Bütün xəbərlər
22 iyul, 15:20

Yardımlı rayonunun dağlar qoynundakı Şəfəqli kəndi uzun illərdir ki, təkcə təbiəti ilə deyil, həm də təhsilə verdiyi önəmlə seçilir. Bu kəndin adını daha da ucaldan əsas ünvanlardan biri isə Səyyar Şabiyev adına Şəfəqli kənd tam orta məktəbidir. 1969-cu ildə tam orta məktəb statusu almış, 2012-ci ildə isə 220 şagird yerlik yeni binaya köçürülən bu təhsil müəssisəsi son illərdə əldə etdiyi uğurları ilə təkcə Yardımlıda deyil, regionda seçilən məktəblər sırasındadır. Keçən tədris ilində məktəbin XI sinfini bitirən 12 şagirdin 11-i ali məktəbə qəbul olub. Onlardan ikisi isə 600-dən yuxarı bal toplayıb. Məzunların buraxılış imtahanlardakı orta balı 196-dır. Ümumiyyətlə, son üç ildə bu məktəbin XI sinif məzunlarının 63 faizi ali məktəblərə qəbul olub. Bu il XI sinfi bitirən 13 şagirdin 5-i fərqlənmə attestatı alıb. Ali məktəbə sənəd verən 7 nəfərin 2-si 600-dən çox bal toplayıb ki, onların da hər ikisi qızdır. Bu isə o deməkdir ki, Şəfəqli məktəbində qızların oxumasına xüsusi önəm verilir və onların təhsildə fərqlənməsi artıq ənənəyə çevrilib.

“Azərbaycan müəllimi” olaraq bu məktəbin uğurlarına müəllimləri vasitəsilə işıq salmağa çalışdıq.

“Sağlam pedaqoji heyətimizin olması uğurun təməlidir”

2007-ci ildən Şəfəqli kənd tam orta məktəbinə rəhbərlik edən Ramin Qənbərov təhsil sahəsində uzun illər çalışan təcrübəli pedaqoqdur.

O, məktəbin uğurlarını belə izah edir:

“Biz mütəmadi olaraq valideynlərlə əlaqə saxlayır, maarifləndirici tədbirlər keçirir, söhbətlər aparırıq. Sağlam pedaqoji heyətimizin olması uğurun təməlidir. Sertifikasiya imtahanlarında bu günə qədər 11 müəllimimiz iştirak edib və hamısının nəticələri yüksəkdir”.

Hazırda məktəbdə 20 müəllim çalışır, onlardan ikisi qadındır. Müəllimlərin peşəkarlığı, şagirdlərə yanaşma tərzi və dərsə yaradıcı yanaşmaları məktəbin nüfuzunu daha da artırır.

“Şagirdlərimiz çox çalışqan və məsuliyyətlidirlər”

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Sadizadə də Şəfəqlidə doğulub, bu məktəbdə oxuyub, ali təhsilini başa vurduqdan sonra müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə Yardımlı rayonu Ə.Ş.Babayev adına Osnakəran kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Daha sonra müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edərək öz doğma məktəbinə qayıdıb.

Onun fənni üzrə nəticələr də öz sözünü deyir. Bu il 5 nəfər XI sinif şagirdi həm buraxılış, həm də qəbul imtahanında Azərbaycan dilindən yüksək bal toplayıblar.

Elnur müəllim deyir ki, bu məktəbin şagirdləri ilə işləmək həm rahat, həm də maraqlıdır:

“Məktəbimizin şagirdləri çox çalışqan və dərslərinə məsuliyyətlidir. Bunu imtahan nəticələri də sübut edir. Azərbaycan dili və ədəbiyyat dərslərində qruplarla iş, komandalar arası yarışlar, film izləmələri və rollu oyunlar keçirməklə dərsləri daha maraqlı edirik. Hər bölmənin sonunda isə hədiyyəli yarışmalar təşkil edirik, hədiyyələr isə daha çox bədii əsərlər olur”.

“Yüksək nəticələr əldə etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik”

İngilis dili müəllimi olan Həbib Qənbərov həm də Əməkdar müəllimdir. O, artıq on illərdir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Xarici Dillər İnstitutunu bitirdiyi 1983-cü ildən bu yana Yardımlının bir neçə kəndində ingilis dilinin tədrisinə başlayan ilk müəllim olub, rayonun müxtəlif məktəblərində iz qoyub. Müəllimlərin sertifikatlaşdırma imtahanında 53 bal toplayan Həbib müəllim bildirir ki, buraxılış və qəbul imtahanlarındakı uğurlar onları daha çox çalışmağa ruhlandırır:

“Məktəbimiz bir neçə ildir ki, həm regionda, həm də respublikada qabaqcıl məktəblər sırasında yer alır. Bir ingilis dili müəllimi kimi şagirdlərimin yüksək bal toplaması qürurvericidir. Dərslərdə şagirdlərin danışıq və dinləmə qabiliyyətlərinin artması üçün müasir texnologiyalardan istifadə edirəm. Çatışmayan cəhətləri birlikdə müzakirə edirik. Şagirdlərin ingilis dilinə marağını artırmaq üçün müxtəlif üsullardan istifadə edirəm. İngilis dilinin beynəlxalq dil olduğunu, bu dilin onların gələcək həyatlarında çox lazım olacağını xatırladıram. Gələcək karyeraları üçün ingilis dili çox vacibdir. Dərsin maraqlı qurulması, müasir metodlardan istifadə, əyləncəli oyunların aparılması da uşaqlarda dilə xeyli maraq yaradır. Xarici dili daha yaxşı öyrətmək üçün müasir texnologiyalardan istifadə etmək ən yaxşı üsullardan biridir. Yüksək nəticələr əldə etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik”.

