səviyyədə idi. Keçən il olduğu kimi bu dəfə də bir çox başqa ölkələrdən gələn şagirdlərlə tanış olduq. Ümumiyyətlə, beynəlxalq olimpiadalarda iştirak etmək, xarici ölkələrin şagirdləri ilə ünsiyyətdə olmaq dünyagörüşünü artırır, insana motivasiya verir. Fərqli mədəniyyətlərlə yaxından tanış olmaq, həmçinin öz milli mənəvi dəyərlərimizi haqqında onları məlumatlandırmaq çox maraqlı təcrübədir”.
Hazırda ADA Universitetində “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil almağa hazırlaşan Aqil, gələcəyin innovativ və tədqiqatyönümlü mütəxəssislərindən biri olmaq istəyir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər