Saatlıda erkən nikahın qarşısının alınması ilə bağlı tədbir keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin, rayon prokurorluğunun və Saatlı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbir “Erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericilik tələblərinin izahı” mövzusuna həsr olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Saatlı rayon prokuroru Elnur Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, eləcə də məktəblilər iştirak ediblər.
Görüşün məqsədi məktəblilərin erkən nikahla bağlı qanunvericilik tələbləri barədə məlumatlandırılması, onların hüquq və qanuni mənafelərinin qorunması, erkən nikahın yarada biləcəyi hüquqi və sosial nəticələr barədə məlumatlılığın artırılması olub.
Çıxış edən rayon prokuroru Elnur Rüstəmov erkən nikahla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib. Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin hüquqi əsaslarına toxunan prokuror nikah münasibətlərinin qanunvericiliklə müəyyən edilmiş şərtlərini və qanun pozuntusu zamanı nəzərdə tutulan məsuliyyəti izah edib. Erkən nikah hallarının vaxtında müəyyənləşdirilməsinin və qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb.
Mehriban Ağayeva uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunmasının cəmiyyət üçün mühüm məsələ olduğunu qeyd edib. O, erkən nikahın yeniyetmələrin təhsilinə, sosial inkişafına və gələcək həyatına təsir göstərə biləcəyini vurğulayaraq, bu halların qarşısının alınmasında ailə, məktəb və dövlət qurumlarının əməkdaşlığının əhəmiyyətindən danışıb.
Günay Sultanova isə erkən nikahın təhsil prosesinə mənfi təsirlərinə diqqət çəkib. Bildirib ki, məktəblilərin hüquqi maarifləndirilməsi, onların təhsildən yayınmasının qarşısının alınması və erkən nikahla bağlı risklər barədə məlumatlılığının artırılması istiqamətində maarifləndirici tədbirlərin davamlı keçirilməsi vacibdir.
Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.




