Təhsilin insan həyatında əvəzedilməz rolu var. Təhsil hər bir fərd üçün bu günə və gələcəyə yeni üfüqlər açır, özü ilə bərabər yeni tendensiyalar formalaşdırır. Çağdaş dövrün tələblərindən biri də valideynlərin təhsil prosesinə cəlb olunmasıdır. Onların təhsil prosesinə hazırlanması, səriştələrə yiyələnməsi təhsil sisteminin yeni tələbinə çevrilir. Onlar məktəbə kömək etməklə yanaşı, təhsil prosesinin ayrılmaz iştirakçısı olurlar.
Tədqiqatlar göstərir ki, valideynlərin uşaqların öyrənmə prosesində iştirakı uşaqların sosial-emosional inkişafı, sonrakı oxu bacarıqları və akademik uğurları, şagirdlərin oxumaqdan zövq alması, eləcə də cəmiyyətə uyğunlaşması ilə güclü şəkildə bağlıdır. Bu bağın qurulması üçün məktəblər səriştəli valideyn iştirakını necə təşviq edirlər? Valideynlərin təhsil prosesinin fəal iştirakçısına çevrilməsi üçün nələr etmək lazımdır? “Azərbaycan müəllimi” olaraq bu kimi suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə İmanovanın fikirlərini öyrəndik.
“Müasir təhsil konsepsiyası təhsil və tərbiyə problemlərinin həllində ailənin müstəsna rolunu vurğulayır”
Uşaqların dünyagörüşünün yalnız təhsil müəssisəsində formalaşmadığını, valideynlərin də uşaqlarda ətraf mühitə, incəsənətə, elmlərə, öyrənmə sahələrinə marağı təşviq edə biləcəyini deyən Pərvanə İmanova qeyd edib ki, valideynlər uşaqlarına kiçik yaşlardan araşdırmaq, fikirlərini müzakirə etmək, suallar, öz qərarlarını vermək kimi səlahiyyətlər aşılaya bilərlər və bu cür yanaşmalar uşaqların tənqidi təfəkkürünün və yaradıcılıq potensialının inkişafına fayda verər:
“Uşağın şəxsiyyəti, ilk növbədə, ailədə formalaşmağa başlayır. Məktəbəqədər yaş dövründə ailə üzvlərinin davranışları, dəyərləri və ünsiyyət formaları uşağa birbaşa təsir edir. Ailə üzvləri uşağın ilk nümunə götürdüyü insanlardır. Uşaq valideynlərin əsəridir. Valideynlərin bunu bilməsi və tərbiyəni yaradıcı proses kimi qəbul etməsi vacib məsələlərdəndir. Müasir dövr valideynlərdən səriştə tələb edir. Səriştəli valideyn – bu missiyanı öz üzərinə götürməkdən qorxmayan, uşağın böyüdüyü real vəziyyəti dəyərləndirən və onu müsbətyönümlü dəyişməyə səy göstərməyə hazır olan şəxsdir. Tərbiyənin keyfiyyəti və valideyn rolunun səriştəli şəkildə yerinə yetirilməsi öz növbəsində cəmiyyətin vəziyyətini, ailə institutunu və sonrakı nəsillərin şəxsiyyətinin psixoloji sağlamlığını müəyyənləşdirir.
Mütəxəssisin sözlərinə görə, uşağın daxili dünyasına maraq, uşaqlarla səriştəli ünsiyyət bacarıqları, uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınması, təhsil savadlılığı, uşağın sizin istəklərinizi yerinə yetirməsi, daxili rahatlıq, uşağın özünə qulluq etmək bacarığının formalaşdırılması, valideynlərin şəxsi nümunəsi və bu kimi amillər səriştəli valideyn anlayışına daxil olan mühüm komponentlərdir.
