Təhsildə ictimai iştirakçılıq: ortaq məsuliyyət və inkişafın vacib şərti
Təhsil yalnız məktəblərdə və ya aidiyyəti qurumlarda həyata keçirilən proses deyil. Təhsil bütövlükdə cəmiyyətin gələcəyini formalaşdıran strateji sahədir və onun inkişafı dövlət, vətəndaş cəmiyyəti, müəllimlər, valideynlər və ictimaiyyət arasında əməkdaşlıq tələb edir. Məhz buna görə də son illər təhsil sahəsində ictimai iştirakçılığın genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu gün dünyada uğurlu təhsil sistemlərinin təcrübəsinə nəzər saldıqda görürük ki, ən effektiv nəticələr yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, eyni zamanda cəmiyyətin proseslərə fəal cəlb olunması ilə əldə edilir. Təhsillə bağlı qərarların hazırlanması və həyata keçirilməsi zamanı müəllimlərin, valideynlərin, ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinin nəzərə alınması daha dayanıqlı və real nəticələr verir.
İctimai şuralar bu baxımdan mühüm missiya daşıyır. Onlar dövlət qurumları ilə vətəndaşlar arasında dialoqun qurulmasına, ictimai rəyin öyrənilməsinə və müxtəlif təkliflərin müvafiq qurumlara çatdırılmasına xidmət edir. Eyni zamanda, ictimai şuralar şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və ictimai etimadın formalaşdırılması istiqamətində vacib rol oynayır.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi kimi fəaliyyətim dövründə müxtəlif bölgələrdə müəllimlərlə, məktəb rəhbərləri ilə, valideynlərlə və gənclərlə keçirilən görüşlərdə bir məqamı daha aydın müşahidə etmişəm: insanlar qərarların müzakirəsində iştirak etdikdə həmin qərarlara münasibət də dəyişir. Dinlənildiyini hiss edən vətəndaş daha fəal olur, təklif verməyə və məsuliyyət paylaşmağa çalışır. Bu isə təhsil mühitində sağlam əməkdaşlıq atmosferi yaradır.
Korrupsiyaya qarşı mübarizə sahəsində də ictimai iştirakçılığın rolu danılmazdır. Açıq müzakirələr, ictimai nəzarət, vətəndaş müraciətlərinin operativ qiymətləndirilməsi və maarifləndirmə tədbirləri şəffaf idarəetmənin vacib elementləridir. Təhsil kimi geniş və həssas bir sahədə ictimai nəzarətin gücləndirilməsi həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də ictimai etimadın möhkəmlənməsinə töhfə verir.
Xüsusilə müəllimlərin bu proseslərdə fəal iştirakı böyük əhəmiyyət daşıyır. Çünki müəllimlər təhsil sisteminin mərkəzində dayanır və sahədə baş verən dəyişiklikləri ən yaxından müşahidə edən tərəflərdən biridir. Onların təklif və təşəbbüsləri təhsil siyasətinin təkmilləşdirilməsində mühüm rol oynaya bilər.
Düşünürəm ki, qarşıdakı illərdə ictimai şuraların fəaliyyət imkanlarının daha da genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın dərinləşdirilməsi və ictimai iştirakçılığın yeni mexanizmlərinin tətbiqi təhsil sahəsində müsbət nəticələrin əldə olunmasına xidmət edəcək. Bu əməkdaşlıq modeli yalnız problemlərin həllinə deyil, həm də daha keyfiyyətli, şəffaf və insan yönümlü təhsil sisteminin formalaşmasına imkan yaradır.
Təhsilin inkişafı hamımızın ortaq məsuliyyətidir. Bu inkişaf yolunda dövlət qurumları, müəllimlər, valideynlər, ictimai təşkilatlar və vətəndaşlar birgə fəaliyyət göstərdikdə əldə olunan nəticələr daha davamlı və daha uğurlu olur.
Günay Əkbərova,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi




