Tələbə ilə əmək müqaviləsi o zaman bağlanacaq ki… – Detallar açıqlandı

19 Yanvar, 2026 - 15:45
Tələbə ilə əmək müqaviləsi o zaman bağlanacaq ki…

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əmək Məcəlləsində dəyişikliklər təhsilalanların və əcnəbilərin əmək münasibətlərinə yeni imkanlar gətirir. Yeni Qanuna əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda onlarla əmək müqavilələri bağlanacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, təcrübə zamanı tələbələrlə əmək müqaviləsinin bağlanması onlara ödənişin edilməsi imkanı yaradacaq: “Əmək Məcəlləsinə edilən dəyişikliklərin bütövlükdə məqsədi və mahiyyəti beynəlxalq prinsip və standartlara uyğun olaraq, işçilərin əmək hüquqlarının daha yaxından qorunması, eyni zamanda işçi və işəgötürən arasında münasibətlərin daha da yaxşılaşdırılması və sivil münasibətlərin formalaşması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsidir. Bu baxımdan yeni dəyişikliklərdə Beynəlxalq Əmək Təşkilatının tövsiyələrindən istifadə olunub. Bu da onu göstərir ki, əmək qanunvericiliyinin bu kontekstdə beynəlxalq praktikaya uyğunlaşdırılması ilə bağlı işlər daha da sürətlənib.

Təhsilalanlar əksər universitetlərdə məcburi təcrübələr keçirlər, bəzi hallarda da könüllü olaraq, məsələn, yay tətilində təcrübə keçməyə üstünlük verirlər. Dəyişikliyə əsasən, təhsil alan şəxslərin istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda əmək müqaviləsinin bağlanmasına icazə veriləcək. Bu o deməkdir ki, tələbələr yeni qaydalara əsasən, artıq əmək müqaviləsi bağlamaqla əmək fəaliyyətinə malik ola biləcəklər. Çünki əvvəlki qaydalarda tələbələrlə əmək müqaviləsinin bağlanmasına icazə verilmirdi, amma yeni dəyişikliklər imkan verəcək. Bu da təbii ki, tələbələrə ödənişin edilməsi imkanı yaradacaq”.

Millət vəkilinin sözlərinə görə, bu qanun həm dövlət, həm də özəl qurumlar üçün keçərlidir: “Dövlət və özəl qurumlarda bu tip müqavilələrin bağlanması mümkün olacaq, mexanizm eynidir. Əməkhaqqının müəyyənləşdirilməsi isə işəgötürən və işçi, yəni təcrübə keçən şəxs arasında bağlanmış müqavilə vasitəsilə həyata keçiriləcək. Bu o hallarda baş verəcək ki, işəgötürən təcrübə keçən şəxsi işə götürməkdə maraqlı olacaq və ya təcrübə keçdiyi müddətdə həmin tələbəyə ödəniş etmək istəyəcək: “Təcrübə keçən şəxs praktik olaraq məhz həmin iş yerinə töhfə verir. Töhfə verdiyi üçün də bunun rəsmiləşməsi əmək müqaviləsi vasitəsilə əməkhaqqının ödənilməsi ilə həyata keçiriləcək”.

Qeyd edək ki, istehsalat təcrübəsi tələbənin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, dərinləşdirmək və onları praktiki bacarıqlarla tamamlamaq məqsədilə təhsil müəssisəsindən kənardakı təcrübə bazasında təşkil edilən təcrübədir. İstehsalat təcrübəsi tələbənin müraciəti əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkələrdə də keçirilə bilər və bu zaman təcrübə keçməyə nəzarət mexanizmi təhsil müəssisəsi tərəfindən müəyyən edilir.