Ombudsman: Uşaqlar arasında geniş yayılmış onlayn oyunlar ciddi risklər yaradır

1 İyun, 2026 - 10:07
Ombudsman: Uşaqlar arasında geniş yayılmış onlayn oyunlar ciddi risklər yaradır

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunmasında multidisiplinar yanaşmanın tətbiqi zəruridir. Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması vacibdir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, səmərəli nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

“Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair yayımlanan açıq müraciətində bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində dövlət qurumlarına, media nümayəndələrinə, valideynlərə çağırışlar səsləndirilib.

Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.

Bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir.

Media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi çox önəmlidir”, - deyə ombudsman vurğulayıb.

S.Əliyeva qeyd edib ki, təsisat tərəfindən rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici sosial videoçarx hazırlanıb və əhali arasında yayılması təmin edilib.

“Tərəfimdən uşaqların sosial şəbəkə və digər rəqəmsal platformalardan istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin olunması təklif edilib.

Azərbaycan Prezidenti 2026-cı il fevralın 27-də “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncam rəqəmsal mühitdə uşaqların zərərlərdən müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu məqsədlə normativ-hüquqi akt layihələri hazırlanıb, ombudsman tərəfindən həmin layihələrə təkliflər göndərilib”, - deyə o qeyd edib.