Qarabağ Universitetində oxuyub iki diplom ala bilərsiniz

15 İyul, 2026 - 10:30
Qarabağ Universitetində oxuyub iki diplom ala bilərsiniz

Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən Türkiyə Respublikasının İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramına başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində reallaşdırılacaq.

Dünyanın mühəndislik profili üzrə aparıcı universitetləri sırasında yer alan İTÜ ilə birgə aparılacaq kadr hazırlığı İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. İTÜ-nün tədris proqramları əsasında təşkil edilən təhsil tamamilə ingilis dilində aparılacaq. Tələbələrin ilk üç tədris ilində Xankəndi şəhərində, dördüncü tədris ilində isə İstanbul şəhərində təhsil almaları nəzərdə tutulur. Dörd il ərzində bütün dərslər İTÜ professorları tərəfindən keçiriləcək.

Proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdiriləcəkdir. Proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər.

Proqram tələbələrə ən müasir akademik məzmun, zəruri nəzəri biliklər və praktiki bacarıqlar təklif edir. Qarabağ Universitetində İTÜ təcrübəsi əsasında yaradılan laboratoriyalarda reallaşdırılacaq tədris, tədqiqat və innovasiya fəaliyyətləri mühəndislik təhsilində tamamilə yeni tədris modelinin formalaşmasına, sənaye müəssisələrinin kampusa cəlb edilməsinə və cəmiyyət üçün faydalı mühəndislik həllərinin yaradılmasına şərait yaradacaqdır. Hazırlanan yüksəkixtisaslı mütəxəssislər yerli və beynəlxalq əmək bazarında uğurla fəaliyyət göstərmək imkanı qazanacaqlar.

Qeyd edək ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İTÜ Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.

Qarabağ Universitetində oxuyub iki diplom ala bilərsiniz