"Ölkəmizdə müəllim bütün xalqın hörmət və ehtiramını qazanmışdır" – QƏZETİN ARXİVİNDƏN

12 Dekabr, 2025 - 10:38
"Ölkəmizdə müəllim bütün xalqın hörmət və ehtiramını qazanmışdır"
"Ölkəmizdə müəllim bütün xalqın hörmət və ehtiramını qazanmışdır"

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk vaxtlardan ölkəmizdə təhsilin inkişafına böyük diqqət yetirib. Ümummilli Liderin bu illərdə “Azərbaycan müəllimi” qəzetində çoxlu çıxış, məruzə və nitqləri dərc olunub. Dahi şəxsiyyətin xüsusən də 47 il əvvəl Azərbaycan Müəllimlərinin VI Qurultayındakı çıxışı diqqəti cəlb edir. Qəzetimizin 19 may 1978-ci il 41-ci nömrəsində dərc olunmuş məruzəsində Heydər Əliyev ölkədə təhsilin vəziyyətinin geniş təhlilini verib və qarşıda duran vəzifələri göstərib. Məruzənin təhsillə bağlı hissəsindəki bir çox məsələlərin bu gün də aktuallıq kəsb etdiyini və oxucularda maraq doğuracağını nəzərə alıb həmin məruzədən bəzi məqamları oxuculara təqdim edirik.

 ... Ölkəmizdə müəllim bütün xalqın hörmət və ehtiramını qazanmışdır. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli nəyi varsa hamısını şagirdlərinə, xalqa bəxş edir. 

...Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

1920-ci ildə Azərbaycan əhalisinin arasında savadlılar bir faizdən az idi. Savadsızlıq hələ 30-cu illərdə aradan qaldırılmışdır və indi respublikanın 16 yaşdan yuxarı əhalisinin 34 faizinin, o cümlədən, bütün qadınların 27 faizinin ali, natamam ali və orta təhsili vardır. Sovet hakimiyyətinin birinci ilində Azərbaycan məktəblərində 73 min uşaq oxuyurdu, indi isə bir milyon altı yüz mindən çox uşaq oxuyur. Orta məktəblərə aid rəqəmlər daha heyrətamizdir: 1920-ci ildə orta məktəblərdə cəmi 4.500 adam təhsil alırdı, indi isə bir milyon iki yüz mindən artıq, yəni 27 dəfə çox adam təhsil alır. Müəllimlərin sayı artaraq 2.600 nəfərdən 120 min nəfərə çatmışdır. 

Doqquzuncu və onuncu beşilliklərdə xalq maarifi, onun maddi-texniki bazası, xüsusilə intensiv inkişaf edir. Yeddi il ərzində bir milyon yeddi yüz əlli min adam səkkizillik və orta təhsil almışdır. Bu isə üst-üstə yeddinci və səkkizinci beşilliklərdəkindən bir yarım dəfə çoxdur. Dövlətin və kolxozların vəsaiti hesabına 268 min nəfərlik 550 ümumtəhsil məktəbi tikilmişdir. Deməli, indi şagirdlərin hər altı nəfərindən bir nəfəri doqquzuncu və onuncu beşilliklərdə istifadəyə verilmiş məktəblərdə təhsil alır. Xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayan texniki peşə təhsili sistemi məktəblərinin şəbəkəsi xeyli genişlənmişdir. 1965-ci ildə texniki peşə məktəblərində və fabrik-zavod şagirdliyi məktəblərində 14 minə qədər oğlan və qız təhsil aldığı halda, indi 81 min nəfər, yəni təqribən altı dəfə çox oğlan və qız təhsil alır. Texniki peşə məktəblərinin coğrafiyası xeyli genişlənmişdir. İndi respublikanın, demək olar, bütün rayon mərkəzlərində ayrı-ayrı kəndlərində texniki peşə məktəbləri vardır. Şagirdlərə, eyni zamanda, həm orta təhsil verən, həm də ixtisas öyrədən texniki peşə məktəblərinin sayı yeddi il ərzində 4 dəfədən çox artmışdır. Daha iki maraqlı rəqəm gətirmək istəyirəm. İnqilabdan əvvəl Azərbaycanda il ərzində maarif ehtiyaclarına adambaşına orta hesabla 64 qəpik pul xərclənirdi. 1977-ci ildə isə bu xərclər 60 manatı ötüb keçmişdir. 

