Ötən il bacısı, bu il özü qızıl medal qazandı – Kənd məktəbindən böyük uğur
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan dili və ədəbiyyat üzrə Respublika fənn olimpiadalarının (RFO) nəticələri açıqlanıb.
Nəticələrə əsasən, Saatlı rayonunun kənd məktəblərindən biri — Ə.Şüküroğlu adına Varxankənd kənd tam orta ümumtəhsil məktəbinin üç şagirdi RFO-da böyük uğura imza atıb. Belə ki, Azərbaycan dili və ədəbiyyat üzrə yarışan şagirdlərdən ikisi qızıl, biri isə gümüş medal qazanaraq həm məktəblərini, həm də bölgəni layiqincə təmsil ediblər.
Məktəbin direktoru, Əməkdar müəllim Lətif Şimşəkovun “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, təhsil ocağı son illərdə olimpiadalarda ardıcıl uğurları ilə seçilir:
“Məktəbimiz Axıska türkləri bu ərazidə məskunlaşdıqdan sonra - 1959-cu ildə yaradılıb. Təhsil müəssisəmiz hər zaman uğurlu nəticələri ilə yadda qalıb. Son 5 ildə şagirdlərimiz RFO-da 6 qızıl, 3 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 10 medal qazanıblar. Bu medallar Azərbaycan dili və ədəbiyyatı, eləcə də tarix fənləri üzrə əldə olunub.
Cari tədris ilində olimpiada qaliblərindən biri olan IX sinif şagirdi Fatimə Allahverdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medal qazanıb. O, uğurunun arxasında müəllimlərinin dəstəyi və şəxsi əzminin dayandığını bildirib:
“Müəllimlərimin dəstəyi və qarşıma qoyduğum məqsəd məni bu yolda irəli apardı. Bacım ötən il RFO-da qızıl medal qazanmışdı və bu uzun marafonda onun dəstəyi mənim üçün çox önəmli oldu. Qələbə qazanacağıma inanırdım, çünki zəhmətimin qarşılıqsız qalmayacağını bilirdim. Gələcəkdə "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almaq istəyirəm”.
Digər qalib - X sinif şagirdi Fəridə Asif də Azərbaycan dili və ədəbiyyatı üzrə qızıl medal əldə edib. O, bu uğurun illərin zəhmətinin nəticəsi olduğunu vurğulayıb: “Bu müsabiqədə iştirak etmək həmişə arzum olub. Müəllimlərim və valideynlərim mənə böyük dəstək göstəriblər. Onların mənə inamı məni daha da ruhlandırırdı. Keçən tədris ilində final mərhələsinə qədər yüksəlsəm də medal qazana bilməmişdim. Bu il isə məqsədimə çatdım. Gələcəkdə hüquqşünas olmaq istəyirəm və bu istiqamətdə çalışıram”.
X sinif şagirdi Murad Muradov isə Azərbaycan dili və ədəbiyyatı üzrə gümüş medal qazanaraq qaliblər sırasına daxil olub:
“Bir neçə ildir bu olimpiadada iştirak edirəm və məqsədim finalda qalib olmaq idi. Bu fənnə böyük marağım var. Gələcəkdə hüquqşünas olmaq istəyirəm və bunun üçün səylə çalışıram”.
Qeyd edək ki, Fəridə Asif və Murad Muradov əslən Axıska türküdür.



