Təhsil Azərbaycan və Böyük Britaniya münasibətlərinin ən güclü sütunlarındandır – Səfir
Təhsil Azərbaycan və Böyük Britaniya münasibətlərinin ən güclü sütunlarından biridir.
"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən mətbuat konfransında bildirib.
“Bu il Azərbaycanın xaricdə gənclərin təhsili üzrə dövlət proqramı çərçivəsində Böyük Britaniyada təhsil almağı seçən tələbələrin 61 faizi dünya səviyyəli təhsil imkanlarımızdan yararlanıb.
Böyük Britaniya hökuməti bu təqaüdlərin əldə edilməsi üçün müraciət edilə bilən "Chevening" proqramını maliyyələşdirir. Biz müsbət dəyişikliklərə can atan istedadlı azərbaycanlı vətəndaşları dəstəkləyirik və onları müraciət etməyə çağırırıq”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, bərabərlik və inklüzivlik davamlı inkişaf üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Böyük Britaniya hökumət və yerli tərəfdaşlarla birlikdə qadınların iqtisadi imkanlarının genişləndirilməsini dəstəkləməyə davam edir.
“Böyük Britaniya təhsil və elm sahəsində əməkdaşlığı inkişaf etdirərək, süni intellektə və rəqəmsal transformasiyaya investisiya qoyaraq, gələcəyin bacarıqlarını və iş yerlərini formalaşdıraraq bu əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyir”, – deyə diplomat bildirib.




