Teymur Musayev: “Yüksəliş” müsabiqəsi gələcəyə yatırılan sərmayədir

17 İyul, 2026 - 16:00
Teymur Musayev: “Yüksəliş” müsabiqəsi gələcəyə yatırılan sərmayədir

““Yüksəliş” müsabiqəsi ölkədə insan kapitalının inkişafına, bilikli və peşəkar rəhbər kadrların yetişdirilməsinə mühüm töhfə verir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsinin təsis edilməsinə dair Prezident tərəfindən imzalanmış sərəncam dövlətimizin insan kapitalının inkişafına, elmə və biliyə verdiyi strateji əhəmiyyətin parlaq təzahürüdür:

“Ötən illər ərzində müsabiqəyə göstərilən marağın davamlı artması bir daha sübut edir ki, bilikli, təşəbbüskar və məsuliyyətli rəhbər kadrların yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. “Yüksəliş” sadəcə bir müsabiqə deyil, bu, gələcəyə yatırılan sərmayədir. Hər bir ölkənin ən böyük sərvəti onun insan potensialıdır. İstedad, bilik və davamlı inkişaf istənilən uğurlu dövlətin əsas dayaqlarıdır. Güclü dövlət yalnız infrastruktur və resurslar üzərində deyil, hər şeydən əvvəl bilik üzərində qurulur. İnsan kapitalına qoyulan sərmayə hər zaman ən yüksək nəticə verən sərmayədir. Bu gün innovasiyanın, rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi dünyada davamlı öyrənmək və dəyişikliklərə uyğunlaşmaq ən vacib bacarıqlardan birinə çevrilib”.

Nazir bildirib ki, karyera inkişafı təkcə vəzifə yüksəlişi deyil, həm də ömürboyu öyrənmək və daim özünü təkmilləşdirmək bacarığıdır:

““Yüksəliş”müsabiqəsi biliklərin sınandığı, fikir mübadiləsinin aparıldığı və gələcəyin rəhbər şəxslərinin formalaşdığı sağlam rəqabət mühiti yaradır. Bu platforma hər bir iştirakçını öz potensialını reallaşdırmağa həvəsləndirir. Bu gün burada iştirak edən finalçıların hər biri artıq qalibdir. Çünki müsabiqədə iştirakınız mükəmməlliyə olan sadiqliyinizi nümayiş etdirir. Bugünkü nəticələrdən asılı olmayaraq, qarşılaşdığınız hər bir çətinlik və qazandığınız hər yeni təcrübə peşəkar inkişaf yolunuza mühüm töhfə verəcək. Həqiqi uğur yalnız qalib gəlməklə deyil, həm də özünü davamlı inkişaf etdirmək əzmi ilə ölçülür. Fürsətdən istifadə edərək müsabiqənin Təşkilat Komitəsinə, İşçi Qrupunun üzvlərinə və mentorlara səmimi təşəkkürümü bildirirəm. Sizin yorulmaz səyləriniz ölkəmizdə peşəkarlıq mədəniyyətinin inkişafına mühüm dəstək verir”.

T.Musayev qeyd edib ki, rəhbər olmaq yalnız bu günü idarə etmək deyil, həm də sabahı formalaşdırmaq məsuliyyətidir:
“Bizim vəzifəmiz gələcəyin rəhbərlərini yetişdirəcək imkanlar yaratmaq, istedadlı insanlara dəstək olmaq və onların potensialını üzə çıxarmaqdır. Güclü gələcək yalnız güclü insanlar hesabına qurulur. Əminəm ki, “Yüksəliş” müsabiqəsi bundan sonra da yeni ideyaların, əməkdaşlıqların və uğur hekayələrinin yaranmasına töhfə verəcək, hər bir iştirakçını daha böyük hədəflərə doğru ruhlandıracaq”.