Şəhid kapitanın qəhrəmanlıq yolu
ADPU-nun Quba filialında Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun xatirəsinə həsr olunmuş “Vətənə sədaqətin və hərbi səfərin rəmzi olan həyat: Şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu” adlı anım tədbiri keçirilmişdir.
Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun xatirəsinə həsr olunmuş tədbir iştirakçıları əvvəlcə filialda şəhid adını daşıyan auditoriyanı ziyarət ediblər. Ziyarət zamanı şəhidin valideynləri, həyat yoldaşı - ADPU-nun Quba filialının əməkdaşı, akademik məsləhətçi Günel Məlikova, övladları Xədicə və Süleyman, ailə üzvləri və qonaqlar iştirak ediblər.
Giriş sözü ilə şəhidin qızı Xədicə Məlikli təsirli çıxış edərək qonaqları salamlayıb.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidin xatirəsinə həsr olunmuş “Hər nə olsa şərəfimdir” adlı videoçarx nümayiş etdirilib.
Filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxış edərək şəhid kapitan Aqil Məlikovun və ümumilikdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin şərəfli ömür yolundan bəhs edib. Professor Aqil Məlikovun hərbi fəaliyyətinə toxunaraq, onun qəhrəmanlıqla dolu qısa, lakin mənalı həyat yolunu diqqətə çatdırıb, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən biri kimi düşmənin keçilməz hesab olunan Ohanyan səddinin yarılmasında göstərdiyi igidlikdən və Zəfərə aparan yolda şərəflə şəhadətə yüksəlməsindən söz açıb. Eyni zamanda, ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Aqil Məlikovun Vətən qarşısında göstərdiyi xidmətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək qiymətləndirilərək o, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və “İgidliyə görə” (ölümündən sonra) medalları ilə və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Sonra Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi, Memarlıq və İnşaat Universitetinin müəllimi Fəxri Aydəmir, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova, istefada olan xüsusi təyinatlı, II qrup Vətən müharibəsi əlili Rəşad Novruzov, ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi iştirakçısı Ayaz Qasımov, mayor Səid Abbasov, eləcə də şəhidin atası Niyaz Məlikov çıxış edərək qəhrəman şəhid Aqil Məlikov haqqında fikirlərini bölüşüblər. Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə tədbir filialın istedadlı tələbələri Sevda Müslümova və Günəş İskəndərovun ifasında bədii kompozisiya ilə davam etdirilib. Tədbirdə həmçinin şəhid kapitan Aqil Məlikovun atası Niyaz Məlikov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru professor Yusif Alıyevin adından Təşəkkürnamə ilə təltif edilib.



