"Övladlarınızın qələbəsində, həm də məğlubiyyətində yanlarında olun” - Çempionlar yetişdirən məşqçi-müəllim
Çempion yetişdirmək yalnız idmançıya texniki bacarıqlar aşılamaq deyil, həm də onda əzm, iradə, dözümlülük və qələbəyə inam formalaşdırmaqdır. Bu yol böyük zəhmət, sonsuz səbr və fədakarlıq tələb edir. Hər uğurlu idmançının arxasında onun potensialına inanan, məqsədinə çatması üçün gecə-gündüz çalışan, qələbələrinə sevinən, məğlubiyyətlərindən isə yeni dərslər çıxaran bir məşqçi dayanır.
“Azərbaycan müəllimi”nin həmsöhbəti belə idmançılardan biri – Lənkəran–Astara regionunda idmanın inkişafına töhfə verən, yetirmələri ölkə və beynəlxalq yarışlarda uğur qazanan Masallı Uşaq İdman Məktəbinin boks üzrə məşqçi-müəllimi Orxan Cəbiyevdir.
Onun üçün boks sadəcə idman növü deyil…
Orxan Cəbiyev 2022-ci ildən Masallı Uşaq İdman Məktəbinin boks bölməsində məşqçi-müəllim kimi fəaliyyət göstərir. Onun üçün boks sadəcə idman növü deyil, həyat tərzidir. Bu idmana marağı gənc yaşlarından yaranıb. Boksun insana aşıladığı intizam, iradə, səbr və mübarizə ruhu onun həyat seçimində mühüm rol oynayıb. Zaman keçdikcə idmanda yalnız şəxsi uğur qazanmağın deyil, öyrəndiklərini gələcək nəsillərə ötürməyin də vacibliyini anlayıb. Bu gün məşqçi kimi əsas məqsədlərindən biri məhz həmin təcrübəni yetirmələri ilə bölüşməkdir. Onun fikrincə, idmanda ən böyük qazanc medal və titullardan daha çox qazanılan təcrübə və formalaşan xarakterdir.
Bu yanaşmanın nəticələrini məşğul olduğu uşaq və yeniyetmələrin nailiyyətlərində də görmək mümkündür. Məşqçilik fəaliyyəti ərzində müxtəlif yaş qruplarında idmançılar yetişdirən Orxan Cəbiyevin yetirmələri arasında Azərbaycan çempionları, Avropa çempionu və beynəlxalq yarışların mükafatçıları var. Belə ki, onun yetirməsi Əli Abdullayev 2024-cü ildə Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 63,5 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
Məşqçi bizimlə söhbətində Əlinin ilk məşqçisi və idman yolunda mühüm rol oynamış şəxslərdən biri olmasını xüsusi qürurla qeyd edir: “Digər yetirmələrim Qardaş Rəhimov 2025-ci ildə U-17 Avropa çempionatında 46 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub, Onur Qurbanov 2025-ci ildə U-15 Avropa çempionatında 42 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. Yusif Nəsirov, Hüseyn Rəhimli və Fərid Quliyev də Azərbaycan çempionlarıdır. Mirələm Məcidli yeniyetmələr arasında Azərbaycan ikincisi, Arif Məcidli yeniyetmə və gənclər arasında Azərbaycan üçüncüsü, Ümüd Rüstəmov isə Azərbaycan üçüncüsüdür. Qadın boksçulardan Leyla Nəsirova Azərbaycan ikincisi, Hökmə Balayeva isə ölkə üçüncüsü olub. Mən öz yetirmələrimlə fəxr edirəm. Onların uğurlarını görmək qürurvericidir”.
Orxan Cəbiyevin sözlərinə görə, hər medalın arxasında idmançının əziyyəti ilə yanaşı, məşqçinin də illərlə çəkdiyi zəhmət dayanır.
Yüksək nəticələrə aparan yol düzgün qurulmuş məşq prosesindən başlayır
Həmsöhbətimiz söyləyir ki, məşqləri idmançıların yaşına, fiziki hazırlığına, texniki bacarığına və fərdi xüsusiyyətlərinə uyğun təşkil edir. Fiziki hazırlıq, koordinasiya, sürət, dözümlülük və çevikliklə yanaşı, düzgün boks texnikasına xüsusi diqqət yetirir. Növbəti mərhələdə taktiki hazırlıq, məsafə saxlamaq, müdafiə, hücum və əks-hücum üzərində işləyirlər.
Onun məşq prinsipinin əsasını idmançının yalnız zərbə vurmağı deyil, düşünməyi, rəqibini anlamağı və çətin vəziyyətdə düzgün qərar verməyi bacarması təşkil edir. İntizam, davamlı məşq, düzgün qidalanma, bərpa, psixoloji hazırlıq və məşqçi-idmançı arasında qarşılıqlı inam yüksək nəticənin əsas şərtləridir. Məşqçi hesab edir ki, istedad vacib olsa da, onu real uğura çevirən zəhmət, intizam və düzgün istiqamətdir. Onun fikrincə, yüksək nəticələrə aparan yol düzgün qurulmuş məşq prosesindən başlayır.
