“Rəqəmsal dünyada təhlükəsiz mühit” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
“Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən keçirilən “Rəqəmsal dünyada təhlükəsiz mühit” – uşaqlar üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramı” layihəsi aprel və may ayları ərzində müxtəlif məlumatlandırma fəaliyyətləri həyata keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində aprel ayında Azərbaycan Universitetində Gələcəkdə müəllim və sosial pedaqoq olacaq tələbələrə kurslar təşkil olunub. Kursların məqsədi gələcək müəllim və sosial pedaqoqların yeniyetmə və uşaqlarla işləyərkən sosial və rəqəmsal təhlükələrdən effektiv müdafiə üsullarını öyrənməsini təmin etmək, həmçinin onların kiberhücumlara və kiberbullinqə qarşı maarifləndirici və preventiv fəaliyyət bacarıqlarını artırmaq olub.
May ayı ərzində Bakı şəhəri 314 saylı tam orta məktəbində işləyən müəllimlər, sinif rəhbərləri olan pedaqoqlar, eləcə də məktəbin psixoloqu üçün seminarlar keçirilib. Seminarların məqsədi məktəb mühitində uşaqların onlayn və oflayn təhlükəsizliyinin təmin olunması, kiberbullinq və zorakılıq hallarının tanınması və qarşısının alınması istiqamətində pedaqoqların peşəkar bilik və bacarıqlarını artırmaq, onlara preventiv və müdaxilə üsullarını öyrətmək olub.
Həmçinin, ayda sözügedən məktəbdə valideynlər arasında uşaqların onlayn təhlükəsizliyi, kiberbullinq və zorakılığın qarşısının alınması, uşaqlarla effektiv ünsiyyətin qurulması, həmçinin ailədə təhlükəsiz və dəstək yönümlü mühitin formalaşdırılması barədə məlumatlılığı artırmaq məqsədi ilə görüşlər təşkil olunub.
Tələbələr, müəllimlər və eləcə də valideynlərlə müxtəlif səpkili fəaliyyətlər interaktiv formada aparılıb, diskussiya, situasiya nümunələrinin müzakirəsi, video təqdimatlar və qrup işi, təqdimetmələr və s. kimi metodlardan istifadə olunub, praktik məsləhətlər verilib, təlimçi və ekspert tərəfindən fərdi suallar cavablandırılıb.
Layihənin məqsədi uşaq və yeniyetmələr arasında kibertəhlükəsizlik və kiberbullinq mövzularında maarifləndirmə aparmaq, onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərini inkişafı ilə təhlükəsizliyini təmin etmək və psixososial dəstək göstərməkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.



