
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də önəmli dəyişikliklər baş verdi. Təhsil sahəsində islahatların aparılması, yeni təhsil konsepsiyasının hazırlanması, təhsildə vahid mərkəzdən idarəolunma, təhsil müəssisələrinin struktur və statusunda dəyişikliklərin aparılması və s. tədbirlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, qeyri-obyektivliyə və mənfi hallara qarşı mübarizənin aparılması təhsil və maarifin təkmilləşməsində mühüm yeniliklərin bünövrəsini qoydu. Təhsil sistemi getdikcə təkmilləşdi, bu sahə üzrə dövlət səviyyəsində qəbul olunmuş qərar və sərəncamlar gənclərdə yüksək bilik potensialını aşkara çıxartmağa, yeni standartların və metodların tətbiqinə stimul yaratdı. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev təhsilin inkişafı istiqamətində misilsiz xidmətlər görüb. Bir ölkənin inkişaf etməsi üçün onun təhsil sisitemi düzgün qurulmalı və idarə edilməlidir. Eyni zamanda, müasir dövrün tələbərinə də cavab verib zamanla ayaqlaşmalıdır. Təhsil insanda özünəinamı inkişaf etdirir, ona bütün məqsədlərinə çatmağında kömək edir, həmçinin irəliləyərkən inamlı və real dünyagörüşünə malik olur.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından sonra dahi rəhbərin ömür yolunun, nəzəri irsinin, siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinə və təbliğinə xüsusi maraq yaranıb. Sərəncamda deyilir: “Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir”.
Heydər Əliyevin humanizm ideyaları, demokratik fikirləri, həyat fəlsəfəsi, sülhsevər siyasəti, fədakar fəaliyyəti, mənəviyyatı, təhsil haqqında fikirləri bu gün də aktualdır və daim öyrənilməkdədir.
Ulu Öndər Heydər Əliyev çıxışlarında hər zaman qeyd edirdi: “Sizi əmin edirəm ki, mən həmişə yüksək mənəviyyat uğrunda mübarizə aparmışam, mənim həyatım saf mənəviyyat əsasında qurulubdur, mənim gördüyüm işlər də saf, təmiz mənəviyyat əsasında qurulubdur. Mən Azərbaycan xalqının yüksək mənəviyyatını xalqımızın böyük sərvəti hesab edirəm, ona görə də mən indiyə qədər buna sadiq olduğum kimi, bundan sonra da sadiq olacağam....Bütün həyatımla, gördüyüm işlərlə, respublikanın, dövlətin başçısı kimi atdığım bütün addımlarımla, tədbirlərimlə ölkəmizdə mənəviyyatın daha da möhkəmlənməsini, milli adət- ənənələrimizə sadiq olmağımızı təmin etməyə çalışmışam.
Bu fikirlər Ulu Öndər Heydər Əliyevin ülvi, müqəddəs həyat amalı, həyat ideyaları, həyat fəaliyyətinin meyarı, ölçüsü olub.
Həqiqətən də Heydər Əliyevin bütün həyatı, fəaliyyəti mənəviyyat üzərində qurulub və yetişməkdə olan gənc nəsil bu mənəviyyat xəzinəsindən istifadə edərək zənginləşməli, onun həyat və fəaliyyətini nümunə götürməlidir.
Ümumtəhsil müəssisələrində istər təlim, istərsə də sinifdənxaric işlər prosesində dahi rəhbərimizin həyatı, fəaliyyəti, təhsil illəri, siyasi irsi ardıcıl olaraq öyrənilməli, onun diplomatik görüşləri gənclərə nümunə olmalıdır.
Ümummilli liderimiz Heydər Əliyevin təhsil illəri, zəngin və mənalı gənclik illəri və sonrakı gərgin siyasi həyatı, dövlət quruculuğu işləri, onun yorulmaz, fədakar əməyi, mənəviyyatı, humanist ideyaları, insanlara diqqət və qayğısı Azərbaycan dövləti üçün zəngin mirasdır. Bu miras ondan faydalanan gənc nəslin həyata mükəmməl hazırlığına və gələcək fəaliyyətinin daha məzmunlu olmasına təminat verir.
