Qalib xalqın qalib gəncləri olmaq böyük xoşbəxtlikdir – Nazir müavini 

18 Dekabr, 2025 - 12:00
Qalib xalqın qalib gəncləri olmaq böyük xoşbəxtlikdir

“Gənclər hər bir ölkənin gələcəyidir. Onlar bu gün də ölkənin həyatında, quruculuğunda çox böyük zəhmət çəkirlər. Yəni, siz həm ölkənin bu günüsünüz, həm də onun gələcəyisiniz”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “10 il birlikdə” adlı yubiley tədbirində səsləndirib.

Nazir müavini bildirib ki, hazırda ölkəmizdə 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir və “Bir Könüllü” təşkilatı onların arasında xüsusilə fərqlənir: “Biz bu təşəbbüsü 2015-ci ildə irəli sürmüşdük. O zaman bu təşəbbüsə 16 min tələbə cəlb olunmuşdu. Hazırda isə 45 minə yaxın iştirakçı var. İndi təxminən 44-ə yaxın təhsil müəssisəsinin tələbələri bizim təşkilatlarda birləşirlər və onlar ölkə üçün mühüm olan bir çox tədbirlərdə iştirak edirlər. Bu tədbirlər təkcə təhsillə bağlı deyil. Son 10 il ərzində onlar 800-dən çox tədbirdə iştirak ediblər”.

Nazir müavini həmçinin Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət ayırdığını da xatırladıb: “Biz Qələbəmizin 5 illiyini qeyd etdik və qalib xalqın qalib gəncləri olmaq böyük xoşbəxtlikdir. Bu, hamıya qismət olmur və buna nail olmaq üçün ölkəmiz, onun xalqı və gəncləri çox böyük əziyyətlər çəkiblər.

Elə vaxtlar olub ki, ölkəmiz çox ciddi sınaqlarla, çox böyük çətinliklərlə üz-üzə qalıb. Xüsusilə 90-cı illərdə Azərbaycanın torpaqlarının 20 faizi işğal olunmuşdu. Bu gün bizim maliyyə ehtiyatlarımız 82 milyard ABŞ dollarından çoxdur və bu, xarici borcumuzu 16 dəfə üstələyir. Bu, heç də asan başa gəlməyib. Buna nail olmaq üçün o dövrdə liderliyin çox böyük əziyyəti, fədakarlığı olub. Uzaqgörən dövlətçilik, düzgün idarəçilik sayəsində biz ölkənin iqtisadi əsaslarını formalaşdıra bildik.  Ulu Öndər daim gənclərə böyük diqqət göstərirdi və bu, təbiidir, çünki gənclər istənilən ölkənin gələcəyidir”, – deyə nazir müavini qeyd edib.