Qlobal təhsilin gündəmində nə var? – Forumun çağırışları 

18 May, 2026 - 16:01
Qlobal təhsilin gündəmində nə var? – Forumun çağırışları 

Mayın 17-dən başlayan və 20-dək davam edəcək Dünya Təhsil Forumu 2026 qlobal təhsil siyasətinin formalaşdırıldığı ən nüfuzlu beynəlxalq platformalardan biri kimi müxtəlif ölkələrin təhsil nazirlərini, siyasətçiləri, beynəlxalq təşkilatları və strateji sənaye tərəfdaşlarını bir araya gətirir.

"Azərbaycan müəllimi" xəbər verir ki, forum 20 ildən artıqdır ki, təhsil sahəsində qlobal dialoq və əməkdaşlıq üçün əsas mərkəz rolunu oynayır və ölkələrə təcrübə mübadiləsi aparmaq, bir-birindən öyrənmək və təhsil sistemlərini yenidən düşünmək imkanı yaradır.

Londonda keçirilən builki forum geosiyasi gərginliklərin artması, sosial və iqtisadi bərabərsizliklərin dərinləşməsi, iqlim böhranının kəskinləşməsi və texnoloji dəyişikliklərin sürətlənməsi kimi qlobal qeyri-müəyyənliklər fonunda keçirilir. Bu şəraitdə təhsil yalnız akademik sahə deyil, həm də dayanıqlılıq, sosial birlik və innovasiya üçün strateji güc kimi qiymətləndirilir. Forumun əsas məqsədi təhsili bu çağırışlara uyğunlaşdırmaq və onu insan mərkəzli, dinc, ədalətli və davamlı cəmiyyətlərin qurulmasında əsas vasitəyə çevirməkdir.

Builki forumda müzakirəyə çıxarılacaq əsas mövzular “Sübutlara əsaslanan təhsil siyasətinin və öyrənmə elminin qlobal əhəmiyyətinin artması”, “Böhranlar dünyasında qlobal vətəndaşlıq üçün təhsil”, “Gələcək bacarıqlar üçün qiymətləndirmənin yenidən düşünülməsi”, “21-ci əsr bacarıqlarının inkişafında peşə təhsilinin rolu”, “Varkey Fodunun Qlobal Məktəblər Mükafatı üzrə təltifetmə mərasimi” , “İnsan mərkəzli süni intellekt gələcəyi üçün təhsil”, “Qızların təhsili vasitəsilə bərabərlik və imkanların genişləndirilməsi”, “Dayanıqlı təhsil üçün innovativ maliyyələşmədən səmərəli istifadə” olacaq.

Dünya Təhsil Forumu 2026-nın mərkəzi yanaşması “Paylaşılan gələcək üçün təhsil – sülh, planet, məqsəd və yollar” mövzusuna əsaslanır. Bu çərçivədə təhsilin bütün səviyyələrdə və bütün mühitlərdə yenidən düşünülməsi, daha inklüziv, keyfiyyətli və gələcəyə hazır sistemlərin formalaşdırılması nəzərdə tutulur. Forum təhsilin həm yerli, həm də qlobal səviyyədə böhranların təsirini azaltmaq və inkişaf imkanlarını genişləndirmək üçün əsas vasitə olduğunu vurğulayır.

Müzakirələr plenar iclaslar, paralel sessiyalar və seminarlar vasitəsilə həyata keçirilir və bir neçə əsas istiqaməti əhatə edir. Buraya təhsil siyasətlərinin icrası və islahatların praktik çətinlikləri, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təhsildə rəqəmsal transformasiya, ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi və sürətlə dəyişən qlobal iqtisadiyyata uyğun bacarıqların formalaşdırılması daxildir. Forum həmçinin inklüzivlik və bərabər çıxış imkanlarının artırılmasına xüsusi diqqət yetirir.

İştirakçılar dövlət maliyyəsinin azalması və qlobal əməkdaşlığa artan təhdidlər fonunda təhsil sistemlərinin necə daha dayanıqlı və effektiv qurula biləcəyini müzakirə edirlər. Bu kontekstdə təhsilin yalnız milli inkişaf aləti deyil, həm də qlobal məsuliyyət və ortaq gələcək üçün birləşdirici güc olduğu vurğulanır.

Dəyərlər baxımından forum tərəfdaşlıq, inklüzivlik, beynəlmiləllik və müstəqillik prinsiplərinə əsaslanır. Müxtəlif maraqlı tərəflərin bir araya gətirilməsi, bütün səslərin eşidilməsi, qlobal dialoqun gücləndirilməsi və obyektiv yanaşmanın qorunması forumun əsas fəaliyyət istiqamətlərindəndir.

Ümumilikdə Dünya Təhsil Forumu 2026 təhsilin gələcəyini yenidən formalaşdırmaq, ölkələr arasında əməkdaşlığı gücləndirmək və dəyişən qlobal reallıqlara uyğun dayanıqlı təhsil sistemləri qurmaq üçün strateji beynəlxalq platforma kimi çıxış edir.

Nərmin Məmmədzadə