Peşə biliklərinin qiymətləndirilməsi üzrə imtahan keçirilib

13 Avqust, 2026 - 11:12
Peşə biliklərinin qiymətləndirilməsi üzrə imtahan keçirilib

12 avqust 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Bərbər-vizajist-manikürçü”, “Zərgər”, “Dərzi”, “Bərbər”, “Aşpaz” peşə ixtisasları üzrə növbəti nəzəri imtahan həyata keçirilib.

Bu barədə "Azərbaycan müəllimi"nə TKTA-dan məlumat verilib.

Qeyd edək ki, qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələdə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.com/53jmtf8z) davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.

Əlavə məlumat əldə etmək istəyən şəxslər (+99450) 443-77-89 mobil nömrəsi ilə əlaqə saxlaya və ya TKTA-nın rəsmi internet səhifəsi vasitəsilə (https://tkta.edu.az) müraciət edə bilərlər.