Torpaq çərşənbəsi-həyatın və bərəkətin başlanğıcı

17 Mart, 2026 - 09:05
Torpaq çərşənbəsi-həyatın və bərəkətin başlanğıcı

Qışın soyuq nəfəsi yavaş-yavaş çəkildikcə təbiət yeni bir həyatın astanasına qədəm qoyur. Bu oyanışın ən gözəl müjdəçisi isə xalqımızın böyük sevgi ilə qeyd etdiyi Torpaq çərşənbəsidir. 

Xalq arasında bu çərşənbəyə “İlaxır çərşənbə”, “Çərşənbə-suri”,“Yer çərşənbəsi” də deyilir. Torpaq çərşənbəsində torpağa istilik gəlir, otlar cücərir, ağaclar tumurcuqlayır, bütövlükdə  təbiət oyanmağa başlayır ki, bu da baharın gəlişindən soraq verir.Torpaq çərşənbəsi həyatın, bərəkətin və yenilənmənin rəmzidir. 

Çərşənbələrin sultanı hesab edilən Torpaq çərşənbəsinin qədimdən özünəməxsus adət-ənənələri olub və bu günədək yaşamaqdadır.    

Əvvəlcədən ev-eşik təmizlənir, bayram tədarükü görülür. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən plov süzülür, paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı, səməni halvası hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvü üçün şam, əl-alvan rənglərə  boyadılmış yumurtalar qoyulur. Yeddi növ nemətlərlə bəzənmiş süfrə ailə üzvlərini bir araya gətirir, sevinc və birlik hissini daha da gücləndirir.

Xüsusilə İlaxır çərşənbədə axşam şənlikləri daha möhtəşəm olur və xalqımız onu  hər il təntənəli şəkildə qeyd edir.Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan ən gözəl diləklərin hamısı hasil olur.Odur ki, hər kəs öz ailəsində könül açan sözlər danışaraq dava-dalaş etməz ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönsün.

Axşam düşəndə həyətlərdə tonqallar alovlanır. İnsanlar tonqalın üzərindən atlanaraq “ağırlığım-uğurluğum odda yansın” deyərək köhnə ilin bütün dərd-kədərini geridə qoymağa çalışırlar.Uşaqlar qapılara papaq atır, gənclər qulaq falına çıxır, küsülülər barışır.Bu ənənələr xalqımızın əsrlər boyu qoruyub saxladığı mədəni irsin bir parçasıdır.

Qoy ailələrimizdə birlik, yurdumuzda sülh və əmin-amanlıq hökm sürsün, torpağımız həmişə bərəkətli, səmalarmız aydın, ürəklərimiz ümidlə dolu olsun!