Novruzun ilk müjdəçisi - Su çərşənbəsi
Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə "Yalançı çərşənbə", "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Sular Novruzu", "Gül çərşənbə" də deyirlər.
Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Qədim inam və etiqadlara görə, su çərşənbəsində təbiətin dörd ünsüründən biri olan su yenilənir. Bu çərşənbə su ilə, suyun təzələnməsi ilə başlanır.
Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqımızın inancına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq, sağlam olarlar. Sübh tezdən bulaqdan götürülən su isə min bir dərdin dərmanıdır.
Su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində ilk tonqal qalanır və bayram ab-havasının yaxınlaşdığı nəzərə çatdırılır. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Su çərşənbəsində həmçinin süfrəyə su qoymaq və suyun masa üzərinə tökülməsi xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, ilin sizin üçün bol ruzi-bərəkət gətirəcəyi gözlənilir.
Xalqımız üçün Novruz çərşənbələrinin ən böyük özəlliyi isə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində edilməsidir.
Su Çərşənbəniz mübarək! Ömrünüz axar su qədər şəffaf olsun!
Qeyd edək ki, martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.



