Petrovietnam şirkətinin nümayəndələri ADNSU-da olublar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın Petrovietnam şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Petrovietnam şirkətinin vitse-prezidenti Vu Dao Minh, şirkətin Kəşfiyyat və İstehsalat Bölməsinin baş direktorunun müavini Pham Gia Minh, həmin bölmənin eksperti Pham Thi Thu Huyen, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şöbəsinin müdiri Kamran Rüstəmzadə ADNSU-nun rektoru Rüfət Əzizov ilə görüşüblər.
Görüş zamanı rektor qonaqlara ADNSU-nun zəngin tarixi, tədris fəaliyyəti, strateji inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib. O, universitetin Vyetnam ilə uzunmüddətli və səmərəli əlaqələrə malik olduğunu qeyd edərək, indiyədək ADNSU-da 3000-ə yaxın vyetnamlı tələbənin təhsil aldığını və məzun olduğunu vurğulayıb.
Söhbət zamanı tərəflər elmi-tədqiqat fəaliyyətinin inkişafı, tələbə və mütəxəssis mübadiləsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdən sonra nümayəndə heyəti ADNSU-nun Tarix Muzeyini və universitetdə fəaliyyət göstərən Ho Şi Min xatirə otağını ziyarət edib. Qonaqlar, həmçinin universitetin müasir laboratoriya infrastrukturu və tədris-tədqiqat imkanları ilə yaxından tanış olublar.