Tarixi proses olan əsl ümumxalq maarifi prosesində əsas sima müəllimdir. Məktəblərimizin bütün yetişdirmələrinə həyat vəsiqəsini müəllim vermişdir. Mehriban, qayğıkeş olduqlarına, xalqa sədaqətlə, fədakarlıqla xidmət etdiklərinə gorə, bu gün qurultayın yüksək tribunasından bütün müəllimlərimizə və tərbiyəçilərimizə səmimi-qəlbdən təşəkkür etmək istəyirik.

Məktəbimiz təbiətin və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən, yaradıcı təfəkkür vərdişləri olan bilikli adamlar hazırlamalıdır. Bu gün faktların müəyyən məcmusunun şagirdlər tərəfindən mənimsənilməsi ilə kifayətlənmək olmaz. Şagirdlərə öz biliklərini müstəqil surətdə artırmaq, elmi və siyasi informasiyanın sürətli axınından baş çıxarmaq vərdişi aşılanmalıdır. Bu mürəkkəb və məsul vəzifənin yerinə yetirilməsi hər bir pedaqoji kollektivin, hər bir müəllimin fəaliyyəti ilə, müəllimlərin hazırlıq səviyyəsi ilə, təlim metodlarının həyat tələblərinə uyğunlaşdırılması ilə sıx əlaqədardır. Demək lazımdır ki, respublikada bu sahədə çox iş görülür və həmin işin real bəhrələri iqtisadiyyat və mədəniyyətin inkişafında qazanılmış müvəffəqiyyətlərdə özünü göstərir. 
 
Hər il orta məktəbləri təqribən 100 min oğlan və qız qurtarır, onların 20 min nəfəri ali məktəblərə, daha çox hissəsi texnikumlara daxil olur, on minlərlə oğlan və qız xalq təsərrüfatının müxtəlif sahələrinin işçiləri sırasına qoşulur. Keçən onillikdə zamanın tələblərinə uyğun olaraq təhsilin məzmunu yeniləşdirilmişdir. Şagirdlərin bilik səviyyəsi, müvəffəqiyyət göstəricisi nəzərə çarpacaq dərəcədə yüksəlmişdir. İkinci ilə qalan məktəblilərin sayı on il ərzində dörd dəfə azalmışdır, respublika məktəblərinin üçdəbir hissəsindən çoxunda isə ikinci ilə qalan yoxdur.
  
Bizdə bir çox əla pedaqoji kollektivlər yaranmışdır. Həmin kollektivlərdə əsl ustadlar, öz işinin fədailəri, məsləkdaşlar işləyirlər. Bunlar Bakıdakı 190, 44, 160, 210 və 6 nömrəli məktəblərin, Yevlax rayonundakı Xaldan kənd orta məktəbinin, Lənkəran rayonundakı Nərimanabad məktəbinin, Qazax rayonundakı Şıxlı məktəbinin, Tovuz rayonundakı Bozalqanlı məktəbinin, Şəki rayonundakı Oxud məktəbinin, Şamaxı rayonundakı Leninabad məktəbinin. Masallı rayonundakı Hişkədərə məktəbinin və başqa məktəblərin müəllim kollektivləridir.
  
