Qərbi Azərbaycanın mədəni irsi gənc nəslə çatdırılır: 5 videomaterial hazırlandı
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” adlı mədəniyyət gecəsi keçirilib. Qərbi Azərbaycan İcmasının binasında baş tutan layihəni Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirib. Layihənin məqsədi Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılmasıdır.
“Qərbi Azərbaycana dair həqiqətləri ən dəqiq mənbələr əsasında müəllim və şagirdlərimizə çatdırdıq”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova Mədəniyyət Nazirliyindən aldıqları bu dəstəyi “əllərinə düşən fürsət” kimi dəyərləndirərək deyib ki, Qərbi Azərbaycanla bağlı hazırladıqları müxtəlif videomateriallar vasitəsilə həm də Mədəniyyət Nazirliyinə tabe incəsənət məktəblərinin müəllim və şagirdlərinin faydalanması və ondan tədris resursu kimi istifadə etməsi üçün çalışıblar: “Videolarda Qərbi Azərbaycanın maddi-mənəvi irsi, eyni zamanda qeyri-maddi mənəvi irs haqqında ümumi məlumat verilib, görkəmli şəxsiyyətlər haqqında danışılıb. Həmin videolarda iştirak edən bütün müsahiblərə dərin minnətdarlığımızı bildiririk. Çünki həmin müsahiblər Qərbi Azərbaycan haqqında olan həqiqətləri ən dəqiq mənbələr əsasında müəllim və şagirdlərimizə çatdırıblar. Çəkilən 5 videomaterial müəyyən zaman aralığında təqdim olunub. Bunları “YouTube” səhifəsindən, eyni zamanda “Facebook” və digər sosial şəbəkələrdən izləyə bilərsiniz. Həmçinin Elm və Təhsil Nazirliyinə müraciət əsasında bu videoların film.edu.az saytında da yerləşdirilməsi nəzərdə tutulub. Bu, ümumtəhsil məktəblərinin müəllimləri üçün daha əlçatan bir platformadır. Həmin saytda “Faydalı məlumatlar” bölməsindən də bu videoları izləmək mümkün olacaq”.
“Fiziki qayıdışdan əvvəl mənəvi qayıdışı təmin eləmək lazımdır”
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkil Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycanın regional xüsusiyyətlərindən danışaraq deyib ki, özünün məhəlli xüsusiyyətləri olan bu coğrafiyanı öyrənmək çox vacibdir: “O torpaqlar bu gün yenə erməni tapdağı altındadır. Hədəfimiz o tarixi torpaqlara qayıtmaqdır. Odur ki, fiziki qayıdışdan əvvəl mənəvi qayıdışı təmin eləmək lazımdır”.
Qərbi Azərbaycan İcmasi yaranan gündən əsas hədəfinin o tarixi torpaqlarımızdakı mədəni irsimizə sahib çıxmaq olduğunu deyən millət vəkili qeyd edib ki, son 200 ildə ermənilər mədəni irsi erməniləşdirib, erməniləşdirə bilmədiklərini tarix səhnəsindən silməyə çalışıblar: “Onların hamısını bu gün bərpa edirik. Texnologiyanın bugünkü imkanlarından istifadə edərək mənbələr əsasında biz öz irsimizə sahib çıxırıq və bunu ilk növbədə öz xalqımıza, sonra da dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik”.
Növbəti tədris ilində 8-ci sinif şagirdləri həmin faydalı məlumatlarla daha yaxından tanış olacaqlar
Prezident Kitabxanasının direktoru Afət Abbasova, “Azərbaycan tarixi” və “Tarix” dərsliklərinin həmmüəllifi, Bakı şəhər 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi İrəvana qayıdışın mümkün olacağına inandıqlarını, bu cür layihələrin prosesi sürətləndirəcəyini vurğulayıblar. Ramil Tanrıverdi qeyd edib ki, Azərbaycan tarixi fənnində “Qərbi Azərbaycan” mövzusu əvvəlki illərlə müqayisədə daha geniş şəkildə təqdim olunub. Orada mahallar, eləcə də İrəvan xanlığının tərkibinə daxil olan bəzi bölgələr haqqında məlumatlar genişləndirilib, onların maddi-mədəni irsi də öz əksini tapıb. Şagirdlər üçün daha maraqlı olması məqsədilə şəkillərdən, maddi-mədəni nümunələrin təqdimatından əlavə, maraqlı izah və təfsirlər də verilib: “Düşünürəm ki, bu il sentyabr ayında olmasa da, növbəti tədris ilində 8-ci sinif şagirdləri həmin faydalı məlumatlarla daha yaxından tanış olacaqlar. Qərbi Azərbaycan İcmasının və Prezident Kitabxanasının dəstəyi ilə hörmətli ziyalılarımız, alimlərimiz, akademiklərimiz Qərbi Azərbaycan tarixi ilə bağlı çoxsaylı nəşrlər hazırlayıblar. Biz müəllimlərin üzərinə düşən əsas vəzifələrdən biri də həmin geniş tarixi məlumatları şagird səviyyəsinə uyğunlaşdıraraq övladlarımıza çatdırmaqdır. Çünki tarix göstərir ki, cəmiyyətə ən böyük təsir göstərən qüvvələrdən biri məhz təhsildir”.
Tədbirin sonunda layihə çərçivəsində çəkilmiş 5 videomaterialın ikisi nümayiş olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.



