Süni intellekt ayrıca fənn olacaq? – Nazirlikdən AÇIQLAMA
Elm və Təhsil Nazirliyi süni intellektin orta məktəblərdə ayrıca fənn kimi tədris olunub-olunmayacağına aydınlıq gətirib.
Nazirlikdən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsində süni intellektlə bağlı mövzular informatika fənninin məzmununda öz əksini tapır.
Belə ki, informatika fənni üzrə təhsil proqramının müvafiq məzmun xətlərinə əsasən, təhsilalanlar informasiya cəmiyyəti və informasiya mədəniyyəti anlayışlarının mahiyyəti, kibertəhlükəsizlik məsələləri, fərdi məlumatların qorunması yolları, eləcə də süni intellekt və onun tətbiq sahələri ilə bağlı bilik və bacarıqlar əldə edirlər.
Bununla yanaşı, Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, “Süni intellekt” ümumi təhsil pilləsində ayrıca fənn kimi müəyyən edilməyib.
Bu səbəbdən hazırda süni intellekt üzrə ayrıca dərsliyin hazırlanması nəzərdə tutulmur. Bununla belə, süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizliklə bağlı məzmunun informatika fənni çərçivəsində mərhələli şəkildə genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Ümumilikdə, yeni nəsil dərsliklərin hazırlanmasında əsas yanaşma “çox məlumatın ötürülməsi” deyil, şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılması, öyrənilən biliklərin gündəlik həyatda tətbiqi və müstəqil öyrənmə vərdişlərinin inkişaf etdirilməsidir.