Biz əsl vətənpərvərlərin, mübarizlərin, əməkçilərin, möhkəm əqidəli cəmiyyət qurucularının neçə-neçə nəslini yetişdirmiş müəllimlərimizlə haqlı olaraq fəxr edirik. Sosialist Əməyi Qəhrəmanları Zərbəli Səmədov və Məsmə Atakişiyeva, respublikanın Əməkdar müəllimləri Zara Səfərova, Məhər Quliyev, Mariya Samoylova, Zeynəb Atakışıyeva, Lətif Kələntərli, Zahid Şöyübov, Rəşid Hacıyev, Yaqub Bunyadov, Qalina Frolova, Hacı Hacızadə, Cümşüd Quliyev, Qalina Sorokina, Heydər Eyvazov və əsl mənada müəllim, gözəl tərbiyəçi, hami olan bir çox başqaları haqqında hərarətli, səmimi, xoş sözlər deyə bilərik.
Ən yaxşı pedaqoji kollektivlərin və müəllimlərin təcrübəsi məktəbimizin işini daha da təkmilləşdirmək üçün güclü mənbə və stimuldur.

Biz Azərbaycan məktəbinin müvəffəqiyyətlərinə yaxşı bələdik və ürəkdən sevinirik. Bununla yanaşı, biz nöqsanları da görürük. Təlim-tərbiyə prosesinin lazımi səviyyədə olmadığı, müəllimlərə, şagirdlərə yüksək tələbkarlıqla yanaşılmadığı, vəziyyəti yaxşı göstərmək üçün qiymətlərin şişirdildiyi və süni surətdə yüksək müvəffəqiyyət faizi yaradıldığı məktəblər, təəssüf ki, hələ az deyildir. Bu nöqsanları aradan qaldırmaq müəllimlərin, bütün xalq maarifi işçilərinin birinci dərəcəli vəzifəsidir. Biz əminik ki, respublika müəllimlərinin qurultayı bu problemlərin müzakirəsinə lazımınca diqqət yetirəcəkdir.

İctimai fənlərin təlimi keyfiyyətinin böyük əhəmiyyəti vardır. Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür... İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq... əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir. 

Bizim məktəb şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Ölkənin iqtisadiyyatı coşqun surətdə inkişaf edir və ona hazırlıqlı adamlar lazımdır. Respublikamızda sosial-iqtisadi inkişafa dair böyük proqram həyata keçirilir. Geniş miqyasda sənaye yenidən qurulur, genişləndirilir və modernləşdirilir, ən qabaqcıl texnika ilə təchiz olunmuş yeni müəssisələr və istehsalatlar tikilir. Azərbaycan sənayesi texniki tərəqqi yolu ilə addımlayır, bu isə o deməkdir ki, kadrların bilik səviyyəsinə verilən tələblər durmadan artır. Respublika kənd təsərrüfatının ixtisaslaşdırılması, təmərküzləşdirilməsi və aqrar-sənaye inteqrasiyası əsasında istehsalın intensivləşdirilməsi prosesi böyük sürətlə gedir. Gənclər elmi işçilərin sıralarına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu buradan irəli gəlir.

Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları ölkədə və respublikamızda sosialist mədəniyyətinin nailiyyətləri ilə, rus, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, sovet ədəbiyyatının qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək  zəruri keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir.

..Böyüməkdə olan nəslin  mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyətin formalaşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir. Bu, kompleks problemdir və onun həllində məktəb  çox böyük rol oy-nayır. Məktəbdə insanın dünyagörüşünün bünövrəsi qoyulur, onun xarakteri  formalaşır, ideya dayaqlarının, mənəvi və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin təsiri altında şagirdlərin əqidəliliyi, əməyə məhəbbət, yüksək mənəviyyat və humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi zəruri keyfiyyətləri tərbiyə edilir. 

 Böyüməkdə olan nəslin cəmiyyətin rifahı naminə əməyə, yaradıcılıq fəaliyyətinə hazırlanması məktəbin tərbiyəvi işinin başlıca istiqamətlərindən biridir... 

