Təhsilin keyfiyyətinin yüksəldilməsi həkimlərin hazırlığının əsas istiqamətlərindəndir” - Nazir müavini
"Müasir səhiyyənin inkişafında infrastruktur və texnologiyalarla yanaşı, ixtisaslı kadr potensialının və tibb mütəxəssislərinin biliklərinin daim artırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, belə elmi-praktik konfransların keçirilməsi, əldə olunan təcrübənin paylaşılması və qabaqcıl tibbi yanaşmaların öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir".
"Azərbaycan müəllimi“ xəbər verir ki, bu fikirləri “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın açılış mərasimində çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov deyib.
Nazir müavini bildirib ki, bu tədbir, eyni zamanda, Naxçıvan Dövlət Universiteti ilə səhiyyə sahəsi arasında formalaşmış səmərəli əməkdaşlığın növbəti nümunəsidir: "Burada təhsilin keyfiyyətinin yüksəldilməsi və gələcək həkimlərin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.
Nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi gələcək həkimlərin peşəkar hazırlığında mühüm rol oynayır. Bununla yanaşı, təlim və praktiki məşğələlərin iştirakı ilə gələcək mütəxəssislərin hazırlanmasına, müxtəlif tibbi prosedurların və digər endoskopik müayinələrin keçirilməsinə imkan yaradılır. Belə imkanların gələcəkdə daha da genişləndirilməsi səhiyyə üçün hazırlıqlı və peşəkar kadrların yetişdirilməsinə mühüm təsir edəcəkdir".
Rəşadət Nabatov bildirib ki, konfrans çərçivəsində müxtəlif şəhərlərdən gələn mütəxəssislər tərəfindən pasiyent qəbullarının həyata keçirilməsi tədbirin praktik əhəmiyyətini daha da artıracaq: "Hesab edirəm ki, konfrans çərçivəsində təqdim olunacaq mövzular, aparılacaq elmi müzakirələr və təcrübə mübadiləsi gələcək fəaliyyət üçün yeni imkanlar yaradacaq, müasir yanaşmaların tətbiqinə və göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verəcək.
Keçirilən beynəlxalq tədbirlər və elmi konfranslar səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə, mütəxəssislər arasında təcrübə mübadiləsinin gücləndirilməsinə və ümumi məqsədlərə nail olunmasına xidmət edir".




