Təhsil xidmətləri ilə bağlı statistika AÇIQLANDI
Təhsil xidmətləri ilə bağlı statistik məlumatlar açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı məlumat verib.
Məlumatda bildirilir ki, məktəb seçimi, qeydiyyat, şagird yerdəyişməsi və digər xidmətlərin elektron platformalar üzərindən həyata keçirilməsi proseslərin daha çevik və əlçatan təşkilinə imkan yaradır:
"2026–2027-ci tədris ili üzrə qəbul və qeydiyyat mərhələləri davam etdiyi bir dövrdə bu xidmətlərdən istifadə edən vətəndaşların sayı, yerləşdirilən sorğuların, həyata keçirilən bir sıra proseslərin statistikası elektron xidmətlərin əhatə dairəsini və tətbiq miqyasını aydın şəkildə nümayiş etdirir.
Həyata keçirilən bir sıra elektron xidmətlərlə bağlı statistik məlumatları aşağıda sizinlə də bölüşürəm:
Mayın 6-dan başlanılan 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə elektron qəbulu prosesi.
Hazırda mektebeqebul.edu.az portalı vasitəsilə ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və tədrisi digər dillərdə aparılan bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır. 121 909 nəfər birinci sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb.
10 iyul tarixindən start verilən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların elektron qeydiyyatı.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 22 iyul tarixində aktiv edilib. Hazırkı statistikaya əsasən deyə bilərəm ki, 58 943 nəfər məktəbəhazırlıq qruplarına sorğu yerləşdirib.
Avqustun 20-də başlayan 2026-2027-ci tədris ili üzrə şagird yerdəyişməsi prosesi.
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Şagirdlərin yerdəyişməsi ilə bağlı isə bu günə qədər 29 482 elektron sorğu yaradılıb".
Həmçinin qeyd olunub ki, attestatların elektron formada rəsmiləşdirilməsi istiqamətində də mühüm nəticələr əldə olunub: "Bu günədək 300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib.
Bununla yanaşı, qeyd edim ki, iyulun 7-dən start verilən 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi my.gov.az portalı vasitəsilə həyata keçirilib. 44 335 uşaq bağçalara qəbul olunub.
Yeni tədris ilinə hazırlıq çərçivəsində təhsilin bütün iştirakçılarına uğurlar arzulayır, davam edən proseslərdə valideynlərin müəyyən edilmiş müddətləri nəzərə almalarını və tələb olunan prosedurları vaxtında tamamlamalarını tövsiyə edirik".