İnsan rinqdən kənarda da güclü xarakterə sahib olmalıdır
Orxan Cəbiyev üçün idmançı yetişdirmək yalnız texniki bacarıqlar öyrətməklə məhdudlaşmır. O, ilk növbədə uşaqlarda düzgün xarakter formalaşdırmağa çalışır. Hörmət, böyüklərə ehtiram, kiçiklərə qayğı, dürüstlük, zəhmətsevərlik və verilən sözə əməl etmək məşqlərdə aşıladığı əsas keyfiyyətlərdəndir. Onun qənaətinə görə, rinqdə güclü olmaq kifayət deyil, insan rinqdən kənarda da güclü xarakterə sahib olmalıdır. Bu prosesdə valideynlərin rolunu da vacib hesab edən məşqçi bildirir ki, idmançının uğuru məşqçi, valideyn və idmançının birgə səylərinin nəticəsidir. Məşqçi düzgün yol göstərməli, valideyn övladına dəstək olmalı, idmançı isə zəhməti ilə nəticə qazanmalıdır.
Söhbət əsnasında o, valideynlərə vacib bir mesaj ünvanlayır: “Övladlarınızın yanında yalnız medal qazandıqları, uğur əldə etdikləri günlərdə deyil, məğlub olduqları, ruhdan düşdükləri anlarda da olun. Unutmayın ki, bəzən uşağın həyatında dönüş yaradan ən böyük güc onun uğuruna sevinən deyil, uğursuzluğu qarşısında belə ona inamını itirməyən bir valideynin dəstəyidir”.
Məğlubiyyəti idmanın ayrılmaz hissəsi hesab edən Orxan Cəbiyev belə hallarda idmançılarını danlamaq əvəzinə, onları anlamağa və səhvləri birlikdə təhlil etməyə üstünlük verir. Yetirmələrinə məğlubiyyətin son olmadığını, əsas məsələnin ondan nəticə çıxarıb yenidən mübarizəyə qayıtmaq olduğunu aşılayır. Onun sözlərinə görə, idmançı bilməlidir ki, medal qazandığı gün də, məğlub olduğu gün də məşqçisi onun yanındadır.
Masallı Uşaq İdman Məktəbində uşaqlarla işləməyin böyük məsuliyyət olduğunu deyən məşqçi idmanın, xüsusilə də boksun inkişafı üçün məşq şəraitinin, müasir avadanlıqların və maddi-texniki bazanın daim təkmilləşdirilməsinin vacibliyini vurğulayır. O qeyd edir ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı, yaradılan geniş imkanlar və gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsinə yönələn diqqət həmin sahənin inkişafına mühüm töhfə verir. Bu diqqət və dəstək bölgələrdə də idmanın kütləviliyinin artırılması, istedadlı gənclərin üzə çıxarılması və onların peşəkar idmançı kimi formalaşması üçün geniş imkanlar yaradır.
Gələcək hədəflər
Gələcək hədəflərindən danışan Orxan Cəbiyev ən böyük arzusunun daha çox yetirməsinin Avropa, dünya və Olimpiya arenalarında Azərbaycan bayrağını yüksəltməsi, Masallının adını beynəlxalq idman ictimaiyyətinə tanıtması olduğunu bildirir. O, güclü və rəqabətədavamlı idmançılar yetişdirməyi, məşqçilik fəaliyyətini daim təkmilləşdirməyi, eyni zamanda boksun rayonda daha geniş kütlə arasında sevilməsinə və inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
Orxan Cəbiyev üçün uğur anlayışı qazanılan medallar və əldə edilən idman nəticələri ilə məhdudlaşmır. O, ən böyük nailiyyətini yetirmələrinin yalnız idmançı kimi deyil, həm də həyatda özünə inanan, düzgün dəyərlərə sahib, iradəli və əzmkar insanlar kimi formalaşmasında görür. Məşqçi etiraf edir ki, yetirmələrindən özü də çox şey öyrənir. Onların bütün çətinliklərə baxmayaraq məşqləri davam etdirmələri, məğlubiyyətlərdən sonra yenidən ayağa qalxaraq mübarizəyə qayıtması ona əlavə güc və stimul verir.
Onun fikrincə, məşqçilik yalnız idmançıya düzgün texnika və taktika öyrətməkdən ibarət deyil. Əsl məşqçi yetirməsinin xarakterini tanımalı, onun düşüncəsini anlamalı, etimadını qazanmalı və qəlbinə yol tapmağı bacarmalıdır. Çünki böyük idman uğurlarının təməlində yalnız fiziki hazırlıq deyil, həm də mənəvi dayanıqlıq, qarşılıqlı inam və düzgün tərbiyə dayanır.
Əməyi hər zaman qiymətləndirilib
Orxan Cəbiyev məşqçilik fəaliyyətinə və idmanın inkişafına verdiyi töhfələrə görə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Boks Federasiyasının baş katibinin təşəkkürnaməsi ilə təltif olunub. Həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmana layiq görülüb.
Məşqçi-müəllim qazandığı uğurları yeni hədəflərə doğru atılan addım kimi dəyərləndirir. Onun üçün ən böyük mükafat yetirmələrinin uğurları, qazandıqları qələbələr və həyatda layiqli mövqe tutmalarıdır.




