Təmayül tədris modelinə keçən məktəblərin nəticələri müsbət mənada fərqlənir – Eşqi Bağırov
Daha 90 məktəbdə təmayül tədris modeli tətbiq ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib.
Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq olunan məktəblərin nəticələri əvvəlki illərin göstəriciləri, eləcə də yerləşdikləri şəhər və rayonların ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə edildikdə müsbət mənada fərqlənir.
“Əldə olunan nəticələr və müsbət dəyişikliklər nəzərə alınaraq layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar verilib.
Qısa müddət ərzində daha 90 məktəbin layihəyə qoşulması qərarlaşdırılıb. Bundan əlavə, 16 minə yaxın valideyn müraciəti qeydə alınıb. Artıq həmin məktəblərdə tədris prosesinə də start vermişik”, - deyə E.Bağırov qeyd edib.
Agentlik rəsmisi onu da vurğulayıb ki, növbəti tədris ilinin sonunda həmin məktəblərdə də yüksək nəticələrin qeydə alınacağı gözlənilir.