P.İmanova valideynlərin övladlarının təhsilində rolunun mühüm əhəmiyyətə malik olduğunu, onların övladlarının akademik, sosial bacarıqlarının və dəyərlərinin formalaşmasında əsas rol oynadığını, hətta bu təsirin erkən uşaqlıqdan yeniyetməlik dövrünə qədər uzandığını, bunun uşaqların gələcək həyatına, uğurlarına davamlı və dərin təsir göstərdiyini xüsusi vurğulayıb: “Əvvəlcə qeyd etmək istəyirəm ki, valideyn uşağın ilk müəllimidir. Uşaq doğulduğu andan valideynləri ilə qarşılıqlı əlaqə vasitəsi ilə dünyanı kəşf etməyə başlayır, nitq və dil bacarıqlarına yiyələnir, bilik və təcrübə qazanır. Valideyn evdə uşağın öyrənməsi, kəşf etməsi üçün inkişafetdirici mühiti yaratmaqla bu prosesi daha da intensivləşdirir. Valideynlər uşaqlara məsuliyyət, dözümlülük, ədalətlilik və başqalarına hörmət hissi aşılaya bilərlər. Onlar, həmçinin uşaqlara emosional intellekti inkişaf etdirməyi, emosiyalarını idarə etməyi və münaqişələrin həlli üçün konstruktiv yollar tapmağı öyrədə bilərlər. Nəticə olaraq belə deyə bilərik ki, valideynlər əsasən övladlarının təhsilində müxtəlif formada iştirak edirlər. Onlar uşağın təhsili ilə əlaqədar olaraq ev mühitində təhsil üçün şərait yaratmalı, birlikdə səmərəli vaxt təşkil etməlidirlər. Həmçinin uşağın təhsili ilə əlaqəli müəllim və valideynlər birgə fəaliyyətə cəlb olunmalıdır. Valideynlər müəllimlərdən məsləhət almalı, təhsil mühitində fəal iştirak etməlidirlər. Qarşılıqlı əlaqə nəticəsində uşağın nailiyyətləri və öyrənmə motivasiyası artacaq, təhsil müəssisəsində əməkdaşlıq inkişaf edəcək. Ümumiyyətlə, müasir təhsil konsepsiyası təhsil və tərbiyə problemlərinin həllində ailənin müstəsna rolunu vurğulayır”.
“Təbii ki, bunun kökündə duran səbəblərdən bir çoxu valideynlərin passivliyi, özlərini, münasibətlərini dəyişdirmək istəməməsidir”
“Valideynlərin məktəb həyatında uğurlu iştirakına hansı maneələr var və onların təhsil prosesinin fəal iştirakçısına çevrilməsi üçün nələr etmək lazımdır”- sualına aydınlıq gətirən Pərvanə İmanova qeyd edib ki, valideynlərin təhsildən “uzaqlaşması” tendensiyası hələ də davam edir: “Təbii ki, bunun kökündə duran səbəblərdən bir çoxu valideynlərin passivliyi, özlərini, münasibətlərini dəyişdirmək istəməməsi, öz uşaqlıqlarından qalmış təhsil stereotipləri, birgə fəaliyyətin səmərəsi, məqsədi haqqında məlumata malik olmamasıdır. Eləcə də, müəllimlərin yol verdikləri səhvlər də valideynlərin aqressivliyinə səbəb olur. Biz yalnız valideynlərlə birlikdə uşaq üçün təhsil proqramını seçmək, öyrənməyə həvəsini inkişaf etdirmək və geriləmə səbəblərinin müəyyən etmək kimi işlər görə bilərik.
Belə ki, məktəbdə valideynlərin psixoloji-pedaqoji maarifləndirilməsinin təşkili sahəsində müəyyən təcrübələr mövcuddur. Mütəmadi olaraq, valideyn iclaslarının təşkili, ümumməktəb valideyn konfransları, aktual mövzularla əlaqəli seminarlar, debatlar, sual-cavab gecələri, “dəyirmi masa”ların keçirilməsi, təhsil layihələrinin hazırlanması bu sahədə atılan addımlardandır. Ümumilikdə məktəb valideynlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla qarşılıqlı əlaqənin müxtəlif formalarından istifadə edir və vahid harmonik sistemin yaranmasına şərait yaradır”.
O əlavə edib ki, valideynlərin layihə fəaliyyətlərində iştirakı onların uşaqları ilə daha çox vaxt keçirməsinə, onlara daha yaxın olmasına və uşaqlarının problemlərini daha yaxşı başa düşməsinə gətirib çıxarır. Eyni zamanda valideynlərin maariflənməsi, motivasiya xarakterli iclasların təşkili müsbət keyfiyyətlərlə nəticələnir: “Valideynlər məlumatlandırıcı bülletenlərdən, informasiya texnologiyalarından istifadə etməklə övladının gündəlik inkişafı, fəaliyyəti haqqında məlumat əldə edə, müsabiqələr və sərgilər təşkil edə bilərlər. Valideynləri məktəbə cəlb olunan şagirdlərin davamiyyəti və davranışı daha yaxşı olur, daha yaxşı qiymətlər alır, sosial bacarıqlar nümayiş etdirir və məktəbə daha yaxşı uyğunlaşır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)