Samir Vəliyev: Bəzi ixtisasların müddəti yenə də 4 illik olmalıdır

16 Sentyabr, 2026 - 13:19
Samir Vəliyev: Bəzi ixtisasların müddəti yenə də 4 illik olmalıdır

“Azərbaycanda ali təhsilin müddətinin azaldılması məsələsi cəmiyyətimizdə kifayət qədər ciddi müzakirə olunur. Hesab edirəm ki, burada əsas sual ali təhsili 3 ilə endirmək olarmı, ya yox deyil, hansı ixtisasları, hansı meyarlarla və hansı keyfiyyət təminatlı mexanizmlərlə üç ilə endirməklə bağlıdır” sualıdır”.

Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev bildirib.  

Onun sözlərinə görə, bütün bakalavr ixtisaslarını avtomatik olaraq 3 ilə endirmək doğru yanaşma olmaz:
“Amma əmək bazarının bir sıra tələblərini, tədris yükünü və beynəlxalq təcrübəni nəzərə alaraq diferensial modelə keçmək kifayət qədər məntiqli görünür. Burada atılmalı olan bir sıra addımlar var. Biz birinci növbədə düşünməliyik ki, 3 illik modelə daha asan keçə biləcək ixtisaslar hansılardır. Bəzi humanitar, sosial, biznes və müəyyən tətbiqi istiqamətlərdə proqramların məzmununa yenidən baxılaraq onların, zənnimcə, 3 ilə yerləşdirilməsi mümkündür. Burada şərt ondan ibarətdir ki, birillik təhsili sadəcə kəsmək yox, kurikulumu yenidən dizayn etmək lazımdır. Lakin elə ixtisaslar var ki, onların müddəti yenə də 4 illik olmalıdır. Bunlar mühəndislik, laboratoriya və praktiki hazırlığı çox olan sahələrdir. Eləcə də fundamental və peşə yönümlü ixtisaslarda 4 il, zənnimcə, daha məqsədəuyğun ola bilər. Tibb kimi uzunmüddətli peşə hazırlığı tələb edən istiqamətlərə isə ümumiyyətlə, ayrıca yanaşmaq lazımdır”.