Razılıq hissi ilə demək olar ki, son illər ərzində respublikanın ümumtəhsil məktəbləri, xalq maarifi orqanları əmək vərdişləri aşılamaq, onların ictimai-faydalı əməyini təşkil etmək üçün az iş görməmişlər.  Bir çox orta məktəblərdə, o cümlədən, Bakıdakı 111, 210, 54, 27, 162 nömrəli məktəblərdə, Kirovabaddakı 38 nömrəli məktəbdə, Sumqayıtdakı 15 nömrəli, Ağdamdakı 3 nömrəli məktəblərdə, Tovuz rayonundakı Aşağı Quşçu məktəbində və başqa məktəblərdə şagirdlərin əmək təliminin, onların ictimai-faydalı əmək məşğələlərinin təşkili müasir tələblərə cavab verir. 

Pedaqoji kollektivin istehsalatla sıx əlaqəsi, sənaye müəssisələrinin məktəbə hamiliyi əmək tərbiyəsinin təkmilləşdirilməsində çox böyük əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, harada məktəbə hamilik yardımı ciddi təməl üzərində qurulmuşsa, bu hamilik etibarlı fəhlə nəslinə, böyüməkdə olan nəslin əmək mətinliyinə həqiqi qayğıdan irəli gəlirsə, orada iş müvəffəqiyyətlə gedir və yaxşı bəhrələr verir. Ölkəmizdə böyüməkdə olan nəslə qayğı hamının işidir, ümumxalq işidir...Biz böyüməkdə olan nəslin əmək təlimi və tərbiyəsinin təkmilləşdirilməsində təcrübəli fəhlələrə, istehsalat veteranlarına və qabaqcıllarına, hami-tərbiyəçi ustalara, xüsusilə bel bağlayırıq. Biz ümidvarıq ki, onlar öz biliklərini, təcrübələrini, fəhlə iftixarını, şanlı əmək ənənələrinə sədaqətlərini gənc nəslə vermək üçün qüvvə və vaxtlarını əsirgəməyəcəklər.

…Məktəblilərin əməyə hazırlanması qarşısında qoyulan yeni tələblərlə əlaqədar olaraq, görünür, məktəb əmək müəllimlərinin, texniki peşə məktəbləri üçün ixtisas fənlərindən dərs deyən müəllimlərin respublika pedaqoji və ya ali texniki məktəblərində hazırlanması planını nəzərdən keçirib artırmaq məqsədəuyğundur.

Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı - bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax, bu meyarla müəyyən edilir.

Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Öz Vətəni üçün iftixar hissini, vətənpərvərliyi oğlan və qızların şüurunda bərqərar etmək müəllimlərimizin məsul və mühüm vəzifəsidir. Demək lazımdır ki, respublikanın məktəbləri vətənpərvərlik tərbiyəsi üçün çox iş görmüşlər və görürlər. 
  
Məktəbdə vətənpərvərlik tərbiyəsi işini daim təkmilləşdirmək, onun forma və metodlarının rəngarəngliyinə çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır. Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox fikir verilməli, bədən tərbiyəsinin tədrisi yaxşılaşdırılmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir. 

Məktəbdə insanın mənəvi keyfiyyətlərinin əsası qoyulur, onun baxışları, arzu və istəkləri formalaşır, onun rəhbər tutduğu mənəvi meyarlar bir çox cəhətdən müəyyənləşir. Müəllimin mənəvi-əxlaqi siması, ideya inamı, baxışlarının sabitliyi, hərəkətlərinin ardıcıllığı, maraq dairəsinin genişliyi, səmimiliyi və vicdanlılığı məktəbdə qüdrətli tərbiyəvi amildir. 
 
