Şəhid qardaşı olmaq qüruru ömürlük, ağrısı hər gün yenilənən bir hissdir...

8 Noyabr, 2026 - 15:24
Şəhid qardaşı olmaq qüruru ömürlük, ağrısı hər gün yenilənən bir hissdir...

Bəzi insanlar var ki, onların həyatında Vətən sevgisi sadəcə bir duyğu deyil, ömürlük məsuliyyətə, müqəddəs amala çevrilir. Elələri də  var ki, Vətən uğrunda canından keçən doğmalarının xatirəsini yalnız qəlblərində yaşatmaqla kifayətlənmir, həm də bu müqəddəs əmanəti gənc nəslə ötürməyi özlərinə mənəvi borc bilirlər. Culfa rayon Camaldın kənd tam orta məktəbin müəllimi Nəcmi Qasımov da belə insanlardandır.

O, şagirdlərinə yalnız coğrafiya fənnini öyrətmir, həm də bu torpağın hər qarışının hansı fədakarlıqlar, hansı qəhrəmanlıqlar bahasına qorunub saxlanılmasından  danışır. Onun dərslərində bəhs etdiyi qəhrəmanlardan biri də doğma qardaşı – şəhid leytenant Hafis Qasımovdur.

Vətən sevgisinin ən ali ifadəsi bəzən sözlərdə deyil, insanın seçdiyi yolda, verdiyi qərarlarda və uğrunda hər şeyindən keçməyə hazır olduğu müqəddəs amalda təcəssüm edir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən, arzularını, xəyallarını yarımçıq qoyaraq şəhidlik zirvəsinə ucalan oğullarımız bunun ən parlaq nümunəsidir. Onlar öz canları bahasına bizə azadlığın, müstəqilliyin və doğma torpağa sahib çıxmağın nə qədər böyük fədakarlıq tələb etdiyini göstərdilər.
Bu gün həmin qəhrəmanların xatirəsini yaşatmaq, onların həyat və döyüş yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi məsuliyyətidir. Nəcmi müəllim isə bu məsuliyyəti öz müəllimlik missiyasının ayrılmaz hissəsinə çevirib. Onun şagirdlərinə danışdığı hər qəhrəmanlıq hekayəsi, səsləndirdiyi hər şəhid adı gənc nəslin yaddaşında Vətən sevgisinin, milli kimliyin və qəhrəmanlıq ənənələrinin möhkəmlənməsinə xidmət edir. Və onun üçün şəhid qardaşının xatirəsini yaşatmaq yalnız bir ailənin mənəvi borcu deyil, həm də bütöv bir nəslə ötürülməli olan müqəddəs dəyərdir. Bu, bitməyən bir həsrətin, sarsılmayan qürurun və şəhid xatirəsinə ömürlük sədaqətin hekayəsidir.

“Azərbaycan müəllimi” olaraq Nəcmi müəllimlə qardaş itkisi ilə barışmayan, lakin bu itkidən doğan qüruru ömrünün mənasına çevirən bir insanın duyğuları, şəhid xatirəsinə sədaqəti, qardaşının həyat və döyüş yolu, eləcə də bu müqəddəs mirasın gələcək nəsillərə ötürülməsi barədə söhbətləşdik.

Uşaqlıqdan hərbçi olmağı arzulayırdı 

Şəhid leytenant Hafis Qasımov 1998-ci ildə Culfa rayonunun Camaldın kəndində anadan olub. Və doğulduğu kənddə tam orta məktəbi bitirib. 

O, ailənin üç oğlundan ən kiçiyi olub. Qardaşlarından ikisi hərbçi, biri isə müəllimlik peşəsini seçib. Hərbi sənətə maraq göstərən Hafis və böyük qardaşı Camal hələ VIII sinifdən ailədən ayrılaraq hərbi liseydə, daha sonra ali hərbi təhsil müəssisəsində oxuyublar.

Uşaqlıqdan hərbçi olmağı arzulayan Hafisin hərb sənətinə marağı həm də hərbçi böyük qardaşının bu peşəyə bağlılığından qaynaqlanıb.  

Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 44 günlük Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Culfa rayon Camaldın kəndində dəfn olunub.
Hafis Qasımov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" , "İgidliyə görə", “Vətənə xidmətə görə” medalları ilə təltif edilib. 

