Türkiyədə laqeyd valideynlər məsuliyyətə cəlb edilə bilərlər
Türkiyədə uşaq və yeniyetmələrin müxtəlif zərərli vərdişlərdən asılılıq problemlərinin müalicəsi ilə bağlı tələblərə əməl etməyən valideynlərin məsuliyyətə cəlb olunması təklif edilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş NTV telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, hazırlanmış yeni qanun layihəsinin əsas məqsədi uşaqları cəzalandırmaq deyil, risk altında olan uşaqları erkən mərhələdə müəyyənləşdirmək, vaxtında müdaxilə etmək və onların yenidən cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Nazir bildirib ki, layihəyə əsasən, müxtəlif asılılıqlardan əziyyət çəkən və özünə və ya ətrafdakılara təhlükə yaradan 18 yaşadək şəxslər zəruri hallarda valideynlərin razılığı olmadan məcburi müalicəyə cəlb oluna biləcəklər.
Qanun layihəsində uşaqlarla bağlı qoruyucu və profilaktik tədbirlərin vahid sistem üzrə həyata keçirilməsi də nəzərdə tutulur. Yerli səviyyədə yaradılacaq komissiyalar hər bir uşağın vəziyyətini ayrıca izləyəcək, aidiyyəti dövlət qurumları isə məlumat mübadiləsini koordinasiyalı şəkildə həyata keçirəcəklər. Eyni zamanda, hazırlanacaq sosial qiymətləndirmə hesabatlarında uşağın ailə mühiti, məktəb həyatı və sosial çevrəsi də nəzərə alınacaq.
Mahinur Özdəmir Göktaş qeyd edib ki, bəzi hallarda valideynlər uşaqlarının vəziyyətinə laqeyd yanaşır və ya məhkəmənin müəyyən etdiyi qoruyucu tədbirlərin icrasına mane olurlar. Bu səbəbdən layihədə belə valideynlər üçün 3 gündən 10 günədək məcburi həbs, həmçinin digər hüquqi məsuliyyət tədbirlərinin tətbiqi təklif edilir.
Nazir əlavə edib ki, hökumət uşaqların rəqəmsal təhlükəsizliyi istiqamətində də yeni qaydalar hazırlayır. Layihəyə əsasən, 15 yaşadək uşaqlar və 15-18 yaş qrupu üçün sosial media platformalarında fərqli yaş məhdudiyyətləri və məzmun tələbləri tətbiq olunacaq. Müvafiq qaydaların bu ilin oktyabr ayında qüvvəyə minməsi planlaşdırılır.