Ulu öndər Heydər Əliyevin dilimizə, dinimizə, milli adət və ənənələrimizə, tarixi keçmişimizə, ziyalılarımıza, elm adamlarımıza və mədəniyyət xadimlərimizə, görkəmli şəxsiyyətlərimizə göstərdiyi diqqət və qayğı, hörmət və ehtiram insanlarımızda milli özünüdərk, milli şüur və milli ləyaqət hisslərini formalaşdırdı.
Yetişən gənc nəsil ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özünə bir örnək götürməlidir. Bu yorulmaz, mərd, mübariz insandan, xalqını, millətini dərin məhəbbətlə sevən, vətəninə, elinə-obasına sadiq olan vətəndaşdan, dərin ensiklopedik biliyə, nadir hafizəyə və fenomen yaddaşa malik alimdən, daim sülh, barış carçısı olan siyasi xadimdən və nəhayət, dahi şəxsiyyətədən çox şey öyrənilməlidir.
Xalqın ürəyində əbədi yaşar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və inamla davam etdirən ölkə başçısı, müzəffər ali baş komandan İlham Əliyev də təhsilin inkişafına, müəllimlərə, gənc nəslin təlim və tərbiyəsinə böyük diqqət və qayğı ilə yanaşır və deyir: “İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlı və azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəyə malik, rəqabətədavamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar”.
Azərbaycan təhsil sisteminin inkişafı, onun gələcək inkişaf perspektivləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Özünün bütün həyаtını Аzərbаycаnа, оnun inkişаfı və tərəqqisinə sərf еdən dahi şəxsiyyət Heydər Əliyеv bаşqа sаhələrdə оlduğu kimi, хаlqımızın təhsilinə, оnun yüksəlişinə, bu sаhədə şərəflə çаlışаn insаnlаrın şəхsiyyətinə, işinə, əməyinə həmişə yüksək qiymət vеrib, оnlаrа böyük hörmət və еhtirаmını bildirib. Bu hörmət və еhtirаm оnun bütün çıхışlаrındа, fəаliyyətində özünü göstərib. İstər müəllimlər qаrşısındа çıхışlаrındа, istər müəllimlər qurultаyınа göndərdiyi təbrik məktublarında, istərsə də rеspublikаmızın prоblеmləri ilə bаğlı digər məruzə və çıхışlаrındа təhsil həmişə prioritet оlub.
Ümummilli lider Heydər Əliyevin müəllimlik peşəsinə оlаn münаsibətində həmişə bir müdriklik, qаyğıkеşlik, bu sənətə böyük hörmət və ehtiramı görünməkdədir. Bu, bir tərəfdən оnun dövlət bаşçısı kimi ölkənin hərtərəfli inkişafı naminə gördüyü tədbirlərdən irəli gəlsə də, digər tərəfdən оnun iхtisаscа müəllim оlmаsı ilə bаğlı olduğunu da dеyə bilərik. Onun insanlara yanaşma tərzi, onlarla ünsiyyət və münasibəti, “hər kəs öz dilində danışsın” prinsipini üstün tutması Ulu Öndərin pedaqoji məharətindən, psixoloji, etik, estetik biliklərə dərindən yiyələnməsindən, geniş dünyagörüşünə malik olmasından və nəhayət, “Heydər Əliyev pedaqogikası”ndan xəbər verir. Ulu Öndərin səlis və aydın nitqi, insanlara qarşı humanist mövqeyi, demokratik düşüncələri, tolerantlığı, əzmkarlığı, peşə fədakarlığı, dərin zəkası, incə yumoru, dəmir iradəsi, habelə səliqəli geyimi, vüqarlı yerişi, ifadəli baxışları, düzgün davranış və hərəkətləri hər bir müəllimin peşə fəaliyyəti üçün bariz nümunədir. Cəmiyyətin gələcəyinin formalaşmasında müəllimin rolu danılmazdır. Yeni nəsil üçün bilikləri öyrədən, dəyərləri aşılayan məhz müəllimdir. Tədris prosesinin uğuru müəllimlərin peşəkarlıq səviyyəsindən, onun pedaqoji keyfiyyətlərindən asılıdır. Ulu Öndər Heydər Əliyevi örnək götürərək pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlər peşə keyfiyyətlərinin zamanla yükəldiyini görəcəklər.
XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər bu peşəyə verdiyi yüksək dəyəri ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!” Bu qiymətli sözlər Ulu Öndərin müəllimlik peşəsinə sıx bağlılığından və yaxından bələd olmasından və ilk vəzifə təyinatının məhz müəllim kimi almasından irəli gəlir.
O, bu barədə Azərbaycan müəllimlərinin I qurultayındakı nitqində belə deyib: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz... Bəli, mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim... Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur...”
Ulu Öndər Heydər Əliyev özünün məktəblə həmişə sıx bağlı olması haqda belə deyirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət harada olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin savadına, biliyinə, müəllimə kömək etməlidir...” O, müəllimlik peşəsini ürəkdən sevib, müəllim əməyinə yüksək qiymət verib. Heç də təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul edib.
Dahi şəxsiyyət Heydər Əliyev müəllim adını çox yüksəkdə tutub və ona müqəddəs bir peşə kimi baxıb: “…Mən Аzərbаycаnın sаdə vətəndаşıyаm. Bu аddаn yüksək аd yохdur. Аncаq bundаn dа yüksək аd müəllimlikdir...”
Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini yüksək qiymətləndirən Ulu Öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ulu Öndərin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Bu mövzunun davamı kimi qeyd edək ki, dahi rəhbərin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı verdiyi qiymətli tövsiyə və tapşırıqlar bütün zamanlar üçün dəyərini saxlayır. Zamanla tədris metodları və üsulları dəyişsə də, müəllimin şagidlər üzərindəki təsiri dəyişmir. Müəllimin hər addımı, hər sözü və hərəkəti şagirdlərə bu və ya digər formada təsir edir, ona görə də uşaqlara bilikləri məhəbbətlə, həvəslə, ilhamla öyrətmək çox vacibdir. Bu baxımdan Ulu Öndərin təhsilə yanaşması müəllimlər üçün əsl fəaliyyət proqramı hesab edilə bilər.
Xalqımızın böyük oğlu Heydər Əliyev tədris ocaqlarında, o cümlədən orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, seçdikləri gələcək ixtisaslarına uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulayıb: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bütün bunlar isə təhsilin milli məzmununu müəyyənləşdirən çox mühüm amillər kimi düşünülüb, bir vəzifə və proqram olaraq qarşıya qoyulub. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini dahi rəhbər çоx vacib şərt sayıb. Bu da təsadüfi deyil. Çünki gələcəyin qurucusu оlan yeni nəsil milli ideоlоgiyaya məktəbdən yiyələnməyə başlayır və bu işin düzgün təşkili ölkə üçün çox əhəmiyyətlidir. Оna görə də Ulu Öndər belə tövsiyə edirdi: “Milli ideоlоgiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çоx ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”.
Tarix yaradan dahi şəxsiyyət Heydər Əliyev müəllimlərin dərin еlmi-pеdаqоji biliklərə yiyələnməsini, mükəmməl ixtisas biliyinə sahib olmasını, yüksək pedaqoji səriştəliliyə malik olmasını tələb edir və deyirdi: “…hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hаmısının işindən ən gərəklisidir, ən lаzımlısıdır” .
Bəli, Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi qiymət, təlim və tərbiyə haqqında söylədiyi dəyərli fikirlər dünən də, bu gün də, sabah da aktual və əhəmiyyətlidir. Həmin fikirlər pedaqoji fəaliyyətin kompası, təhsilin metodoloji əsasıdır.
Günel Şəmilzadə,
Sumqayıt Dövlət Universitetinin müəllimi
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər