“Suallar görünən kimi həyəcan yaddan çıxdı” – MİQ-də yüksək bal toplayan namizəd
Müəllimlərin işə qəbulu üzrə müsabiqə hər il minlərlə namizəd üçün eyni qaydalarla keçirilir. Amma imtahan zalından çıxan hər müəllim namizədinin hekayəsi fərqlidir. Kimi ilk cəhdində istədiyi nəticəni əldə edir, kimi məqsədinə çatmaq üçün yenidən hazırlaşır, yenidən imtahan verir.
2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Kimya və biologiya müəllimliyi” ixtisasını yüksək akademik göstəricilərlə bitirən Rahidə Məcidli də bu il MİQ-də yüksək bal toplayan namizədlərdəndir. O, bundan əvvəl biologiya fənni üzrə iki dəfə imtahan versə də, nəticəsindən razı qalmayıb. Bu dəfə isə kimya fənni üzrə şansını sınayıb və 93 bal toplayıb.
Rahidə müəllim deyir ki, imtahan gözlədiyi qədər çətin olmayıb: “Suallar mənim üçün elə də çətin deyildi. Diqqətli olduqda yüksək nəticə əldə etmək mümkün idi. Metodika bölməsində cavab variantları bir-birinə yaxın idi. Lakin diqqətli yanaşdıqda düzgün cavabı seçmək mümkün olurdu”.
Müsahibimiz imtahanın təşkilini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, proses zamanı hər hansı ciddi texniki problem yaşanmayıb. İmtahandan əvvəl yaşadığı həyəcanı isə gizlətmir. Deyir ki, zalda ən çətin an suallar açılanadək keçən vaxt idi: “Çox həyəcanlı idim. Nəfəs texnikası ilə özümü sakitləşdirməyə çalışırdım. Suallar ekranda görünəndən sonra isə həyəcan tamam yaddan çıxdı. Bütün diqqətim imtahana yönəldi”.
Mərkəzləşdirilmiş işə qəbul sistemini də müsbət qiymətləndirən gənc namizəd hesab edir ki, MİQ müəllim namizədlərinə öz bilik və bacarıqlarını bərabər şərtlərlə nümayiş etdirmək imkanı yaradır: “İşə qəbulun imtahanla olması daha yaxşıdır. Gənc müəllimlər öz potensiallarını göstərə bilirlər”.
Rahidə Məcidlinin müəllimliyi seçməsi də təsadüfi olmayıb. Onun üçün müəllimlik gələcəyin formalaşmasında iştirak etməkdir: “Şagirdlərlə işləmək mənim üçün böyük motivasiya mənbəyidir. Onların hər biri gələcəyimizdir. Onların həyatlarında iz qoyan insanlardan biri olmaq qürurvericidir”.
Hazırda ən böyük arzusu isə Bakı məktəblərində müəllim kimi fəaliyyətə başlamasıdır.




