Nicat Məmmədli: Süni intellekt savadlılığına keçid etmişik
“Bu gün süni intellekt savadlılığına keçid etmişik”.
“Azərbaycan müəllimi xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, 50-60 il əvvəl bütün dünyanın qarşısında duran ən vacib məsələ savadlılığın artırılması idi:
“Savadlılıq deyəndə daha çox yazıb-oxumaq savadlılığı nəzərdə tutulurdu. Bu gün isə ən vacib məsələ necə süni intellekt savadlılığının ortalığa qoyulmasıdır. Biz yazıb-oxuma savadlılığından rəqəmsal savadlılığa, rəqəmsal savadlılıqdan isə süni intellekt savadlılığına keçid etmişik”.
N.Məmmədli qeyd edib ki, 2010-cu illərdən sonra doğulmağa başlayan “Alfa” nəsli dediyimiz insanların qarşısında duran ən vacib öhdəlik “necə süni intellektlə bir həyatda yaşamaq olar, onunla necə fəaliyyət göstərmək, onu necə özününküləşdirmək olar” kimi məsələlərdir:
“Bu ehtiyacların ödənilməsi də bir çox məsələləri ortaya qoyur. Bir çoxları hesab edirlər ki, süni intellekt mövcud olduqdan sonra bir çox peşələr sıradan çıxacaq. Əvvəllər bir proqramçı bütün sətirləri özü kodlaşdırırdısa, indi yazmağa bu gün ehtiyac qalmayıb. Süni intellekt özü hazırlayıb ortaya qoyur. Amma yaxşı proqramlaşdırıcı eyni zamanda onu nəzərdən keçirmək, kibertəhlükəsizlik tərəflərini təmin etmək və s. üzərində formalaşır. Bu artıq yeni tələblər ortaya çıxarır”.
TİF sədri əlavə edib ki, süni intellektin ortaya çıxması ilə bir çox məsələlər aktuallaşıb:
“Əvvəllər daha çox insanın hansısa ciddi bacarıqları, əl əməyi, intellektual bacarıları üstünlük təşkil edirdisə, indiki halda bu nisbətən fərqlidir. Bu fərq ondan ibarətdir ki, yumşaq bacarıqlar, empatiya məsələləri ortaya çıxmağa başlayıb. Bizim üçün qarşımızda qoyulan və alimlərin də müzakirə etdiyi məsələlərdən biri də ondan ibarətdir ki, tarix boyu həmişə orta sinif dediyimiz insanlar cəmiyyətin əsasını təşkil ediblər. Bu o insanlardır ki, yüksəlişin, sabitliyin, iqtisadi-sosial stabilliyin əsası olublar. Süni intellektlə orta sinif nisbətən ortadan çıxmağa başlayıb. Bütün orta məsələləri süni intellekt öz üzərinə götürməyi bacarır”.




