“Rəqəmsal məktəb”in effektivliyi öyrənilibmi? - AÇIQLAMA

15 İyul, 2026 - 15:24
“Rəqəmsal məktəb”in effektivliyi öyrənilibmi?

“Rəqəmsal məktəb” platformasının tətbiqinin təsirini qiymətləndirmək üçün hələ tezdir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Onun sözlərinə görə, platformanın tətbiqinin nəticələrini tam qiymətləndirmək üçün müəyyən zaman lazımdır. Platforma 2025-ci ilin sentyabr ayından Bakı məktəblərində tətbiq olunur və hazırda əsasən məktəb idarəetməsi proseslərində istifadə edilir:

“Biz bir tsikli bağlamalıyıq ki, daha sonra başa düşək, bu platformanın müxtəlif sahələrdə effekti nədir. Hazırda “Rəqəmsal məktəb” daha çox məktəb idarəetməsində istifadə olunur. Müəllim və direktor tərəfindən həyata keçirilən əməliyyatlar bu platforma üzərindən aparılır".

İdarə rəisinin sözlərinə görə, ilk növbədə, platformanın müəllim və direktorlar tərəfindən tam mənimsənilməsi və müəyyən müddətin keçməsi lazımdır:

"Sonra platformanın digər imkanlarının istifadəsini daha geniş təşviq edəcəyik. Cəmi bir il ərzində görürük ki, platformada təqdim etdiyimiz süni intellekt həllərindən lisenziya verilmiş müəllimlərin təxminən 20 faizi aktiv istifadə edir. Digərləri daxil olub baxıb çıxıblar, lakin bu, hələ gündəlik fəaliyyətə tam inteqrasiya olunmayıb".

V.Xanlarov əlavə edib ki, avqust-sentyabr aylarında müəllimlər üçün açıq sessiya və təlimlərin keçirilməsi planlaşdırılır:

“Məqsədimiz təqdim etdiyimiz alətləri və imkanları daha geniş tanıtmaq, istifadəsini artırmaqdır. İnanırıq ki, müəllimlər bu platformanı gündəlik fəaliyyətlərinə daxil etdikcə şagirdlər, direktorlar və valideynlər də daha aktiv şəkildə qoşulacaqlar”.

V.Xanlarov bildirib ki, valideynlər əsasən uşaqlarının qiymətlərini izləmək üçün platformadan istifadə edirlər:

"İlk ilin ilk yarısının sonunda sistemdə yaranan kiçik texniki səhv səbəbindən valideynlər uşaqlarının qiymətləri ilə bağlı narahatlıq keçirmişdilər. Lakin bu məsələ aradan qaldırıldı”.