“Rəqəmsal məktəb” regionların ən böyük şəhərlərində tətbiq ediləcək
“Cari ilin sentyabr ayından etibarən - yeni tədris ili başlayarkən “Rəqəmsal məktəb” layihəsini regionların ən böyük şəhərlərində tətbiq etməyə hazırlaşırıq. Bu isə o deməkdir ki, hazırda layihədə iştirak edən yarım milyona yaxın şagirdə əlavə olaraq daha yarım milyon şagirdin də qoşulması gözlənilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
O bildirib ki, növbəti tədris ilində platformadakı istifadəçi sayı 1 milyona yaxınlaşacaq. Bu isə digər süni intellekt əsaslı həllərin tətbiqini də mümkün edəcək.
V.Xanlarov qeyd edib ki, həmin şəhərlərin adları yaxın zamanda elan ediləcək: “Əsas məqsədimiz mümkün qədər geniş əhatənin təmin olunması və həm region, həm də Bakı məktəbləri arasında bu əməkdaşlıq platformasının daha da genişləndirilməsidir”.



