“Oyunla oxuyaq” layihəsi yekunlaşıb

10 Avqust, 2026 - 12:55
“Oyunla oxuyaq” layihəsi yekunlaşıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Balakən Rayon Bölməsi tərəfindən həyata keçirilən “Oyunla oxuyaq” layihəsinin yekun tədbiri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində reallaşdırılıb.

Yekun tədbirdə layihədə iştirak edən uşaqlar, onların valideynləri, təlimçilər və layihə komandasının üzvləri iştirak ediblər. Tədbir zamanı layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib, uşaqların inkişaf göstəriciləri və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Bildirilib ki, layihə müddətində oyun əsaslı təlim metodlarından istifadə edilməklə uşaqların oxu-yazı, dinləmə, nitq, məntiqi təfəkkür, ünsiyyət, əməkdaşlıq və sosial davranış bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər həyata keçirilib. Təlimlər zamanı, həmçinin vətənpərvərlik, yol hərəkəti təhlükəsizliyi, sağlam həyat tərzi, rəqəmsal texnologiyalar, süni intellekt, ekologiya və milli-mənəvi dəyərlər mövzularına toxunulub.

Valideynlərlə keçirilən görüşdə layihənin uşaqların inkişafına təsiri və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Valideynlər layihənin uşaqların oxumağa marağının, özünəinamının və ünsiyyət bacarıqlarının inkişafına, eləcə də məktəbə hazırlıq səviyyəsinin yüksəldilməsinə töhfə verdiyini bildiriblər.

Tədbirin sonunda layihədə iştirak edən uşaqlara “Uğur Sertifikatı” təqdim olunub.

“Oyunla oxuyaq” layihəsi yekunlaşıb
“Oyunla oxuyaq” layihəsi yekunlaşıb