“Uğur qazanmaq istəyən ilk növbədə özünə inanmalıdır” - “Birincilər birincisi”

18 May, 2026 - 09:43
“Uğur qazanmaq istəyən ilk növbədə özünə inanmalıdır”

Respublika fənn olimpiadalarının (RFO) qaliblərindən biri də istedadlı şagird Malik Ələkbərzadədir. O, 2025–2026-cı tədris ili üzrə RFO-da coğrafiya fənnindən ən yüksək bal toplayaraq “Birincilər birincisi” adına layiq görülüb.
"Azərbaycan müəllimi" qəzeti Malik Ələkbərzadə ilə həmsöhbət olub.

Malik Ələkbərzadə Neftçala şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdidir. O, təhsil həyatı boyunca coğrafiya və riyaziyyat fənlərinə daha çox maraq göstərib. Müxtəlif bilik yarışları və olimpiadalarda iştirak edərək biliyini inkişaf etdirməyə səy göstərib. Malik bildirir ki, qazandığı uğurlarda müəllimlərinin dəstəyi və ailəsinin ona olan inamı mühüm rol oynayıb.

2025–2026-cı tədris ilində Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə ən yüksək bal toplayaraq “Birincilər birincisi” adına layiq görülən Malik bu nəticəni həyatının ən qürurverici uğurlarından biri hesab edir. Onun sözlərinə görə, coğrafiya fənninə olan marağı müəllimi Elman Babaşov yaradıb. Müəllimi ona bu fənni sevdirib, daim motivasiya verib və yarışlara yüksək səviyyədə hazırlaşdırıb. Malik isə öz növbəsində hər zaman qalib olacağına inanıb və məhz bu inamın onu uğura apardığını deyir.

Malikin uğurları bununla kifayətlənmir. O, 2023–2024-cü tədris ilində coğrafiya fənni üzrə RFO-da gümüş medal, 2024–2025-ci tədris ilində isə qızıl medal qazanıb. Bundan əlavə, 7-ci sinifdə Respublika Fənn Müsabiqəsinin (RFM) riyaziyyat fənni üzrə final mərhələsində iştirak edib. 9-cu sinif buraxılış imtahanında isə 290-dan çox bal toplayıb. Bu nailiyyətlər onun gələcək hədəflərinə daha böyük inamla addımlamasına stimul verir.

Gələcəkdə maliyyə ixtisası üzrə təhsil almaq istəyən Malik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün daim çalışdığını və öz üzərində işlədiyini bildirir. Onun fikrincə, insan uğur qazanmaq istəyirsə, ilk növbədə özünə inanmalıdır. Əzmkarlıq, zəhmət və düzgün istiqamətləndirmə insanı zirvəyə aparan əsas amillərdəndir.

Sonda Malik bütün şagirdlərə müraciət edərək heç vaxt təslim olmamağı tövsiyə edir:

“Qarşıya çıxan çətinliklər insanı ruhdan salmamalıdır. İnam və zəhmət olduğu müddətdə uğur əldə etmək mümkündür. Hər bir uğurun arxasında böyük əmək dayanır və çalışan insan gec-tez öz məqsədinə çatır”.