Türkiyədəki səfirliyimizin nümayəndələri azərbaycanlı professoru ziyarət ediblər

29 İyul, 2026 - 19:54
Türkiyədəki səfirliyimizin nümayəndələri azərbaycanlı professoru ziyarət ediblər

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli və təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov dəyərli azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Əmirullah Məmmədovu 80 illik yubileyi münasibətilə Ankaradakı iş ofisində ziyarət edərək onu Səfirlik adından təbrik ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı professor Əmirullah Məmmədovun dünya elminə verdiyi mühüm töhfələr, Azərbaycan-Türkiyə elm və ali təhsil əməkdaşlığının inkişafında göstərdiyi xidmətlər, eləcə də Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) təsisçisi və rəhbəri kimi xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin bir araya gətirilməsi və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Professor Əmirullah Məmmədova möhkəm cansağlığı, uzun ömür və elmi-ictimai fəaliyyətində yeni uğurlar arzulanıb. O, göstərilən diqqət və səmimi təbrikə görə minnətdarlığını ifadə edib.

Görüşün sonunda yubilyara xatirə hədiyyəsi və Səfirlik adından təbrik məktubu təqdim olunub, xatirə şəkli çəkdirilib.