Oyun uşağa nə qazandırır? – Öyrənməyin ən təbii yolu
Uşaqların inkişafı yalnız məktəbə qədəm qoyduqları dövrdən başlamır. Onlar hələ erkən yaşlardan ətraf aləmi müşahidə edir, informasiyaları mənimsəyir, müxtəlif bacarıqlar qazanırlar. Bu prosesdə oyunun rolu isə əvəzsizdir. Oyun uşaqlar üçün sadəcə əyləncə və asudə vaxtın təşkili deyil, həm də öyrənmək, ünsiyyət qurmaq, emosiyaları idarə etmək və həyati bacarıqlara yiyələnmək vasitəsidir. Məhz oyun zamanı uşaq gözləməyi, növbələşməyi, qaydalara əməl etməyi, qalib gəlməyi və məğlubiyyəti qəbul etməyi öyrənir.
Müasir dövrdə telefon və planşetlərin uşaqların gündəlik həyatında daha çox yer tutması isə ənənəvi oyunların əhəmiyyətini bir daha gündəmə gətirir. Bəs oyunlar uşaqların fiziki, psixoloji və idraki inkişafına necə təsir göstərir? Valideynlər övladlarının oyun seçiminə hansı məqamları nəzərə alaraq yanaşmalıdırlar?
Hər oyun bir kəşf, hər hərəkət bir öyrənmədir
“Azərbaycan müəllimi” ilə fikirlərini bölüşən Gəncə şəhəri 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, disleksiya mütəxəssisi Əminə Kazımlı hesab edir ki, uşaqların öyrənmə prosesi məktəbə qədəm qoyduqları vaxtdan xeyli əvvəl başlayır və həyat boyu davam edir: “Öyrənmə prosesi daha erkən yaşlarda ətraf mühitdən əldə etdiyimiz informasiyaların beyin tərəfindən emalı ilə başlayır və ömür boyu davam edir. Bu prosesi ən çox dəstəkləyən vasitələrdən biri oyunlardır. Oyun zamanı uşaqlar həm fiziki, həm də psixoloji baxımdan inkişaf edirlər. Onlar hərəkət etməklə yanaşı, bu hərəkətlərin nəticəsində yaranan duyğuları idarə etməyi də öyrənirlər”.
Əminə Kazımlı oyunun uşaqlara qazandırdığı mühüm keyfiyyətlərdən biri kimi məğlubiyyəti qəbul etmək bacarığını xüsusi vurğulayır: “Bu gün uşaqlara “afərin” deməyə, onları alqışlamağa o qədər alışmışıq ki, bəzən həyatda məğlubiyyətlərin də olduğunu unuduruq. Əslində, bunu pis niyyətlə etmirik. Məqsədimiz uşaqlarda özünəinam yaratmaq, onları dəstəkləməkdir. Lakin fərqində olmadan uşaqlarda məğlubiyyətə qarşı dözümsüzlük formalaşdırırıq. Oyunlar zamanı isə uşaqlar uduzmağı, məğlubiyyətlə barışmağı da öyrənirlər”.
Pedaqoq diqqətə çatdırır ki, oyunun digər mühüm üstünlüyü uşaqların koordinasiya və motorika bacarıqlarının inkişafına təsiridir. Xüsusilə əl-göz koordinasiyasının, böyük və kiçik motorikanın formalaşmasında fiziki aktivlik tələb edən oyunlar mühüm rol oynayır: “Böyük motorika bacarıqları inkişaf etmiş uşaqlar oxumağı, kiçik motorika bacarıqları inkişaf etmiş uşaqlar isə yazmağı daha asan və sürətli öyrənirlər. Bu baxımdan uşaqların fiziki hərəkət tələb edən oyunlarda iştirakı olduqca vacibdir”.
O, uşaqlıq illərinin sevilən ənənəvi oyunlarını da xatırladır. Pedaqoqun fikrincə, “Ortada qalma” və “Yeddi daş” kimi oyunlar uşaqların bədən koordinasiyasının inkişafına kömək edən nümunələrdəndir.
Ekranların kölgəsində qalan oyun dünyası
Bu gün valideynlərin qarşılaşdığı əsas məsələlərdən biri də uşaqların telefon və planşetlərə marağının artmasıdır: “Çox təəssüf ki, bu gün uşaqların oynamasına şərait yaratmaqdan daha çox onları sakitləşdirməyə üstünlük veririk. Təbii ki, burada telefon və planşetlərin də rolu var. Unutmayaq ki, oynayan uşaqlar inkişaf edən və öyrənən uşaqlardır. Rəngli ekranlar, hərəkət edən obyektlər, fonda səslənən musiqilər uşaqların diqqətini daha çox cəlb etsə də, bunlar birmənalı şəkildə onların inkişafını dəstəkləmir”.
Pedaqoq valideynlərin bəzən uşaqların telefon və kompüter vasitəsilə rəngləri, əşyaları və müxtəlif anlayışları öyrənməsini əsas gətirərək ekran qarşısında keçirilən vaxtı faydalı hesab etdiklərini də bildirir: “Bəzən valideynlər soruşurlar ki, mənim uşağım telefona və ya kompüterə baxaraq rəngləri, yaxud müxtəlif əşyaları öyrənib. Hörmətli valideynlər, bu, qətiyyən tam mənada qavrama prosesi deyil. Sadəcə, vizual öyrənmə və ya təkrardır. Yəni bunu akademik öyrənmə hesab etmək olmaz”.
Əminə Kazımlı xüsusilə üç yaşa qədər uşaqlara telefon verilməsini tövsiyə etmir: “Əgər övladınızın oyun vasitəsilə inkişafını dəstəkləmək istəyirsinizsə, onu fiziki aktivlik tələb edən oyunlara yönləndirin. Beləliklə, uşaqlar həm duyğularını idarə etməyi, həm də bədənlərinə nəzarət etməyi öyrənirlər. Nəticədə onların koordinasiya və motorika bacarıqları da inkişaf edir”.
Pedaqoqun fikrincə, oyun uşağın yalnız uşaqlıq dövrünü maraqlı edən məşğuliyyət deyil, onun gələcək inkişafının da mühüm tərkib hissəsidir. Uşağa oynamaq üçün vaxt və imkan yaratmaq, əslində, ona öyrənmək, özünü tanımaq, başqaları ilə münasibət qurmaq və həyati bacarıqlar qazanmaq fürsəti verməkdir. Bu baxımdan uşaqların oyun hüququna və oyun mühitinin təşkilinə diqqət ailə və təhsil mühitinin əsas prioritetlərindən biri olmalıdır.




