Tamştatlı müəllimlərin seçimi üçün meyarlar müəyyənləşdiriləcək - Eşqi Bağırov

19 Sentyabr, 2026 - 20:44
Tamştatlı müəllimlərin seçimi üçün meyarlar müəyyənləşdiriləcək - Eşqi Bağırov

Tamştatlı müəllim modelinin tətbiqinə 2027-ci ildən başlanılması nəzərdə tutulur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə bu model adambaşına maliyyələşmə sisteminə keçən məktəblərdə tətbiq olunacaq.

“Tamştatlı müəllimlərin seçimi üçün daha ətraflı meyarlar müəyyənləşdiriləcək. İlkin yanaşmaya əsasən, seçim zamanı sertifikatlaşdırmada yüksək nəticə göstərən, yeni iş rejimində çalışmağa maraq göstərən və tələb olunan peşəkar səriştələrə malik müəllimlərə üstünlük veriləcək”.

MÜTDA direktoru qeyd edib ki, hazırda bəzi yüksək nəticəli müəllimlərin məktəblərdə cəmi 6 və ya 12 saat dərs yükü ilə çalışması halları mövcuddur. Onun fikrincə, müəllimin məktəblə əlaqəsi yalnız dərs saatları ilə məhdudlaşmamalıdır.

E.Bağırov onu da vurğulayıb ki, tamştatlı müəllim dərslə yanaşı, şagirdlərin nəticələrinin qiymətləndirilməsi və təhlili, zəif nəticə göstərən şagirdlərlə əlavə iş və valideynlərlə ünsiyyət kimi fəaliyyətlərə də daha çox vaxt ayırmalıdır.