Rektor: TAU elm, innovasiya və texnologiya sahəsində mühüm mərkəzə çevriləcək
“Türkiyə-Azərbaycan Universitetinin tələbələri məzun olduqda iki diplom əldə edəcəklər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova yeni tədris ilinin başlanılmasına həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, tələbələr həm Azərbaycan Texniki Universitetinin, həm də Türkiyənin nüfuzlu tərəfdaş universitetlərinin diplomlarını əldə edəcəklər:
“Yeni qəbul olan gənclər, siz bu ali təhsil ocağında dövlət hesabına yüksək səviyyədə ingilis dilində təhsil alacaqsınız. Məzun olduqdan sonra isə iki diplom – həm Azərbaycan Texniki Universitetinin, həm də qardaş ölkənin nüfuzlu universitetlərinin diplomlarını alacaqsınız. Bu diplomlar gələcəkdə həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq arenada qarşınızda geniş imkanlar açacaq”.
N.Nəsibova bildirib ki, Türkiyə-Azərbaycan Universiteti Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2024-cü ildə yaradılıb:
“Bu universitet iki qardaş ölkənin elm və təhsil sahəsində əlaqələrinin yeni strateji mərhələyə keçməsinin təzahürüdür. Türkiyə-Azərbaycan Universiteti əsrlərə söykənən tarixi qardaşlığın, qarşılıqlı etimadın və ortaq gələcəyə baxışın təhsil sahəsindəki bariz nümunəsidir”.
Rektor qeyd edib ki, universitet Azərbaycan gənclərinə ölkədən kənara çıxmadan Türkiyənin nüfuzlu ali məktəblərinin akademik imkanlarından yararlanmaq imkanı verir:
“Gənclərimiz Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi tanınmış ali məktəblərin professor-müəllim heyətindən dərs alaraq müasir elmi və təhsil mühitində yetişə biləcəklər”.
N.Nəsibova vurğulayıb ki, universitetin gələcək məqsədi yalnız yüksək ixtisaslı mühəndislər hazırlamaq deyil:
“Türkiyə-Azərbaycan Universiteti zaman keçdikcə yalnız yüksəkixtisaslı mühəndislər yetişdirən təhsil müəssisəsi deyil, Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını daha da dərinləşdirən mühüm mərkəzə çevriləcək”.
Rektorun sözlərinə görə, universitetin əsas məqsədlərindən biri Azərbaycanın gələcəyini formalaşdıracaq güclü insan kapitalının yaradılmasıdır:
“Əsas məqsədimiz sadəcə yüksəkixtisaslı kadr yetişdirmək deyil, eyni zamanda Azərbaycanın gələcəyini formalaşdıracaq güclü insan kapitalı yaratmaqdır. Tələbələrimiz cəmiyyətə fayda verən və əldə etdikləri bilik və təcrübə ilə Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar kimi yetişməlidirlər”.




