“Söhbət yalnız klassik oxu, yazı və riyaziyyat bacarıqlarından getmir” - Mikayıl Cabbarov

17 Sentyabr, 2026 - 11:23
“Söhbət yalnız klassik oxu, yazı və riyaziyyat bacarıqlarından getmir”

“Bizim əsas hədəfimiz və məqsədimiz daha çox məhsul deyil, daha çox əlavə dəyər yaradan məhsul və xidmətlər istehsal etməkdir. Təbii ki, bunun üçün əsas məsələ istedadın, texnologiyanın və ekosistemin vəhdətidir”. 

“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Baku ID İnnovasiya Festivalında səsləndirib.

Nazir bildirib ki, istedadın, insan amilinin rolu son dərəcə böyükdür: “Mən deyərdim ki, bütün bunların mərkəzində məhz insan dayanır, bir şərtlə ki, buna imkan yaradan siyasət, mühit və ekosistem formalaşdırılmış olsun”.

Mikayıl Cabbarovun sözlərinə görə, savadlılığın yeni anlayışı texnologiya ilə çox sıx bağlıdır:

“Texnologiyadan danışdıqda isə, təbii ki, Azərbaycan nümunəsində söhbət süni intellektdən gedir.
Düşünürəm ki, burada da çox açıq danışmalıyıq: dünyada bu texnologiyanı yaradanlar və bu texnologiyanı qəbul edənlər var. Məncə, qarşıdakı dövrdə, təxminən 2030-cu ilədək əsas məqsədimiz bu texnoloji dəyişikliklərin gətirə biləcəyi imkanlardan yüksək səviyyədə yararlanan, çox ixtisaslı və səriştəli istifadəçi olmaqdır”. 

M.Cabbarov PISA tədqiqatlarında Azərbaycanın nəticələrinə diqqət çəkərək bildirib ki, bacarıqlardan, istedaddan danışarkən söhbət yalnız klassik oxu, yazı və riyaziyyat bacarıqlarından getmir:

“Çünki hətta bu bacarıqların özündə belə rəqabətqabiliyyətli olmaq üçün müəyyən səviyyədə rəqabət üstünlüyünə ehtiyac var.

Son məqam isə ondan ibarətdir ki, məhsuldarlıq birbaşa ekosistemlə, müəssisə daxilindəki ekosistemlə, yurisdiksiya daxilindəki ekosistemlə və əlaqəliliklə bağlıdır”.