Qarabağdakı yenidənqurma işləri dünyaya təqdim etdiyimiz yeni "yol xəritəsidir - Komitə sədri

19 May, 2026 - 13:01
Qarabağdakı yenidənqurma işləri dünyaya təqdim etdiyimiz yeni "yol xəritəsidir - Komitə sədri

Aparılan monitorinqlər göstərir ki, fəlakət risklərinin idarə olunmasında ailədaxili məlumatlandırma və qadınların fəal iştirakı həlledici rol oynayır.

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

O qeyd edib ki, buna görə də erkən xəbərdarlıq komponenti yalnız texniki baxımdan deyil, eyni zamanda sosial-maarifləndirici tədbirlər vasitəsilə də gücləndirilməlidir:

"Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması və onların iqlim risklərinə hazırlanması bizim gələcək qarşısında borcumuzdur. Şəhərləri elə planlaşdırmalıyıq ki, parklar, məktəblər və yaşayış zonaları eyni zamanda ekstremal hava hadisələri zamanı sığınacaq və dayanıqlı ekosistem funksiyasını yerinə yetirsin".

Komitə sədri vurğulayıb ki, WUF13-ün Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, Xəzər hövzəsi və Mərkəzi Asiya regionu üçün də yeni imkanlar açır:

"Bu platformada biz "ağıllı kəndlər" və "ağıllı şəhərlər" təcrübəmizi bölüşürük. Xüsusilə, vurğulamaq istərdim ki, işğal dövründə Qarabağ əraziləri, demək olar ki, tam ekoloji genosidə məruz qalmışdır: meşələr məhv edilib, kütləvi şəkildə qırılıb, çaylar çirkləndirilib, şəhər və yaşayış məntəqələri dağıdılıb, nəticədə 60 min hektardan artıq meşə sahəsi itirilib və regionun ekosisteminə böyük ziyan vurulub; bu gün isə həmin ərazilərin bərpası sayəsində bizim sıfırdan, müasir beynəlxalq ekoloji standartlara uyğun, ekoloji cəhətdən balanslaşdırılmış və dayanıqlı "ağıllı" şəhər və kəndlər qurmaq üçün unikal imkanımız yaranıb".

H.Hüseynovanın fikrincə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri göstərir ki, müasir şəhərsalma həm mədəni irsin qorunmasını, həm də iqlimə davamlı texnologiyaların tətbiqini özündə birləşdirməlidir:

"Bu, dünyaya təqdim etdiyimiz yeni "yol xəritəsidir".