Təcrübəli müəllimlər də könüllülük fəaliyyətinə cəlb oluna bilər - Millət vəkili
“Könüllülük insana çox şey qazandırır: təcrübə, bacarıqlar, yeni dostlar, əlaqələr və şəbəkə. Bunların hamısının gələcəkdə sizin üçün çox böyük əhəmiyyəti olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “10 il birlikdə” adlı yubiley tədbirində səsləndirib.
O, təcrübəli müəllimləri də könüllülük fəaliyyətinə cəlb etmək təklifini irəli sürüb: “Könüllülük, əsasən, gənclər arasında geniş yayılıb və bu, tamamilə başadüşüləndir, çünki gənclər bizim gələcəyimizdir, ölkənin bu günü və sabahıdır. Amma biz yaşlı insanları, xüsusilə təqaüdə çıxmış müəllimləri də unutmamalıyıq. Dünyada bu sahədə uğurlu təcrübələr var. Hesab edirəm ki, orta təhsil müəssisələrində çalışmış, təcrübəli müəllimləri də müəyyən formada könüllülük proqramlarına cəlb etsək, bu, həm onlar üçün həyat eşqi və motivasiya olar, həm də gənclərin və gənc müəllimlərin formalaşmasına çox böyük töhfə verər. Belə bir təşəbbüs irəli sürülərsə, biz də bunu məmnuniyyətlə dəstəkləyərik”, – deyə millət vəkili bildirib.