“Yüksək nəticə əldə etməyin yolu davamlı, sistemli çalışmaqdan keçir”

2020-ci ildə ali təhsilini bitirən gənc coğrafiya müəllimi Elmira İbrahimli də məktəbin uğuru üçün enerjisini ortaya qoyanlardan biridir. Elmira müəllim deyir ki, dərslərində əyani və inteqrativ üsullardan istifadə etməklə yanaşı, şagirdlərdə araşdırma, müşahidə və analiz bacarıqlarını da formalaşdırmağa çalışır:

“Fənnin daha yaxşı mənimsənilməsi üçün əyani vasitələr, videoçarxlar, xəritələrdən istifadə vacibdir. Şagirdlərin yaddaşını gücləndirmək üçün diaqram, qrafik və vizuallaşdırma üsullarından da istifadə edirik. Fikrimcə, hər hansı bir fənn üzrə olimpiada, müsabiqə və ya imtahanlarda yüksək nəticə əldə etməyin yolu davamlı, sistemli çalışmaqdan keçir”.

Elmira müəllim məktəblərinin seçilənlər sırasında olması barədə bunları deyir:

“Ümumiyyətlə, Şəfəqli kənd tam orta məktəbinin uğurlu məktəblər sırasında yer alması təkcə ümumi nizam-intizam və kollektivin birgə əməyi ilə deyil, həm də konkret fənlər üzrə əldə olunan uğurlar, hər bir fənn müəlliminin şagirdlərdə formalaşdırdığı bacarıqlar, öyrənməyə və inkişafa açıq düşüncə tərzi ilə bağlıdır. Mən öz pedaqoji fəaliyyətimdə hər bir şagirdin potensialına uyğun yanaşma göstərməyə çalışıram. Bu da nəticə etibarilə fənnə marağı artırır, dərslərin inteqrativliyini təmin edir, şagirdlərdə açıq düşüncə tərzinin formalaşmasını və inkişafını dəstəkləyir və nəticədə məktəbin uğurlu göstəricilərinə öz töhfəsini verir”.

“Bu uğurlar şagirdlərin dərslərə olan maraqlarının göstəricisidir”

5 ildir ki, müəllim işləyən Məleykə Rəhimli də pedaqoji fəaliyyətinə elə bu məktəbdə başlayıb. Onun fikrincə, təbiət elmləri şagirdləri həmişə maraqlandırır:

“Eləcə də fizika ilə bağlı mövzular onlar üçün çox maraqlıdır. Ona görə də çalışıram ki, praktiki tapşırıqlara üstünlük verim. Oxuduqlarını təbiətlə əlaqələndirdikdə, səbəblərini öyrəndikdə elmə maraqları artır. Məktəbimiz hər il uğurlar əldə edir və bu uğurlar şagirdlərin dərslərə olan maraqlarının göstəricisidir. Dəfələrlə şagirdlərim Respublika fənn olimpiadalarında, Məktəblilərarası fənn müsabiqələrində iştirak edib uğur qazanıblar”.

Səyyar Şabiyev adına Şəfəqli kənd tam orta məktəbinin uğurları təsadüfi deyil. Burada hər bir müəllimin əzmi, direktorun rəhbərlik bacarığı, valideynlərin dəstəyi və ən əsası şagirdlərin istəyi bir nöqtədə birləşir. Xüsusilə də qızların gələcək karyeraları üçün uğurla addımlaması kəndin təhsil tarixində yeni bir səhifə açır. Bu məktəb bir daha sübut edir ki, təhsildə məkan yox, zəhmət və məqsəd əsasdır.

1 /3

Şərhlər

Xəbər lenti

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

22 iyul, 16:36

Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM

22 iyul, 16:10

Məktəbəhazırlıq qruplarına sərbəst seçim başladı

22 iyul, 15:58

ADPU-nun Ağcabədi filialı müəllim vakansiyaları elan edir

22 iyul, 14:14

Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib

22 iyul, 13:55

Şahin Bayramov: Milli mətbuatımız azad düşüncənin formalaşmasının əsas daşıyıcılarından olub

22 iyul, 13:51

Yeni dövrün çağırışı: Daha peşəkar, dürüst, vətənpərvər media

22 iyul, 13:45

Müəllim təkcə dərsi ilə deyil, şəxsiyyəti ilə də örnək olmalıdır” – Kənd müəllimi

22 iyul, 12:41

Sabahın hava proqnozu açıqlanıb

22 iyul, 12:09

Peşə məktəblərinə sənəd qəbulu başlayıb

22 iyul, 10:37

Rezidenturanın II mərhələsində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

22 iyul, 10:13

Cəmiyyətə yol göstərənlər: Təhsildən yazmaq gələcəyi yazmaqdır

22 iyul, 10:05

Şaban Cəərçiyev: Bəzi məzunlarımıza elə imtahandaca iş təklif edirlər - MÜSAHİBƏ

22 iyul, 09:51

SABAH qruplarına qeydiyyat başladı -  Qəbul yeni qaydalarla aparılacaq

22 iyul, 09:51

“Müasir metodist” layihəsinin müsahibə mərhələsinə yenidən start verilir

22 iyul, 09:47

Komandamız Avropa Universitetləri Futzal Çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.