Pedaqoji kollektivdəki mənəvi iqlim məktəblilərin əxlaq tərbiyəsinin səmərəliliyi üçün çox mühüm şərtdir...Lakin pedaqoji kollektivlərin və xalq maarifi orqanlarının heç də hamısında əsl sağlam mənəvi iqlim  yaradılmamışdır. Bəzi kollektivlərdə və xalq maarifi orqanlarında vəzifədən sui-istifadə, tamahkarlıq, rüşvətxorluq, proteksionizm halları vardır, peşə etikasının pozulmasına qarşı kəskin, barışmaz mübarizə aparılmır, lazımi tələbkarlıq, əxlaq normalarından kənara çıxmaq hallarına qarşı barışmazlıq yoxdur. 

Şagirdlərin biliyinin dolğunluğu və verilən qiymətin siqləti üçün müəllimin məsuliyyətini aşağı salan repititorluq ləng aradan qaldırılır. Bir sıra məktəblərdə bayramlar və buraxılış gecələri ərəfəsində müəllimlərə hədiyyə üçün pul yığılır, müəllimlərlə şagirdlər və valideynlər arasında açıq-saçıq, qeyri-pedaqoji münasibətlər əmələ gəlmişdir. Bu cür eybəcər hallara qarşı qətiyyətlə barışmaz mübarizə aparmaq, belə halları yayanlar ətrafında dözülməzlik, ümumi məzəmmət şəraiti yaratmaq, hər bir pedaqoji kollektivdə, bütün xalq maarifi sistemində saf mənəvi iqlim olmasına əzmlə çalışmaq lazımdır. Nail olmaq lazımdır ki, hər bir pedaqoji kollektiv şagirdlər üçün, onların valideynləri üçün, geniş ictimaiyyət üçün yüksək ideyalılıq, əxlaq prinsiplərinə sədaqət, yüksək tələbkarlıq və prinsipiallıq nümunəsi olsun.

Məktəb ailə ilə qarşılıqlı münasibətlərdə prinsipial, pedaqoji cəhətdən düzgün mövqe tutmalıdır. Məktəblə ailənin sıx qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks prosesdir və onun səmərəliliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır. Valideyn yığıncaqlarının rolu və əhəmiyyəti artırılmalı, şagirdlərin valideynləri və ailələri ilə məktəbin əlaqəsi hər vasitə ilə möhkəmləndirilməlidir. Məktəb evdə uşağın hansı şəraitdə böyüdüyünü və tərbiyə edildiyini yaxşı bilməli, ailədə tərbiyə prosesinə təsir göstərməyin yeni formalarını axtarmalı, pedaqoji biliklərin əsaslarını valideynlərə öyrətməlidir. Məhz müəllim müəyyən mərhələdə tərbiyə sahəsində hansı vəzifəni yerinə yetirmək lazım gəldiyini müəyyənləşdirməli, valideynlərə kömək etməli, uşağın şəxsiyyətinin formalaşdırılmasına düzgün təsir göstərmək yollarını onlara öyrətməlidir. Axı, gizlin deyildir ki, uşaqlar üçün maksimum  rahatlıq yaratmağa, onları nemətlərlə gen-bol təmin etməyə çalışan valideynlər bəzən qayğıkeşliyin həddini aşır, bununla tərbiyəyə böyük ziyan vururlar. Jan Jak Russo deyib ki, insana hər şey verib ondan heç nə tələb etməmək onu açıq-aşkar korlamaq deməkdir. 

Bəzi valideynlər öz uşaqlarına tələbkarlıq göstərmir, onların biliyinə tənqidi yanaşmırlar, onlara hər vasitə ilə yüksək qiymət yazdırmağa çalışır, özlərini düzgün aparmırlar. Məktəb bu əyintilərin qarşısını almalı, onların kökünü hələ rüşeym halında ikən kəsməli, hər bir şagirdə tələbkarlıqla və obyektiv yanaşmalı, hər yerdə - davranışda da, geyimdə də, əyləncədə də təvazökar olmağı öyrətməlidir. Məktəb bunu uşaqlara, lazım gəlsə, hətta valideynlərə də öyrətməlidir.

