“Təhsilalanların hüquq bələdçisi” layihəsi keçirilib
25-26 may tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında “Təhsilalanların hüquq bələdçisi” layihəsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin əsas məqsədi gənc nəslin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir.
Layihə çərçivəsində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları arasında “İnsan alveri”, “Bullinq və ictimai təzyiq”, “Kiber təhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Erkən nikahların hüquqi və sosial aspektləri” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib. Sözügedən tədbirlərdə 200 nəfərdən artıq təhsilalan iştirak edib.
Məlumat üçün qeyd edək ki, növbəti mərhələdə layihənin ümumi təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub.




