Patent müvəkkili olmaq istəyənlərin nəzərinə

2 Mart, 2026 - 12:02
Patent müvəkkili olmaq istəyənlərin nəzərinə

Patent müvəkkili statusu almaq istəyən şəxslərin sənəd qəbulu martın 11-dək davam edəcək.

Müraciət etmək üçün ərizə nümunəsi Əqli Mülkiyyət Agentliyinin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilib. Ərizə Azərbaycan dilində doldurulmalı və tələb edilən sənədlər əlavə olunmaqla PDF fayl formasında Agentliyin info@copat.gov.az e-poçt ünvanına göndərilməlidir.

Agentlikdən "azərbaycan müəllimi"nə bildirilib ki, attestasiyadan keçmək istəyənlər ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surətini, Azərbaycanda daimi yaşayış yeri haqqında arayışı, sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kursu bitirməyə dair sənədi (olduğu halda), sənaye mülkiyyətinin mühafizəsi sahəsində azı iki il stajın, yaxud hüququn tətbiqi və tədrisi sahəsində azı iki il stajın olması barədə arayışı və ya əmək kitabçasının surətini, şəxsiyyət vəsiqəsinin surətini, həmçinin attestasiya olunması üçün Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli Qərarı ilə müəyyən edilmiş 20 manat məbləğində haqqın ödənilməsini təsdiqləyən sənədi və 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim etməlidirlər.

Attestasiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədin sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) və müəlliflik hüququ (kəsişmə hallarında) ilə bağlı Azərbaycanın normativ hüquqi aktları, habelə qoşulduğu beynəlxalq sazişlər (müqavilələr) üzrə və sənaye mülkiyyəti obyektlərinə hüquqların mühafizəsinin Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələri üzrə tənzimlənməsinə dair biliklərinin yoxlanılması test üsulu ilə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.

İkinci mərhələ Attestasiya Komissiyası tərəfindən müsahibə formasında keçiriləcək.

Bu barədə məlumatlar Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmiş elanda göstərilib. “Yaddaş kitabçası”nın elektron versiyasını da “Patent müvəkkilləri” bölməsindən əldə etmək olar.

Patent müvəkkiliyinə namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamalı və Azərbaycan dilini bilməlidir.

Əlavə məlumat almaq istəyənlər 960 - “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.