Süni intellektin tətbiqi zamanı ixtisaslı kadrlara tələbat nəzərə alınmalıdır – DMA rəsmisi

20 Noyabr, 2026 - 11:06
Süni intellektin tətbiqi zamanı ixtisaslı kadrlara tələbat nəzərə alınmalıdır

"Süni intellektin əmək bazarına təsiri dünyada geniş müzakirə olunan məsələlərdəndir".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə  IV “Maarifçi” tələbə-məzun forumunda təşkil olunan panel müzakirəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə deyib.

O bildirib ki, süni intellektin əmək bazarına, həmçinin gələcək peşələrə təsiri hazırda dünyada geniş müzakirə olunan məsələlərdəndir. Bu proses artıq Azərbaycanda da özünü göstərməyə başlayıb.

R.Quluzadə qeyd edib ki, hər bir ölkənin əmək bazarı iqtisadiyyatının xüsusiyyətləri və mövcud tələbləri əsasında formalaşır. Bu baxımdan, süni intellektin tətbiqi zamanı ölkənin iqtisadi ehtiyacları və ixtisaslı kadrlara olan tələbat əsas götürülməlidir.

Agentlik rəsmisi diqqətə çatdırıb ki, tarixən yeni texnologiyaların meydana gəlməsi əmək bazarında müəyyən narahatlıqlara səbəb olub. O, elektrik enerjisinin kəşfini misal çəkərək bildirib ki, vaxtilə küçələri qaz lampaları ilə işıqlandıran şəxslər elektrik enerjisinin onların iş yerlərini əvəz edəcəyindən narahatlıq keçirirdilər. Lakin sonradan bu texnoloji yenilik yeni peşələrin və fəaliyyət istiqamətlərinin yaranmasına, fərqli bacarıqlara ehtiyacın formalaşmasına şərait yaradıb.

R.Quluzadənin sözlərinə görə, bu gün süni intellektlə bağlı da oxşar narahatlıqlar mövcuddur. Bununla belə, texnologiyanın əmək bazarında düşünülməmiş şəkildə tətbiqi və insan faktorunun diqqətdən kənarda saxlanılması arzuolunan nəticəni verməyə bilər.