Coğrafiya müəllimi olan şəhidin qardaşı Nəcmi Qasımovun xatirələrində Hafis hər şeydən əvvəl qayğıkeş, səmimi, yardımsevər və zarafatcıl bir gənc kimi yaşayır. Deyir ki, həyat eşqi ilə dolu idi, gələcəklə bağlı böyük planları vardı: “Hərbi sahədə peşəkarlığını artırmaq, xarici dil biliklərini inkişaf etdirmək, qabaqcıl ölkələrin təcrübəsini öyrənmək istəyirdi. Ailə qurmaq, xoşbəxt gələcək yaşamaq da arzuları arasında idi. Lakin bütün bunlardan üstün tutduğu bir amal vardı: Vətən torpaqlarının işğaldan azad edilməsi. Hər zaman nikbin düşünər, qarşısına məqsədlər qoyar və onlara çatmaq üçün öz üzərində çalışardı”.

Müsahibimiz deyir ki, Hafisin Vətənə bağlılığı məktəb illərindən formalaşıb. Xocalı faciəsi və xalqımıza qarşı törədilən digər cinayətlər onu dərindən hiddətləndirib. Torpaqlarımızın işğal altında qalması ilə barışa bilmirdi. “44 günlük Vətən müharibəsinin başladığı ilk günündən  Füzuli istiqamətində döyüşlərə qatılır, 18 gün düşmənə qarşı vuruşur”. 

Qardaşı onunla son danışığını da unutmur: “İşğal altında olan şəhər və rayonlarımızın bir-bir azad olunması ailəmizə böyük sevinc yaşadırdı. Lakin bu sevinc eyni zamanda narahatlıq, intizar və yuxusuz gecələrlə müşayiət olunurdu. Çünki ailəmizin iki üzvü – Hafis Füzuli, böyük qardaşımız Camal isə Kəlbəcər istiqamətində haqq savaşımızın iştirakçıları idi.

Hər gün ordumuz və qardaşlarımız üçün dualar edir, cəbhədən gələn xoş xəbərlərə sevinirdik. Bizim nə qədər narahat olduğumuzu bildikləri üçün onlar da fürsət düşdükcə zəng edərək hər şeyin qaydasında olduğunu bildirirdilər.

Döyüşlərin şiddətləndiyini və hər şeyə hazır olmağımızı bildirdi  

Hafislə son danışığımız şəhid olmasından bir neçə gün əvvəl olmuşdu. Bu danışıq əvvəlkilərdən xeyli fərqlənirdi. Səsində əsəb, gərginlik və  qəzəb hiss olunurdu. Bunun əsas səbəbi döyüşlərdə bir neçə silahdaşını və yaxın dostunu itirməsi idi. Döyüşlərin şiddətləndiyini və hər şeyə hazır olmağımızı bildirdi.  

Həmin danışıqdan sonra bir neçə gün onunla əlaqə saxlaya bilmədik. Sonra isə həyatımızı əbədi olaraq dəyişən o acı xəbər gəldi”. 

Qardaşı üçün ən ağrılı məqamlardan biri Hafisin son bir ildə ailəsinin yanına gələ bilməməsi idi. Pandemiya səbəbindən uçuşlar həyata keçirilmədiyindən onu görmək mümkün olmamışdı. Ailə aviareyslərin bərpasını, qovuşacaqları günü gözləyirdi. Ancaq gözlədikləri görüş əbədi ayrılığa çevrildi: “Hafisi şəhid olmasından təxminən bir il əvvəl görə bilmişdik. Onun üçün çox darıxır, tezliklə qovuşacağımız günü səbirsizliklə gözləyirdik. Ancaq bu həsrətimiz bitmədi, əksinə, əbədi ayrılığa çevrildi. Biz onun gəlişini gözlədiyimiz halda, taleyimizə onu son mənzilə yola salmaq düşdü”.

İnsan doğmasının itkisini eşidəndə sanki zaman dayanır. Hafisin ailəsi üçün də həmin gündən sonra həyat əvvəlki axarına qayıtmadı. Onun yoxluğu hər gün hiss edilən, illər keçdikcə azalmayan bir həsrətə çevrilib.

Nəcmi müəllim şəhid qardaşı haqqında danışarkən duyğularını qürur və kədərin vəhdəti kimi ifadə edir: “Bu gün Hafis haqqında danışarkən həm qürur duyuram, həm də qəlbimdə heç zaman sağalmayacaq bir yara hiss edirəm. Şəhid qardaşı olmaq qüruru ömürlük, ağrısı hər gün yenilənən bir hissdir...”.

