Qarabağ və Şərqi Zəngəzurda incəsənət məktəblərinin bərpası üçün işlər aparılır - Nazir müşaviri
“Hazırda Xankəndi, Şuşa, Cəbrayıl, Laçın, Zəngilan, Füzuli və digər ərazilərdə mədəniyyət və təhsil həyatı yenidən qurulur. Bu bölgələrdə incəsənət təhsili müəssisələrinin bərpası və inkişafı yalnız təhsil məsələsi deyil, həm də doğma yurdlarına qayıdan ailələrin, xüsusilə uşaqların sosial və mədəni həyata inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov səsləndirib.
Onun sözlərinə görə, doğma yurdlarına qayıdan uşaqlar üçün təhsil müəssisələri ilə yanaşı, yaradıcılıq və ünsiyyət imkanlarının yaradılması da vacibdir:
“Uşaqların yalnız məktəb binalarına və sinif otaqlarına deyil, həm də bir araya gələ biləcəkləri, yaradıcılıqla məşğul olacaqları və özlərini ifadə edəcəkləri məkanlara ehtiyacı var. Musiqi dərsləri uşaqların özünəinamını artırmağa, dostluq münasibətləri qurmasına və yaşadıqları mühitə mənsubiyyət hissinin güclənməsinə kömək edə bilər”.
C.Valehov bildirib ki, bu istiqamətdə rəqəmsal texnologiyaların imkanlarından da istifadə oluna bilər:
“Məsələn, Laçında və ya Kəlbəcərdə yaşayan şagird Bakıda fəaliyyət göstərən müəllimin ustad dərsinə məsafədən qoşula bilər. Şuşada təhsil alan gənc musiqiçi isə beynəlxalq rəqəmsal layihələrdə iştirak etmək imkanı əldə edə bilər. Bu texnologiyalar müxtəlif bölgələr arasında əlaqələrin və beynəlxalq əməkdaşlığın inkişafına şərait yaradır”.
Nazir müşaviri incəsənət təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsinə də toxunub:
“Böyük Britaniya, Çin, Türkiyə, Özbəkistan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsi müxtəlif təhsil modellərinin öyrənilməsi baxımından əhəmiyyətlidir”.