Təəssüf ki, bir sıra hallarda ailədə tərbiyənin düzgün aparılmaması hələ kamilləşməmiş uşaq şüuruna lovğalıq və xudpəsəndlik, meşşanlıq və istehlakçılıq, nihilizm və ideyasızlıq toxumu səpir. Bu, şəxsiyyətin ideya-əxlaq tərbiyəsində ciddi nöqsanların səbəblərindən biridir.Valideynlər yaxşı başa düşməlidirlər ki, uşaqların tərbiyəsi heç də ailənin daxili işi, hər kəsin şəxsi işi deyildir. Bu, vətəndaşın Konstitusiyadan irəli gələn vəzifəsidir, cəmiyyət qarşısında borcudur və hər bir valideyn məsuliyyətini tamamilə dərk edərək öz borcunu yerinə yetirməlidir. 

Məktəb şəbəkəsinin genişlənməsi, məktəblərin ümumtəhsil tərbiyəvi vəzifələrinin mürəkkəbləşməsi müəllim kadrları hazırlamaqla əlaqədar mühüm problemlər irəli sürmüşdür. Son illər respublikada bu sahədə az iş görülməmişdir. Naxçıvanda və Stepanakertdə yeni pedaqoji institutlar, Bakıda Pedaqoji Xarici Dillər İnstitutu açılmışdır. Abituriyentlərin seçilməsi yaxşılaşdırılmış, kəndli gənclərin, xüsusilə dağlıq rayonlardan gələn gənclərin bu ali məktəblərə daxil olması üçün imtiyazlı şərait yaradılmışdır. Gələcək müəllimlərin təliminin təkmilləşdirilməsinə diqqət artırılmışdır. Nəticədə, respublikanın məktəbləri pedaqoji kadrlarla daha yaxşı təmin edilməyə başlanmışdır. 

Eyni zamanda, bu sahədə bizim həll edilməmiş problemlərimiz də vardır. Pedaqoji ali məktəblərin başlıca vəzifəsi gələcək müəllimlərə dərin bilik verməkdən, müasir sovet pedaqoqunu öyrətməkdən və tərbiyə etməkdən ibarətdir. Lakin ali məktəb məzunlarının bir hissəsinin hazırlıq səviyyəsi heç də qənaətbəxş deyildir. Bəziləri müasir tədris metodlarına zəif yiyələnmişdir, ixtisasını kifayət dərəcədə bilmir, bu isə məktəblərdə haqlı narazılığa səbəb olur. Pedaqoji ali məktəbin hər bir tələbəsi gələcək müəllimdir, tərbiyəçidir, buna görə də qüvvəni əsirgəmədən onunla işləmək, onu gələcək fəaliyyətə hazırlamaq, öz yüksək borcunu yerinə yetirməsi üçün ona partiya və xalq qarşısında məsuliyyət hissi aşılamaq lazımdır.

Pedaqoji ali məktəblərin qarşısında duran vəzifələrdən danışarkən, ali təhsili olmayan müəllimlərin ixtisasını artırmaq üçün yaradılmış qiyabi şöbələrin əhəmiyyətini qeyd etmək istəyirəm. Ali təhsili olmayan müəllimlər respublikada hələ az deyildir - 34 minə qədərdir. Lakin onların cəmi üçdəbir hissəsi oxuyur. Xalq maarifi orqanları bu imkanlardan daha geniş istifadə etməli, ali təhsili olmayan bütün pedaqoqları qiyabi təhsilə cəlb etməlidirlər. Müasir şəraitdə pedaqoji kadrların təkmilləşdirilməsi və onların ixtisasının artırılması sisteminin rolu yüksəlir. Bu sistem qabaqcıl təcrübəni yaymaq, müasir tədris metodologiyasını öyrətmək, müəllimin bilik səviyyəsini yüksəltmək üçün səmərəli vasitədir. Lakin Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun, onun zona şöbələrinin fəaliyyətində, ümumiyyətlə, pedaqoqların təkmilləşdirilməsi işində nöqsan çoxdur. Formalizm, tədris səviyyəsinin aşağı olması. Təkmilləşdirmə İnstitutu kadrlarının tərkibinin təsadüfi adamlarla zibillənməsi ixtisasartırma sisteminin səmərəliliyini aşağı salır və nəticə etibarı ilə onun az fayda verməsinə səbəb olur.  