 Çünki şəhid qardaşı olmaq qürurunu yaşamaqla yanaşı, onu hər gün yenidən itirməyin ağrısını da daşımaqdır.Həmin ağrının içində bir təsəlli də var: Hafisin uğrunda canından keçdiyi Vətənimizin torpaqları işğaldan azad olunub. Uzun illər doğma yurd-yuvalarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdır, azad edilmiş ərazilərdə həyat yenidən canlanır. Şəhid ailələri üçün bu mənzərənin mənəvi dəyəri isə sözlə ifadə olunmayacaq qədər böyükdür.

Bütün bunları görmək, Vətənimizin bütövlüyünü hiss etmək şəhidlərimizin müqəddəs amalının gerçəkləşdiyini görmək deməkdir. Ancaq kədərimiz də heç vaxt bitmir. Çünki Hafis yoxdur... Vətənimizin üzərindən qara buludlar çəkilib, torpaqlarımız bütövləşib, xalqımızın gələcəyə ümidləri artıb. Lakin bütün bu gözəllikləri onunla birlikdə yaşaya bilmirik. Hafis öz arzularını, gələcəyini Vətənin bu günü və sabahı naminə qurban verdi”. 

Qardaş itkisi ilə müəllimlik məsuliyyəti arasında

Müəllimlik fəaliyyəti ilə yanaşı məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsini yerinə yetirən Nəcmi Qasımovun pedaqoji fəaliyyətində vətənpərvərlik tərbiyəsi, şəhidlərin həyat və qəhrəmanlıq yolunun təbliği xüsusi yer tutur: “Qardaşımın şəhid olması Vətənə, insanlara və həyata baxışımda daha dərin mənəvi məsuliyyət formalaşdırıb. Bu gün pedaqoji fəaliyyətimdə şagirdlərin vətənpərvərlik ruhunda yetişməsini, şəhidlərimizin həyat və qəhrəmanlıq yolunun təbliğini əsas istiqamətlərdən biri hesab edirəm”.

O hər gün sinif otağına daxil olanda yalnız bir müəllim kimi deyil, Vətən uğrunda canından keçmiş qəhrəmanın qardaşı kimi də böyük məsuliyyət daşıyır. Qardaşının yarımçıq qalan arzularını, Vətənə olan sevgisini, sözləri və əməlləri ilə yaşadır. Müəllim hesab edir ki, şəhidlərin həyat və döyüş yolunun məktəblərdə öyrədilməsi gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, tarixini bilən, Vətənini sevən və məsuliyyətini dərk edən vətəndaş kimi yetişməsində mühüm rol oynayır: “Şəhidlərimizin həyat yolu yalnız qəhrəmanlıq nümunəsi deyil, həm də vətənpərvərlik, sədaqət, cəsarət və fədakarlıq məktəbidir”.

Hafisin adını yaşadan xatirə ünvanları

Zaman ötür, amma Hafisin adı ailəsinin yaddaşında olduğu kimi, doğulub boya-başa çatdığı Camaldın kəndində və təhsil müəssisələrində də yaşadılır.

Ümumtəhsil müəssisələrində şəhid Hafis Qasımovun adını daşıyan bir neçə sinif otağı açılıb. Məktəblərdə Vətən uğrunda canından keçən şəhidlərin fotoşəkillərindən ibarət xatirə guşələri və stendlər yaradılıb. 

Vətən müharibəsində əldə olunan Zəfərin şərəfinə Hafisin doğulduğu Camaldın kəndində “Şəhidlər bulağı” abidə kompleksi də yaradılıb. Bu məkan yalnız bir xatirə ünvanı deyil, həm də kəndin qəhrəman oğullarına, onların Vətən qarşısındakı xidmətlərinə ehtiramın ifadəsidir.

Nəcmi müəllim üçün Hafis həmişə ailənin ən kiçik övladı, sevimli qardaşı və Vətənin qəhrəman oğludur: “Onunla fəxr edirəm. Bir qardaş kimi yoxluğuna yanır, bir Azərbaycan vətəndaşı kimi isə onun kimi oğulların Vətən uğrunda göstərdiyi fədakarlıq qarşısında baş əyirəm”.