...Pedaqogika elminin qarşısında duran vəzifələrin ölçüyəgəlməz dərəcədə artması Respublika Elmi-Tədqiqat Pedaqogika İnstitutunun işini xeyli yaxşılaşdırmağı tələb edir. Alimlərimiz müasir pedaqogika elminin aktual problemlərini dərindən işləyib hazırlamalı, qabaqcıl təcrübəni ümumiləşdirməli və yayınalı, pedaqoji kollektivlərə, xüsusən kənd məktəblərinin pedaqoji kollektivlərinə metodiki yardımı gücləndirməlidirlər. 

Ümumtəhsil məktəblərinin maddi-texniki bazasını möhkəmlətməyə partiya və hökumət xüsusi qayğı göstərmişlər və göstərirlər. Son illər respublikamızda yüzlərlə məktəb, məktəbəqədər və məktəbdənkənar uşaq tərbiyə ocağı və sairə tikilmişdir. Lakin respublikanın məktəb tikintisi planları yerinə yetirilsə də, bu işdə ciddi nöqsanlar az deyildir. Tikinti təşkilatlarının işindəki avralçıhq keyfiyyətə xələl gətirir, məktəb binaları böyük qüsurlarla və kəm-kəsirlə təhvil verilir.
Bu il respublikada məktəb tikintisinin həcmi bildirkinə nisbətən xeyli artacaqdır. Tikinti nazirlikləri və baş idarələri Maarif Nazirliyi məktəb tikintisi planlarının sözsüz yerinə yetirilməsi, məktəb binalarının vaxtında təhvil verilməsi, tikinti işlərinin yüksək keyfiyyətlə aparılması üçün hər cür tədbirlər görməlidirlər.

Rəhbər pedaqoji kadrların seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində mövcud nöqsanlar da hələlik ləng aradan qaldırılır, lazımi iş təcrübəsinə, təşkilatçılıq qabiliyyətinə, mənəvi-siyasi keyfiyyətlərə malik olmayan adamların məktəb rəhbəri və RXMŞ müdiri vəzifələrinə irəli çəkilməsi halları davam edir. Bu isə rəhbər pedaqoji kadrların tez-tez dəyişməsinə səbəb olur və xalq maarifi işinə zərər vurur. Maarif Nazirliyi bugünkü yüksək tələblərə, sovet məktəbi qarşısında partiyanın irəli sürdüyü vəzifələrə müvafiq surətdə xalq maarifinin səmərəsini və keyfiyyətini yüksəltmək üçün daha məqsədyönlü təşkilatçılıq işi aparmalıdır.

Təqribən yarım əsr bundan əvvəl 1925-ci ilin mayında respublika müəllimlərinin birinci qurultayı Azərbaycanda yeni sovet məktəbinin təşəkkülü məsələlərini müzakirə etmişdi. Bu, çətin dövr idi. Mürəkkəb məsələləri yerinə yetirmək, yüz minlərlə yaşlı adamlara savad öyrətmək, əsrlər boyu davam edən nadanlığı və cəhaləti bir neçə il ərzində aradan qaldırmaq, əsl mədəni inqilab etmək lazım idi. Bu vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş və bu sahədə öz əməyini, istedadını, ilhamını gənc nəslin tərbiyəsi kimi nəcib bir işə sərf etmiş Azərbaycan  müəllimlərinin, diqqətəlayiq pedaqoqların böyük xidməti olmuşdur.
 

“Azərbaycan müəllimi” 19 may,1978-ci il N41